İnsanlara hürriyət, millətlərə istiqlal!

143 milyonluq oğurluq işində 5 şahid yenidən dindiriləcək

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Nizami Məmmədovla birgə müttəhimlər kürsüsünə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.

Prosesdə 5 şahidin təkrar dindirilməsi barədə qərar qəbul olunub.

Hakim bildirib ki, həmin şahidlər əvvəlki iclasda dindiriliblər, amma onların həmin dövrdən sonra dövlətə dəymiş ziyanın ödənilməsinin nə yerdə olmasını müəyyən etmək üçün təkrar məhkəməyə çağırılmaları istənilib.

Həmin şahidlərdən biri Emin Poladovdur. O, 2015-2020-ci illərdə Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Baş Klinik Hərbi Hospitalda və son olaraq “N” saylı hərbi-hissədə maliyyə xidmətinin rəisi olub. Emin Poladov hazırda ehtiyatda olan zabitdir.

Məhkəmədə təkrar ifadə verən E.Poladov bildirib ki, onun tərəfindən dövlətə vurulan ziyan 2 milyon 621 manatdır. İstintaq zamanı 525 min manat ziyan ödəyib.

Məhkəmədə məlum olub ki, Emin Poladov bundan əvvəl məhkəmədə dindirilən zaman ziyanın ödənilməsi ilə bağlı söz versə də, ödəniş etməyib. Onun diqqətinə çatdırılıb ki, ziyanı ödəməyən şahidlər istintaq orqanına dəvət olunur, barələrində qətimkan tədbiri seçilir.

Suallara cavab verən Emin Poladov deyib ki, yaxın zamanlarda ziyanın ödənilməsi üçün çalışır.

Digər təkrar dəvət olunan şahid Elşən Salamov bildirib ki, hazırda “N” saylı hərbi hissədə Maliyyə Xidmətinin bölmə rəisi işləyir. İstintaq zamanı 261 min manat ödəniş edib, amma ondan sonra ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib.

Məhkəmədə məlum olub ki, Elşən Salamov dövlətə 1 milyon 573 manat ziyan vurub. Hər iki şahidə dövlətə dəymiş ziyanın ödəmələri məsləhət görülüb. Əks halda onların barəsində sərt tədbir görüləcək.

Hakim Fikrət Əliyev deyib ki, prosesdə 5 şahiddən ikisi iştirak edir, digər 3 şahidin isə növbəti iclasda dindirilməsi təmin olunacaq.

Vəkil Rəşad Mirmehdizadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Namiq Poladovun dindirilməsini ilə bağlı geniş vəsatəti olacağını bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Növbəti proses iyunun 7-də davam edəcək.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR