İnsanlara hürriyət, millətlərə istiqlal!

1006 nəfərin layiq görüldüyü ən yüksək fəxri ad – onların ən gənci Müslüm Maqomayev və Həlimə Nəsirova olub  

 

1936-cı ilin avqust ayında Kremldə elm, təhsil, mədəniyyət və incəsənət nümayəndələri ilə keçirilən yığıncaqda müzakirə olunan məsələlərdən biri də teatr, musiqi, kino sahəsində xüsusi xidmətləri olanlara ittifaq miqyaslı fəxri adların verilməsi məsələsi də müzakirəyə çıxarılıb. İosif Stalinin də iştirak etdiyi yığıncaqda qərara alınıb ki, incəsənət nümayəndələri üçün “SSRİ xalq artisti” adı təsis edilsin. Yığıncaq bununla bağlı yekdil qərar qəbul edib.

Beləliklə, 6 sentyabr 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 47 nömrəli fərmanı ilə “SSRİ xalq artisti” adı təsis edilib və  sovet dövründə bu ad incəsənət xadimlərinə verilən ən yüksək ad sayılıb.

Fəxri adın əsasnaməsində aşağıdakı bəndlər qeyd olunub:

  1. “SSRİ xalq artisti” fəxri adı sovet teatrının, musiqisinin, kinosunun, sirkinin, televiziya və ya radio yayımının inkişafında xüsusi xidmətləri olan ən görkəmli sənətkarlara verilir.
  2. “SSRİ xalq artisti” fəxri adı SSRİ Mədəniyyət Nazirliyinin, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin, SSRİ Kinematoqrafçılar İttifaqının idarə heyətinin, SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, SSRİ Bəstəkarlar İttifaqının təqdimatı ilə verilir.
  3. Mükafat SSRİ Ali Soveti Rəyasət Heyətinin şəhadətnaməsindən, döş nişanından və vəsiqədən ibarətdir.

Döş nişanı dördkünc formada hazırlanıb. Onun üzərində “SSRİ xalq artisti” sözləri, aşağı hissədə isə oraq-çəkic təsviri əks edilib.

“SSRİ xalq artisti” fəxri adı ilk dəfə 1936-cı ilin sentyabrın 6-da 13 nəfərə təqdim olunub.

İlk azərbaycanlılar  bu ada 1938-ci ildə layiq görülüblər. Belə ki, həmin il cəmi 5 nəfərə “SSRİ xalq artisti” fəxri adı verilib ki, onlardan üçü azərbaycanlı – Azərbaycanın Dövlət Himninin musiqisinin müəllifi, bəstəkar və ictimai xadim Üzeyir Hacıbəyli, Azərbaycan professional vokal sənətinin banisi Bülbül (Murtuza Məmmədov), Azərbaycanın ilk peşəkar qadın müğənnisi Şövkət Məmmədova olub.

Fəxri adın ən gənc sahibi Həlimə Nəsirova olub. Özbəkistanın opera müğənnisi bu adı 1937-ci ildə, 24 yaşında alıb. Qeyd edək ki, Həlimə Nəsirova ilk musiqi təhsilini Bakıda, Teatr Texnikumunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) alıb. Xalq artisti öz xatirələrində bu faktı xüsusilə vurğulayıb:

“Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı - gözəl Bakıda öyrənmişəm...”

Kişilər arasında isə “SSRİ xalq artisti” fəxri adını ən gənc yaşında Müslüm Maqomayev qazanıb. Görkəmli opera və estrada müğənnisi bu ada 1973-cü ildə, 31 yaşında layiq görülüb.

Müharibə illərində “SSRİ xalq artisti” fəxri adının verilməsi məhdudlaşdırılıb. Belə ki, bu illər ərzində cəmi 74 nəfər incəsənət nümayəndəsinə ad verilib. 1942-ci ildə isə bir nəfər olsun belə bu ada layiq görülməyib.

Fəxri adın ən yaşlı sahibi bəstəkar Stanislav Lyudkeviç olub. 100 il yaşayan ukraynalı bəstəkar 1969-cu ildə, 90 yaşında yüksək fəxri adla mükafatlandırılıb. Ümumiyyətlə, 18 nəfər incəsənət nümayəndəsi “SSRİ xalq artisti” fəxri adını 80 yaşından sonra alıblar.

“SSRİ xalq artisti” fəxri adını almaq proseduru uzun yollardan, mərhələlərdən keçib. Xüsusilə, müttəfiq respublikalardan, diyar və vilayətlərdən təqdim olunanların işi daha uzanıb. Aktyor və estrada müğənnisi Mark Bernesin fəxri ad ala bilməməsinə səbəb də məhz bu süründürməçilik olub. Onun təqdimatı SSRİ Ali Soveti Rəyasət Heyətinə qədər gedib çatıb. Təqdimata müsbət rəy də verilib. Fərman hazırlanaraq imzaya göndərilib. Ancaq həmin  gün aktyor vəfat etdiyindən fərmana imza atmayıblar. Fəxri adın verilməsinin gecikdirilməsi ilə bağlı bu cür faktlar bir neçə dəfə olub.

“SSRİ xalq artisti” fəxri adının verilməsi ilə bağlı son fərman 20 dekabr 1991-ci ildə imzalanıb. Bu fərmanla 11 nəfər fəxri ada layiq görülüb. Onların arasında estrada müğənnisi Alla Puqaçova da olub.

“SSRİ xalq artisti” fəxri adını alan sonuncu azərbaycanlı isə kinorejissor, ssenarist, aktyor və pedaqoq Əjdər İbrahimov olub. O, bu ada 1991-ci ilin noyabr ayının 28-də layiq görülüb. Qeyd edək ki, Aşqabadda anadan olan Əjdər İbrahimov “26-lar”, “Ulduzlar sönmür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi”, “Qəribə adam”, “Ürək məsələləri”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərin rejissoru olub. Məşhur “Qayınana” filmi isə Əjdər İbrahimovun ssenarisi əsasında çəkilib.

İncəsənət xadimlərinə “SSRİ xalq artisti” fəxri adı 55 il ərzində (1936-1991 illər) verilib. Bu illər ərzində 1006 nəfər bu mükafata layiq görülüb.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Noyabr 2024

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR