Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un xəbərinə görə, Eldəniz Qulamovun vəkili Tural Kərimovun elektron məhkəməyə ərizə yerləşdirdiyi elan olunub.
Ərizədən məlum olub ki, vəkil Gəncə Ağır Cinayətlər Məhkəməsində başqa bir iclasda iştirak etdiyindən prosesin təxirə salınmasını xahiş edir.
Hakim bildirib ki, vəkilin iclasda iştirak etməməsi üzrlü hesab olunmur, bununla bağlı əvvəlcədən məlumat verilməli idi. Əlavə edib ki, vəkilin iclasda iştirak etməməsi səbəbindən hazırlıq iclası bir neçə dəfə təxirə salınıb:
"Növbəti iclasda vəkil iştirak etməsə, müvafiq tədbir görüləcək".
Xatırladaq ki, ötən prosesdə zərərçəkən qismində tanınan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Dədəkişi Vəlizadə vəsatətlə çıxış etmişdi.
Nümayəndə işdə Maliyyə Nazirliyinin zərərçəkən qismində tanınmasını istəyib:
"Məlumdur ki, qurumlara dövlət büdcəsindən vəsait Maliyyə Nazirliyi tərəfindən müvafiq işlərin görülməsi üçün ayrılır. Ayrılmış vəsait təyinatı üzrə xərclənməyib və dövlət büdcəsinə ziyan dəyib. Bu cinayət işinə görə ziyan həmin nazirliyə dəymiş hesab olunmalıdır. Sizdən xahiş edirəm ki, bu işdə zərərçəkən qismində Gənclər və İdman Nazirliyi deyil, Maliyyə Nazirliyi tanınsın".
Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatəti əsassız hesab edərək təmin olunmamasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib. Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
Növbəti məhkəmə iclası aprelin 9-da davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ