İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici şirkətlərin basabası

“Çalışqan dəvə zınqırovlu olar”

(Azərbaycan ata sözü)

Xəbər lentində gözümə başlıq dəydi: “Yaxın gələcəkdə Qarabağda çalışmaq istəyən xarici şirkətlərin qapımızda növbəsini görəcəyik”. Zahid müəllimin sözləriymiş. Deputat Zahid Orucun. Heç xəbərin içini açıb oxumadım. Zahid müəllim həm də hökumətin sosial tədqiqatlar mərkəzinin şefidir. Yəqin bildiyi bir şey vardır ki, belənçik söyləmişdir. Araşdırma aparıb, görüb xarici şirkətlər Qarabağa elə axışacaq, bəlkə Füzuli aeroportunun darvazası basabasdan yerindən çıxacaqdır.

Kor nə istər, iki göz, lap əla, təbrik edirik, qurban kəsirik, muştuluq veririk. Ancaq Zahid müəllim niyə hərdən respublikamızın işğal və daha sonra işğaldan azad edilmək qisməti yaşamayan ərazilərinə, yəni, qeyri-Qarabağ zonalarımıza da baxmır? O xarici şirkətlər niyə bizim bu torpaqlara da axın-axın gəlmirlər? Bunun sirri nədədir? (Ritorik sualdır).

Azərbaycan iqtisadiyyatında ancaq neft-qaz sektorunda bir-iki xarici şirkətin investisiyasını görə bilərik. Qalan nə varsa, özümüzün, daha doğrusu, yenə neft-qaz sektorumuzun hesabınadır. Xiyar-pomidor parniklərini çıxmaq şərtiylə, əslində elə bir sektor da yoxdur. Ayrı nə var ki, biz bilmirik? Hardadır o xarici şirkətlər?

Dünyada tanınan heç bir böyük maliyyə qurumunun, bank sektorunun Bakıda yerli şöbəsi, nümayəndəliyi yoxdur. Elə tək bu faktın özü xarici investorların bizim bazara maraq göstərmədiyinin sübutu deyilmi? Çünki o sektor şəffaflıq, korrupsiyadan uzaq fəaliyyət sevir. Əgər xarici bank qəzet oxusa, onlar isə şübhə eləməyin, oxuyurlar və görsə ki, beş-altı il qabaq burda “Texnikabank” adında bankı çekistlər tutub qışqırda-qışqırda söyublar, daha hara gəlirlər? Dəli-zaddırlar bəyəm?

Yalnız Türkiyədən beş-on şirkət gəlir, onlar da çox zaman fırıldaqçı elan olunur ya da işçilərin maaşını əkişdirib qaçırlar. “Barmek”in və “Şərq bazarı”nı tikən türk iş adamı Cem müəllimin ruhuna bir salavat zikr edək.

Ələtdə guya xariciləri maraqlandırmaq üçün nəsə azad bazar elan olundu, lakin ondan da bir şey çıxmadı. Ələtdən yovşandan başqa nə çıxa bilərdi ki?

Uzun sözün qısası, Zahid müəllim yaxşı olar Qarabağa gedəcək xarici şirkətlərin ağzını bir qədər də Qaradağa döndərsin, yoxsa millət işsizlikdən, bahalıqdan, pulsuzluqdan əziyyət çəkir.

Qarabağ demişkən, iki gün qabaq bir qrup zəhmətkeş hərbi prokuror Xanlar müəllimin istefası tələbiylə idarənin qənşərinə toplaşdılar, “İstefa” qışqırdılar. Lap AXC-Müsavat dövrünə oxşayırdı. İki nəfər mələfənin üzərinə “Hərbi prakrorun istefasını tələb edirik” yazmışdı. Ancaq Xanlar müəllim istefa vermədi, xalqa açıqlamasında böylə ərz etdi ki, onlar prokuror sözünü düz yazmayıbdır, ona görə işdən çıxmıram. Zarafat edirəm, deyir mən Tərtər işini təkrar istintaqa qaytaran adamam, mən olmasam vəziyyət daha pis olardı, niyə istefa verirəm, hamınızdan yaxşı adamam və sairə.

Bu Tərtər işləri hardasa 2017-ci ildə olmuşdur, görəsən həmin vaxt hərbi prokuror kim imiş? Əgər yüzlərlə qanunsuz cinayət işi açılıbsa, camaata işgəncə verilibsə, türmədə döyülüb öldürülənlər varsa, baş hərbi prokurorun heç məsuliyyəti yoxdurmu? Yoxdur. Çünki baş hərbi prokuror belə hesab edir. İndi biz o boyda vəzifə yiyəsini qoyub küçəyə mələfədə səhv şüarla çıxan beş-on qara camaata inanmalıyıq?

Ümumiyyətlə, görəcək işlər var. Bir ay qabaq olardı hardasa, bir jurnalist xanımın boğazına bıçaq dirəmişdilər. Sonra guya axtarış getdi, hələlik ortada heç zad yoxdur. Elmar Hüseynovu, Rafiq Tağını öldürənləri tutanda, bunları da tutarıq, inşallah. Ancaq üç gün qabaq görürəm bu xanımı təzədən idarəyə çağırıblar, görülən və görünməyən işlər haqda məlumat veriblər. Nəyə lazımdır? Məncə “Araşdırdıq, bıçağı özü boğazına dirəyib” deyirsən, bitir gedir.

İşimiz başımızdan aşır, xarici şirkətləri qarşılamalıyıq, bu da böyürdən iş artırır. Kömək eləmirsiniz, mane olmayın.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024