Onlayn ictimai-siyasi qəzet
Etiraf etməliyik ki, bu mövzu daha çox fundamental elm müstəvisində müzakirə olunmalıdır, nəinki populyar politologiyanın əhatə etdiyi çərçivələr hüdudlarında. Ancaq peşəkar analitikanın kasadlığı səbəbindən ölkəmizdə, xüsusən də sərhədsiz virtual məkanda radikal demaqogiya sözün hərfi mənasında tüğyan edir. Həmin bu spekulyativ demaqogiya obyektiv həqiqəti təhrif edir və əhalinin ictimai şüurunda yanlış sosial-siyasi stereotipləri formalaşdırır. Qeyd olunanları nəzərə alaraq, yanlış meyilliklərinin qarşısını almaq, müşahidə edilən regional və qlobal proseslərə adekvat qiymətin verilməsi, habelə qərəzli demaqogiyanın “sehrli” tüstüsünü sağlam düşüncədən uzaqlaşdırmaq naminə bu kimi mürəkkəb mövzulara bəzən publisistik üslubda yanaşmaq zərurəti yaranır.
Musavat.com xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki...” sərlövhəli məqaləsində yer alıb.
Peşəkar təhlil obyektiv həqiqəti aşkar etdiyi üçün analitika zəhərli demaqogiyanın inkişafı üçün əlverişli deyil. Təəssüf ki, ucuz demaqogiya “demokratiya” və “aşkarlıq” kimi şüarlar arxasında gizlənərək hələ də siyasətdə öz mövcudluğunu qorumaqdadır. Əslində isə siyasi münasibətlərdə ucuz demaqogiya və populizmin varlığı incəsənətdə zövqsüzlüyün özünə yer tapması kimi ziyanlı və təhlükəlidir.
Bilavasitə türk identikliyinin siyasi aktuallaşması məsələsinə keçməzdən öncə mövcud kontekstdə bütöv məzmunu əhatə edən əsas müəyyənləşdirici “pazl”ların öz yerinə yerləşdirilməsini təmin edən Prezident İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdiyi önəmli bir fikrə müraciət edək: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik.”
Heç şübhəsiz ki, biz Prezident İlham Əliyevin bu və ya digər mesajlarının əsl anlamını və təzahürünü yalnız hadisələr inkişaf etdikcə zamanı çatanda həyatda görə bilirik. Ölkəmizin tarixində qeyd olunan belə təsbitlərin dəfələrlə şahidi olmuşuq. Görünən odur ki, dövlətimizin başçısının yuxarıda vurğulanan fikirlərinə yaxın gələcəkdə hələ çox müraciət edəcəyik və hər dəfə növbəti “pazl” öz yerinə oturan zaman biz daha dolğun mənzərəni görməyə müvəffəq olacağıq.
Müzakirə olunan mövzu kontekstində ehtimal edə bilərik ki, Prezident İlham Əliyevin qeyd olunan mesajının şifrəsi məhz “sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki...” ifadəsinin arxasında gizlənir. Bunlar hansı “daşlardır”? Onlar hansı ağırlıqda olan “daşlardır” ki, onların tərpədilməsi bizə bağışlanmayacaq? Çox arzuolunandır ki, sözügedən məsələ bizim alimlərimizin, xüsusilə beyin mərkəzlərimizin tədqiqat predmetinə çevrilsin və əslində çevrilməlidir də. Çünki buna zərurət var. Siyasətdə, diplomatiyada və dövlət quruculuğu məsələlərində əldə edilmiş nailiyyətlər mütləq olaraq tətbiqi və fundamental elmi-tədqiqat, habelə ünvanlı çalışmalarla tamamlanmalıdır. Axı bu, mahiyyət etibarilə həm də əldə olunmuş nailiyyətlərin qorunmasına xidmət edəcək.
Gəlin, ilk növbədə həm fikir mübadiləsi və həm də mövzunun miqyasının aydın təsəvvür olunması naminə o “ağır daşları” qısa tezislərlə populyar şəkildə müəyyən etməyə çalışaq:
- Regional dövlət beynəlxalq təşkilatların dəstəyi olmadan münaqişəni özü həll etdi və bununla da dünyaya beynəlxalq təşkilatların “ikili standartlar” siyasətini, onların riyakarlığını, hərəkətsizliyini və hətta müəyyən mənada “hüquqi əlilliyini” nümayiş etdirdi. Əlbəttə ki, bütün bunlar beynəlxalq təşkilatların imicinə ciddi zərbədir və onlara qarşı olan etibar limitinin bir qədər də azalmasının səbəbidir. Çünki haqlı olaraq beynəlxalq ictimaiyyəti düşündürən sual yaranır: mübahisəli məsələləri nəinki həll etməyən, əksinə həmin məsələlərin yaranmasına və ya həllinin uzadılmasına dolayı yolla səbəbkar və maraqlı olan belə təşkilatlara necə güvənmək olar? Razılaşmaq lazımdır ki, bu cür sualların yaranması və surətlə artması beynəlxalq münasibətlər sistemində yeni formatların meydana gəlməsini qaçılmaz edir.
- Bu “daş” Azərbaycanın durmadan artan potensialıdır və heç şübhəsiz ki, burada söhbət təkcə hərbi potensialdan getmir. Müxtəlif istiqamətlərdə artan iqtisadi potensial, xüsusilə də enerji layihələri ilə bağlı olan beynəlxalq təşəbbüslər Azərbaycanı mühüm regional aktora çevirib. Başqa sözlə, dünyada Azərbaycana ehtiyac və hörmət sürətlə artır. Xüsusilə Azərbaycanın yaşıl enerji ilə bağlı inamlı təşəbbüsləri həmin bu ehtiyacın perspektivliyini təmin edir. Odur ki, bilavasitə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə reallaşan yaşıl enerji layihələri qabaqlayıcı siyasət olaraq ölkəmizin perspektiv aktuallığını da təmin edir. Azərbaycanın bütün mənalarda etibarlı tərəfdaş statusu artıq beynəlxalq təşkilatlarının etiraf predmetidir.
- Azərbaycan müstəqil siyasət aparmaq gücündədir. Bu faktın beynəlxalq ictimaiyyət tərəfindən bir siyasi aksiom kimi qəbul olunmasının səbəbi yenə də bizim Qələbəmizdir. Qırx dörd günlük müharibədə qazanılan Qələbə və cəmi birgünlük antiterror əməliyyatının sonunda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması məhz bu uğurlu müstəqil siyasətin təcəssümü və nəticəsidir.
- Xarici qüvvələrin bütün cəhdlərinə rəğmən, Azərbaycan xalqı milli həmrəyliyi və birliyi qorumağa müvəffəq oldu. 44 günlük Vətən müharibəsi isə həmin həmrəyliyin və birliyin daha bir aydın təcəssümü idi. Müharibə dövründə ölkədə mütləq həmrəylik yaşandı və sözsüz ki, həmin həmrəyliyin qorunmasında həm vətəndaş institutlarının, həm də ölkədə fəaliyyət göstərən siyasi partiyaların müstəsna rolu olmuşdur. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin xüsusilə önəm verdiyi siyasi dialoq siyasətinin məntiqi nəticəsi idi. Siyasi dialoq Azərbaycanda sadəcə dekorativ xarakterli demokratik şüar deyil, siyasi münasibətlərin Azərbaycan modelini müəyyən edən əsas keyfiyyət göstəricisidir.
- Dünyada heç bir qüvvə inkar edə bilməz ki, məhz Azərbaycanın Qələbəsi regionda yeni reallığın yaranmasına səbəb oldu və onun müəllifi Azərbaycandır, Azərbaycan xalqıdır. Bu Qələbə və yeni reallıq isə əsrlər boyu beynəlxalq münasibətlər sistemində yaşanan bəzi stereotipləri qırmağı bacarıb. Əlbəttə ki, sözügedən fakt dünyada “mütləqi-hakim” statusuna iddialı olan bəzi dövlətləri və beynəlxalq təşkilatları narahat etməyə bilməz, çünki bizim Qələbəmiz beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların yaranmasına səbəb olmaqdadır.
- Qazandığımız Qələbə beynəlxalq münasibətlər sistemində Qərbi Azərbaycan mövzusunun hüquqi və siyasi müstəvidə aktuallaşdırılmasına dair əlavə imkanlar yaratdı. Bununla da beynəlxalq münasibətlər gündəliyi yeni və olduqca “həssas” mövzu ilə zənginləşdi. Qərbi Azərbaycan mövzusu artıq beynəlxalq ictimaiyyət qarşısında qaldırılmış Azərbaycanın həm leqal, həm də legitim tələbi, ədalətli iddiasıdır. Odur ki, Qərbi Azərbaycan mövzusu eyni zamanda danışıqlar masasında da Azərbaycana üstünlük bəxş edir və diplomatik manevrlər üçün əlavə imkanlar yaradır.
- Türk və müsəlman olan Azərbaycan kimi bir ölkə ona qarşı tətbiq edilən beynəlxalq təzyiqlərə, “ikili standartlar” siyasətinə və dini fərqlilik üzərindən qurulmuş informasiya manipulyasiyalarına rəğmən öz haqlı müharibəsində Qələbə çaldı və bu, bütün türk və müsəlman dünyası üçün nümunə oldu. Sözügedən fakt təkcə əsrlər boyu beynəlxalq ictimaiyyətin siyasi şüuruna zorla yeridilən stereotipləri dağıtmayıb, bu, həm də türkdilli xalqların özünə inamının artmasına səbəb olub.
Sonuncu fikrə əsaslanaraq qeyd edə bilərik ki, bu mənada Türk Dövlətləri Təşkilatının (TDT) fəallaşmasının məhz Azərbaycanın Qələbəsindən sonrakı dövrdə baş verməsi təsadüfi deyil. Bu il iyulun 6-da Şuşada “Qarabağ Bəyannaməsi”nin imzalanması sözügedən prosesin zirvəsi, başqa sözlə “tacı” oldu. Odur ki, beynəlxalq münasibətlər sistemində qlobal güc iddiasında ola biləcək yeni bir nüfuzlu institutun yaradılması faktı da “super gücləri” narahat etməyə bilməz. Bu mənada deyə bilərik ki, Azərbaycanın Qələbəsi eyni zamanda ideoloji qatlarda da əhəmiyyətli dəyişikliklərin baş verməsinə səbəb olub. Belə ki, Azərbaycanın Qələbəsi sayəsində TDT-nin fəallığının artırılması bizim regionda və dünyada türk identikliyinin ideoloji və siyasi müstəvilərdə aktuallaşmasına gətirib çıxarmış oldu. İstisna olunmur ki, Qələbəmiz nəticəsində formalaşan bu tendensiyalar eyni zamanda regionda da bəzi proseslərin yaranmasına təsir göstərib.
Razılaşmaq lazımdır ki, yuxarıda qeyd olunan siyasi mülahizələrin “yaşamaq” haqqı var. Bəli, sözügedən mövzu ilə bağlı müxtəlif yanaşmalar tətbiq oluna bilər, ancaq tərəddüd etmədən əminliklə deyə bilərik ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr, o cümlədən onların əllərinə su tökən bizim ucuz demaqoqlarımız yuxarıda sadaladığımız bu “daşlar”ının altından çıxa bilməyəcəklər.
28 Oktyabr 2024
23 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
07 Oktyabr 2024
02 Oktyabr 2024
30 Sentyabr 2024
25 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
06 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
23 Avqust 2024
19 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
08 Avqust 2024
24 Iyul 2024
22 Iyul 2024
18 Iyul 2024
15 Iyul 2024
08 Iyul 2024
03 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ