İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ zamanı məktəblərdə yaşanan ajiotajın səbəbi bu imiş...

Ekspert: “Keçirilən tədbirlər yetərli deyil və bütün məktəbləri, şagirdləri əhatə etmir”

“Müəllim olaraq dünənki zəlzələ zamanı çox təşvişə düşdük. Bilmədik, nə edək. Əlimizdə bir təlimat yox idi ki, ona uyğun hərəkət edək. Çox həyəcanlandıq, qəza çıxışı da yoxdur ki, oradan çıxaq, bəlkə də var, bundan xəbərsizik. Tək zəlzələ deyil, istənilən fövqəladə vəziyyət üçün hazır olmadığımız ortaya çıxdı. Belə vəziyyətlərdə nə etmək lazımdır bilmirik. Uşaqların hərəsi bir tərəfə qaçdı, yıxılan kim. Türkiyədə axırıncı dəfə baş verən zəlzələdə olduğu kimi aydın oldu ki, bizim məktəblər də hazır deyilmiş.”. Bunu qəzetimizə müraciətində Bakı məktəblərində dərs deyən bir qrup müəllim bildirib. Onlar bu məsələni gündəmə gətirməyi, məktəblərin daha geniş şəkildə məlumatlandırılmasını xahiş edirlər.

Qeyd etmək yerinə düşər ki, Bakıda və bəzi rayonlarda baş verən güclü zəlzələ insanlar arasında təşvişə, həyəcana səbəb olub. Bu, il ərzində artıq Azərbaycanda baş verən 3-cü güclü zəlzələdir. Dekabrın 7-də səhər saatlarında Xəzər dənizində baş verən 5.6 bal gücündə zəlzələdən əvvəl, bu ilin iyulunda Bakıda və Abşeron yarımadasında 5.7 bal gücündə zəlzələ baş vermişdi. Cəmi iki ay sonra – 3 sentyabrda Kürdəmir rayonunda 5,2 maqnitudalı güclü zəlzələ oldu. Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunmuşdu.

Qeyd etmək yerinə düşər ki, zəlzələlər zamanı bir çox suallar ortaya çıxdı, bunlardan ən vacibi məhz məktəblərin belə vəziyyətdə hazırlıqlı olub-olmamaları ilə bağlıdır. Məktəblər fors-major hallara hazır deyilmi?

Nəzərə alınsa ki, seysmoloqlar 2024-cü ildə də zəlzələlərin davamlı olacağını istisna etmir, o zaman həyəcan təbili çalmağa əsas var. Yeri gəlmişkən, bizimlə söhbətdə professor, seysmoloq Qulam Babayev də deyib ki, tektonik aktivlik kəskinləşib: “2024-cü ildə biz bunu yenidən müşahidə edəcəyik. Təbii ki, dağıdıcı zəlzələdən söhbət getmir. Hiss olunan zəlzələlər olacaq və qaçılmazdır. Bir tektonik blok əgər aktivləşirsə, dünya miqyasında bütün tektonik bloklar, plitələr, meqabloklarda aktivləşmə kəskinləşir. Əgər bir blok aktivləşirsə, yanındakı da mütləq şəkildə aktivləşəcək. Xəzər dənizində qonşu blokların aktivləşməsi mövcuddur. Orta Xəzər, Cənubi Xəzər, Şamaxı-İsmayıllı seysmoaktiv bölgədir. Hər zaman demişəm ki, hiss olunan- yəni maqnitudası 5.5-6 bal gücündə olan zəlzələlər qaçılmazdır”.

Məktəblərdə həm müəllimlərin, həm də şagirdlərin fövqəladə hallara hazırlanması üçün aidiyyəti qurumlar hansı işləri görürlər? Müəllimlər niyə şikayət edirlər?

Mövzu ilə bağlı ilk olaraq  Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə suallarımızı ünvanladıq. Qurumdan “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirildi ki, FHN-nin regional mərkəzləri və qurumları tərəfindən planlaşdırılmış şəkildə respublikanın ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində kütləvi maarifləndirmə tədbirləri keçirilir:

“Zəlzələ ilə bağlı davranış qaydaları həmin maarifləndirmə tədbirlərinin tərkibində mütləq şəkildə ehtiva olunur. Həmin tədbirlərdə zəlzələ ilə bağlı davranış qaydaları ilə yanaşı, zəlzələ zamanı məktəblərdə davranış qaydaları haqqında məlumat verilir, maarifləndirici videoçarx göstərilir. Həmçinin Fövqəladə Hallar Nazirliyi tərəfindən təhsil müəssisələrində mütəmadi olaraq zəlzələ zamanı təxliyə ilə bağlı təlimlər keçirilir. Bu kimi tədbirlər haqqında məlumatlar Nazirliyin informasiya saytında mütəmadi işıqlandırılır.

Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında “Əhalinin maarifləndirilməsi bölməsində” fövqəladə hallar, o cümlədən zəlzələ ilə bağlı davranış qaydaları haqqında məlumat və maarifləndirici videoçarxlar tapmaq mümkündür. (https://www.fhn.gov.az/?aze/menu/26/366)

Bundan əlavə, orta ümumtəhsil məktəblərində “Həyat bilgisi” dərsində zəlzələ və onunla bağlı davranış qaydaları tədris olunur. Fövqəladə Hallar Nazirliyi “Həyat bilgisi” dərsliklərində fövqəladə hallarla bağlı mövzulara müvafiq qaydada rəy vermiş, tədris olunmalı məqamlarla bağlı təkliflərini təqdim etmişdir.

Həmçinin, mediada mütəmadi olaraq fövqəladə hallar, o cümlədən zəlzələ ilə bağlı davranış  qaydaları haqqında videoçarxların nümayişi, mütəxəssislərin çıxışları və müsahibələri təşkil olunur.

Onu da qeyd edək ki, təhsil müəssislərində mülki müdafiənin təşkilinə cavabdeh olan müəssisə rəhbərləri fövqəladə hallara hazırlıqla bağlı müvafiq işlərin görülməsinə məsuldurlar. Fövqəladə Hallar Nazirliyi təhsil müəssisələrinə təxliyə, habelə fövqəladə hallarla bağlı digər davranış qaydalarının təhsil müəssislərində mütəmadi olaraq məşq edilməsini tövsiyə edir”.

Suallarımızı Elm və Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də ünvanladıq. Cavablandığı təqdirdə yayımlayacağıq. 

Təhsil eksperti Kamran Əsədov isə mövzu ilə “Yeni Müsavat”a dedi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təhsil ocaqlarında maarifləndirmə tədbirləri həyata keçirilir:

1540983197_fyudzhyuzhbeb_zhzhzhz.jpg (76 KB)

"Bura müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində biliklərinin artırılması, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması, profilaktik tədbirlərin görülməsi daxildir. Hazırda ölkədə 4432 orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və burada 1.6 milyon şagird təhsil alır. Amma etiraf edək ki, FHN tərəfindən keçirilən tədbirlər yetərli deyil və bütün məktəbləri, şagirdləri əhatə etmir. Digər tərəfdən tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar tam şəkildə izah olunmur. Düzdür, Həyat Bilgisi və İlkin Hərbi Hazırlıq fənlərinin daxilində bir neçə paraqraf bu mövzulara həsr olunsa da, bu yetərli deyil. Tədqiqatlara istinadən deyə bilərəm ki, Azərbaycan seysmik zonada yerləşir, fövqəladə hallara hazır olmalıyıq. Biz şagird və müəllimlərimizi fövqəladə hallara qarşı hazırlıqlı olmağa hazırlamalıyıq. Düzdür, ali təhsil müəssisələrində Mülki Müdafiə dərsi tədris olunsa da, bu fənlərin tədris keyfiyyəti yetərli deyil”.

Ekspert hesab edir ki, bir hadisənin qarşısını almaq hadisə baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır:

“Ona görə də hamımız fövqəladə hallara hazır olmalıyıq. O cümlədən uşaqlar bilməlidirlər ki, fövqəladə hallarda hansı işləri görməlidirlər. Ümid edirəm ki, fövqəladə hallarla bağlı təlimlər bütün məktəblərdə keçirilsin, dərs proqramlarında buna daha geniş əlavə yer verilsin ki, uşaqlar belə hallara hazırlansınlar. Uşaqlar xilasedici ola, xilasedici olmasalar da, fövqəladə hallarda başqalarına yardım edə bilərlər. Əlbəttə ki, ayrıca fənn olarsa daha yaxşı olar. Amma bunun üçün yetərli qədər kadr potensialımız yoxdur. Həmçinin bu təlimlər, hətta az paraqrafla olsa belə, kitablarda Fövqəladə Hallar, onunla mübarizə haqqında məlumatlar verməklə gənclərin gələcək ixtisas seçiminə kömək etmiş oluruq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR