Onlayn ictimai-siyasi qəzet
Hərbi ekspert: “Həmin briqadaların silah-sursatla təmin olunmasını, ABŞ başda olmaqla, NATO ölkələri öz üzərinə götürüb”
Avqustun 24-də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin 30 ayı arxada qaldı. Müharibənin daha neçə ay və ya il sürəcəyini isə hələ ki heç kim bilmir. “Forbes” nəşri Ukraynada yeni mexanikləşdirilmiş briqadaların yaradılmağa başladığını yazıb və bunu Ukrayna rəhbərliyinin müharibənin tezliklə bitəcəyini gözləmədiyinin əlaməti sayıb. Məlumata görə, yeni mexanikləşdirilmiş briqadalar başqa ölkələrdə təlim keçəcək və orada yaşayan ukraynalılar bura cəlb olunacaq.
“Sentyabrda qələbə planını həm ABŞ prezidentinə, həm də Kamala Harris və Donald Trampa təqdim edəcəyəm”.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə bildirib. O, təfərrüatları açıqlamasa da deyib ki, sözügedən planın istiqamətlərindən biri Rusiyanın Kursk vilayəti ilə bağlıdır: “İkinci istiqamət Ukraynanın qlobal təhlükəsizlik infrastrukturundakı strateji yeri, üçüncüsü Rusiyanın müharibənin diplomatik yolla başa çatmasına məcbur edilməsi, dördüncü elementi isə sırf iqtisadiyyatla əlaqədardır. Bütün bunlarla bağlı təfərrüatları açıqlamayacağam, lakin plan artıq hazırdır. Mənim onu ilk növbədə ABŞ prezidentinə təqdim etməyim ədalətli addım olacaq. Çünki bu planın uğurlu olması məhz ondan, daha doğrusu, onların bizə plan üzrə tələb olunan vasitələri verib-verməyəcəyindən asılıdır. Sözügedən plan Kamala Harris və Donald Trampa da göndəriləcək. Çünki biz onlardan hansının ABŞ prezidenti seçiləcəyini bilməsək də, həmin planın icra olunmasını çox istəyirik”.
Bu arada Ukraynanın ilk dəfə özünün 600-700 km-lik məsafəyə uça bilən ballistik raketlərini sınaqdan çıxardığı haqda məlumat yayılıb. Bu raketlər Ukrayna ordusu üçün nə deməkdir?
Rövşən Məhərrəmov
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov bu məsələyə geniş aspektdən yanaşır: “Rusiya Ukraynanın artıq müəyyən ərazilərini işğal edib. Xerson və Zaporojye vilayətlərinin bir hissəsi ələ keçirilib, Luqanskın 90 faizi rusların nəzarəti altına keçib. Donetskin isə 60-70 faizi rus işğalçılarının əlindədir. Ruslar o istiqamətlərdə güclü hücumlar edib, əsas qüvvələrini yerləşdirə biliblər. Hədəf Donetski tam nəzarətə götürməkdir. Son günlərdə isə Ukrayna ordusu alternativ addımlar atdı. Kurskda xüsusi əməliyyat keçirildi. Rusların 3 aya ələ keçirdikləri əraziləri bir neçə saata Ukrayna ordusu geri aldı. 1250 kvadrat kilometrdən çox ərazini Ukrayna öz nəzarətinə aldı. Bu, tam məxfi hazırlanmış bir əməliyyat idi. Artıq Belqrad istiqamətində də Ukraynanın hücumları var. 200 mindən çox insanı Rusiya Kurskdan Belqrada köçürüb. Bir sözlə, qaçqınları yerləşdirməklə məşğuldur. İndiki şəraitdə hər hansı bir sülhdən söhbət gedə bilməz. Tərəflər bir-birilərinin ağır şərtlərini qəbul edən deyillər. Savaş başlayandan bu günə qədər bir milyona yaxın insan həyatını itirib. Bu da çox böyük bir rəqəmdir. Təsəvvür edin ki, Əfqanıstanda 9 il ərzində müharibədə 1400 nəfər həyatını itirmişdi. Ukrayna tərəfindən mülkü əhalidən də həyatını itirənlər az deyil. Bilirsiniz ki, Rusiya tərəfi təkcə hərbi yönlü obyektlərə deyil, mülki əhalinin yaşadığı şəhərlərə də zərbələr endirir. Amma biz görürük ki, Ukrayna Kursk istiqamətində irəliləyəndə rusların etdiklərini etmirlər, yəni yaşayış məntəqələrinə zərbələr endirmirlər. İnsanlar da onları normal qarşılayırlar. Tarixə baxanda o ərazilərdə ruslar yaşayıblar. Zelenskinin dediyi plan güman edirəm ki, Amerikada hazırlanıb. Hesab edirəm ki, bu plan Rusiya üçün böyük bir təhlükədir. Həmin briqadaların silah-sursatla təmin olunmasını, Amerika başda olmaqla, NATO ölkələri öz üzərinə götürüb. Tramp və ya Harrisdən hansının seçilməsindən çox şey asılıdır. Açığı, düşünmürəm ki, Tramp belə seçilsə müharibəni dayandıracaq. Xatırlayırsınızsa, Tramp ilk dəfə hakimiyyətə gələndə seçki kampaniyası vaxtı bildirmişdi ki, qoşunları Suriyadan çıxaracaq. Amma verdiyi sözə əməl etmədi”.
Hərbi ekspert Ukraynanın hərbi sənayesini gücləndirdiyinə də diqqət çəkdi: “Kurskdan təsəvvür edin ki, Ukrayna Moskva və digər şəhərlərə zərbələr endirə bilər. 600-700 kilometr məsafə çox uzun məsafədir. Bu ballistik raketlər döyüş cəbhəsində vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər. Onu da qeyd edim ki, Amerikadan alınan raketlərdən Rusiyanın dərinliyinə doğru istifadə etmək olmaz. Amma bu raketlər Ukraynanın özünün istehsal etdiyi raketlərdir. Hesab edirəm ki, Ukrayna Kurskda mövqelərini daha da gücləndirəcək”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva Ukraynanın qələbə cəhdlərinə Britaniya kəşfiyyatının nəzarət etdiyini söylədi: “Ukrayna -Rusiya savaşı çox güman ki, gələn ilin ortalarına qədər davam edəcək. Ona görə ki, hazırda Ukraynanın qələbəsi istiqamətindəki bütün addımlara Britaniya kəşfiyyatı nəzarət edir və prosesin koordinasiyası Qərb koalisiyasındadır. ABŞ seçkilərə qədər Ukraynaya yeni öldürücü silahlar göndərmək haqqında düşünür. Bu da ukraynalıların Kurskda möhkəmlənməsi üçündür. Kiyevin yeni 600-700 kilometrlik raketləri sınaqdan çıxarması da elə bu planın tərkib hissəsidir. İsrailli mütəxəssislərin yardımı ilə hazırlanan bu raketlər Kursk radiosuna yaxın bütün rus hədəflərini neytrallaşdırmalıdır. Artıq Kursk istiqamətində 3 min kvadrat kilometr əraziyə Ukrayna ordusu nəzarət edir. Bu istiqamətdə Ukrayna ordusunun qismən irəliləməsi də nəzərdə tutulur. Bu da Rusiyanı atəşkəs masasına oturtmaq üçündür. Çox güman ki, Zelenskinin ABŞ-a təqdim edəcəyi gizli qələbə planı da elə bununla bağlıdır. Düşünürəm ki, yaxın aylarda Rusiyanın bir neçə müttəfiqi Kremli Qərblə savaşda yalnız buraxacaq. Bunu Moskvada da yaxşı başa düşürlər. Hətta qış aylarında Kreml administrasiyası Putini hakimiyyətdən kənarlaşdıra bilər. Bu, Rusiya dövlətçiliyinə təhdid yaranacağı halda mümkündür. 600-700 kilometrlik raketlərin sınaqdan keçirilməsi ilə bağlı yayılan xəbərlər bir məsələni də gündəmə gətirir. Kiyev bu raketlərlə Moskvanı da vura bilər. Çünki Ukrayna Silahlı Qüvvələri hazırda Moskvanın 500 kilometrliyindədir. Bir sözlə, Ukraynaya qələbə üçün "sonuncu təkan" lazımdır. Bu təkan Ukraynadan daha çox Britaniyaya vacibdir".
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hər iki tərəfin bir-birilərinin içərilərinə doğru irəlilədiyini qeyd etdi: “Ukraynanın quru əməliyyatlarda çox irəliləməsi üçüncü dünya müharibəsi demək olar. Rusiya da Ukraynada irəliləyir. Bunu çox adam nəsə unudur. Rusiya Ukraynanın daxilinə girəcək qədər Ukrayna girə bilərmi? Bunun üçün canlı qüvvə resursu varmı? Tarixən Rusiyanı xarici müdaxilə məğlub etməyib. Daxildə iğtişaş olmasa, Rusiya Kursku daha böyük uğurlarla kompensasiya edəcək. Rusiya sonda Kurskda olan qüvvələri mühasirəyə salmaq istəyəcək. Bu, baş verərsə, Zelenskinin sonu olar. Ona görə Zelenski kimi rəhbərə lazımdır ki, işə digər qüvvələr də qoşulsun. Ukrayna ballistik raket atsa, Rusiya Ukrayna şəhərlərinin altını üstünə çevirər. Vladimir Putinin bədən dili çox rahatdır. Həmin şeyi Zelenski haqqında demək olmur. Vladimir Putin heç kimə hesabat vermir. Amma Zelenski Baydenə hesabat verir. Bu, əsas fərqdir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ