Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova növbəti dəfə özünün siyasi ritorikasını “tarix dərsi” kimi təqdim etməyə çalışıb.
Musavat.com xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın “ermənilərdə türklərə qarşı düşmənçiliyi KQB-nin formalaşdırdığı” bəyanatına cavabında Zaxarova iddia edib ki, “KQB 1954-cü ildə yaradılıb, ermənilərin Osmanlı imperiyasında qırğını isə 1915-də olub”.
Beləliklə, Rusiya diplomatiyasının əsas simalarından biri tarixlə siyasi manipulyasiyanı birləşdirərək, hadisələrin kökünü sadəcə illərin fərqinə endirməyə cəhd göstərdi. Halbuki, faktlar göstərir ki, ermənilərdə türk düşmənçiliyinin və Osmanlıya qarşı qiyamların formalaşdırılmasının əsil müəllifi məhz Rusiya imperiyası və onun sonrakı varisi SSRİ olub.
Birinci Dünya müharibəsi illərində Rusiya imperiyası Qafqaz cəbhəsində Osmanlıya qarşı müharibəni təkbaşına aparmadı. Bu dövrdə erməni millətçi təşkilatları, o cümlədən “Daşnaksütyun” partiyası, Rusiya kəşfiyyat orqanları ilə birbaşa əlaqə quraraq Osmanlı daxilində üsyanlara hazırlaşırdılar.
1914–1915-ci illərdə Qafqazda rus ordusunun tərkibində minlərlə erməni könüllü dəstəsi yaradılmışdı. Onlara Andranik Ozanyan, Dro (Drastamat Kanayan), Hamazasp, Keri kimi komandirlər rəhbərlik edirdi. Bu dəstələr Osmanlının şərq vilayətlərinə - Van, Muş, Ərzurum istiqamətlərinə daxil olur, yerli müsəlman kəndlərini yandırır, Osmanlı ordusunun arxa cəbhəsini dağıdırdılar.
Van üsyanı 1915-ci ilin ən qanlı hadisələrindən biri idi. Van erməniləri Rusiya ordusuna qapı açaraq şəhəri təhvil verdilər, Rusiya isə bu ərazini “xristian şəhəri” elan etdi. Bu, Osmanlı imperiyasında daxili sabitliyi sarsıtmaq üçün planlaşdırılmış addım idi.

Rusiya imperiyası XIX əsrdən başlayaraq Osmanlını zəiflətmək üçün “xristian xalqları azad etmək” ideologiyasını formalaşdırmışdı. Bu siyasətin əsas dayağı ermənilər idi. Rusiya həm silah, həm ideologiya, həm də kilsə vasitəsilə bu xətti qoruyurdu.
1916-cı ildə rus general-qubernatoru Vorontsov-Daşkov açıq şəkildə bildirmişdi ki, “ermənilər Rusiya ordusunun sədaqətli köməkçiləridir və savaşdan sonra onlara muxtariyyət veriləcək”. Bu, Osmanlının daxilində parçalanmanı dərinləşdirən plan idi.
Zaxarovanın dediyi kimi, KQB 1954-cü ildə yaradılıb. Lakin ondan əvvəl də Rusiya təhlükəsizlik strukturları - Çeka, GPU, NKVD kimi qurumlar fəaliyyət göstərir və Sovet İttifaqının ideoloji düşmənlərini müəyyənləşdirirdi. Bu qurumlar vasitəsilə “türk təhlükəsi” anlayışı həm erməni, həm də kürd ideologiyasına sistemli şəkildə yeridilirdi.

SSRİ-nin məqsədi eyni idi: Türkiyəni zəiflətmək, türk xalqları arasında parçalanma və inamsızlıq yaratmaq.
Sovet İttifaqı yalnız ermənilərin deyil, kürdlərin də siyasi alətə çevrilməsi üçün xüsusi proqramlar həyata keçirmişdi. 1920–30-cu illərdə “Qırmızı Kürdistan” layihəsi hazırlanaraq kürdlərin müstəqil dövlət kimi təşkilatlanması təşviq edilirdi. 1950–80-ci illərdə isə İrəvanda və Qafqazın sərhəd bölgələrində kürdcə radiostansiyalar, mədəni mərkəzlər yaradılmış, Türkiyə ərazisindəki kürdlərə ideoloji təbliğat aparılmışdı.
Daha sonra PKK-nın ideoloji bazası və silahlanması mərhələsində də sovet təsiri özünü göstərdi: döyüşçülər rus silahları - xüsusilə “Kalaşnikov” avtomatları ilə təchiz olunur, Marksist ideologiya ilə yetişdirilirdi. SSRİ və onun varisi Rusiya bu cür təsir mexanizmlərindən istifadə edərək Türkiyəni daxildən zəiflətmək siyasətini davam etdirib.
XX əsrin sonlarında Qarabağ münaqişəsi zamanı da Rusiya yenidən eyni siyasətə qayıtdı. Silah, logistika, informasiya dəstəyi vasitəsilə erməni silahlı qüvvələrinə yardım göstərilməsi faktı beynəlxalq hesabatlarda və şahid ifadələrində yer alır. Xocalı soyqırımı kimi faciələrdə də bu düşmənçiliyin ideoloji kökləri Rusiyanın uzunmüddətli anti-türk siyasətindən qidalanıb.

Mariya Zaxarova illərin fərqini göstərməklə KQB-nin adını qorumağa çalışır. Amma ermənilərdə türk düşmənçiliyinin, Osmanlıya qarşı qiyamların, kürd separatizminin və türk dünyasına qarşı parçalanma siyasətinin əsas müəllifi Rusiya imperiyası və onun sovet varisləridir.
Tarixi uydurma arqumentlərlə deyil, faktlarla oxumaq lazımdır - bu faktların hamısı isə Zaxarovanın təmsil etdiyi dövlətin arxivlərində yazılıb.
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ