Onlayn ictimai-siyasi qəzet
30 milyonluq Nepalda baş verən son dramatik olaylar həm “açıq səmada şimşək“ effekti yaratdı, həm də yox. Çünki məlum olub ki, alovlanan “ocaq” neçə vaxtdır yavaş-yavaş tüstülənirmiş. Rəsmilər isə buna diqqət yetirməyib.
İğtişaşlarda gənclər üstünlük təşkil etdiyi üçün hadisələr dünya mediasında “Z nəslinin inqilabı” adlandırılıb. Söhbət təxminən 1995-2010-cu illər arasında doğulmuş yeniyetmə və gənclərdən gedir.
Rusiyalı tanınmış politoloq Sergey Markov isə Nepal inqilabına maraqlı şərh verib.
Sitat: “Nepalda hökumət birdən-birə demək olar, bütün sosial şəbəkələri və messencerləri qadağan etdi. Buna cavab olaraq ölkədə iğtişaşlar vüsət alıb. Baş nazir istefaya gedib. Artıq hökumət sosial şəbəkələrə qoyulan qadağanı götürüb. Ancaq böhran dünyanın bütün hökumətləri üçün dərs olmalıdır: adi, normal, sadiq vətəndaşlara toxunmayın. Sadə insanları qıcıqlandırmağa ehtiyac yox”...
Bəllidir ki, politoloq Sergey Markov bakılı ziyalı-jurnalist Mixail Qusmanla birgə Şuşaya, Xankəndinə etdiyi səfərə, ümumən Azərbaycana və onun liderinə ənənəvi xoş münasibətə görə öz ölkəsində “xarici agent” kimi damğalanıb. Teleefir üzünə bağlanıb.
Hərçənd az qala, uşağa da bəllidir ki, bu - vicdanlı bir şəxsə qarşı atılmış sırf siyasi motivli və tam ədalətsiz qərardır, qayəsində isə qürurlu Azərbaycana qarşı düşmən Kremlin münasibəti dayanır. Politoloq özü də buna açıq işarələr vurub, Rusiya əleyhinə heç bir addım atmadığını bildirib. Amma çifayda?..
Markovun xəbərdarlığına gəlincə, əslində bu, bilavasitə Putinə, onun getdikcə daha da qəddarlaşan 25 illik yırtıcı rejiminə, Rusiyaya ünvanlıdır. O Rusiya ki, Ukraynaya hərbi təcavüzə başlayandan ölkədə sosial şəbəkələr ya bağlanıb, ya da total nəzarətə götürülüb. Markovun təbirincə yazsaq, adi, normal, sadiq vətəndaşların incidilməsi, azca fərqli düşünənlərin absurd ittihamlarla həbsə atılması ənənəyə çevrilib. Onların arasında gənclər yetərincədir. Hətta yeniyetmələr də var.
Deməli, Putin rejimi də “Z nəslinin inqilabı”ndan sığortalanmayıb. “Əcəl zəngi” həm də onun üçün çalınır. Ukrayna üzərinə göndərilən tankların üstündə “Z” yazmaqla, SSRİ-nin qırmızı bayrağını bərkitməklə, daha öncə isə Sovet İttifaqının himnini (musiqisini) Rusiyanın himni kimi təsdiqləməklə deyil. Bunun “bumeranq effekti” də olacaq. Niyə?
Ona görə ki, Putinin beynindəki əcaib planlar, onun “xortlatmağa” çalışdığı köhnə sistemin Ukraynada, öz ölkəsində törətdiyi əməllər sivil dünya görüşünə və düzəninə daban-dabana ziddir. Bəşəriyyətin normal inkişaf fəlsəfəsi ilə, süni intellekt əsri olan XXI yüzilliyin siyasi-ictimai ab-havası, nəhayət, zəmanənin diktə etdiyi proqressiv dəyişiklik zərurəti ilə ziddiyyətdədir...
Təsadüfi deyil ki, regional və beynəlxalq təhlükəsizliyə, özəlliklə həmsərhəd dövlətlərə ən böyük təhlükə indi məhz heç bir yazlı və yazılmayan qanunu hərləməyən Rusiya və onun hazırkı hərbi-siyasi rəhbərliyi hesab olunur. Təbii ki, Azərbaycan da qonşuluqda hansı təhlükəli idarəçiliyin olduğunun yaxşı fərqindədir. Mürgü vurmaq dövrü deyil əlbəttə ki.
Amma məşhur atalar məsəlimizdə deyildiyi kimi, “sirkə nə qədər tünd olsa, öz qabını sındırar”. Bir şey qalmayıb. Hər halda Xeyrin Şər üzərində, “Şər imperiyası” üzərində növbəti qələbəsinə inanırıq...
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ