İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni qanun qiymətləndirmə sahəsində inhisarçılığa gətirə bilər – Hüquqşünas

Milli Məclis “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun layihəsini birinci oxunuşda qəbul edib.

Cəmiyyətdə bu layihə ilə bağlı müzakirələr davam edir. Nüfuzlu qiymətləndiricilər bu sahədə fəaliyyətin tənzimlənməsi üçün qanunun qəbulunu yüksək qiymətləndirirlər.

EKREM.jpg (30 KB)

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, bu sahənin əməli tənzimlənməsi cəhdi təqdirəlayiqdir:

“Çünki hazırda qüvvədə olan eyni adlı Qanun heç nəyi tənzimləmir. Hər yerindən duran qiymətləndirici kimi fəaliyyət göstərir, istədiyi rəyi və qiyməti verir. Bəzən görürsən ki, eyni əmlaka fərqli qiymətləndiricilər tərəfindən verilmiş qiymətlər arasında dəfələrlə fərq olur. Niyə? Ona görə ki, burada korrupsiya çiçəklənir. Qiymətləndirici xidmət haqqına əlavə olaraq rüşvət alaraq müştəriyə lazım olan qiyməti verir. O cümlədən məhkəmə prosesləri və vergi orqanları ilə çəkişmələr əsnasında bütün bunlar xeyli problemə səbəb olur”.

Qeyd edək ki, Milli Məclisdə müzakirə olunan Qanun layihəsinə görə, bütün qiymətləndiricilər Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. Palata qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsi olacaq: Vəkillər Kollegiyası və Mediasiya Şurası kimi.

Ə.Həsənov bildirir ki, əslində, bu qurumların publik hüquqi şəxs statusuna malik olması daha məqsədəuyğun olardı: “Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan təşkilatdır.

Qiymətləndiricilər Palatasını da dövlət yaradır. İctimai birlik deyil, çünki orada üzvlük məcburidir və sözügedən sahədə digər analoji təşkilat yaradıla bilməz. Beləliklə, Qiymətləndiricilər Palatası faktiki olaraq inhisarçı olacaq. Qarşıya qoyulan məqsəd baxımdan bunun özü problem deyil. Əsas odur ki, qiymətləndiricilərin fəaliyyətində qayda-qanun olacaq, onlar özbaşınalıq edə bilməyəcək, etdikdə məsuliyyətə cəlb olunacaq və s. Amma məhz belə olacaqmı?

Təhlükə var ki, Palata müəyyən qiymətləndiricilər qrupunun əlinə keçə bilər. Bu halda onlar mənfi mənada inhisarçı olacaq: rəqiblərini bazardan çıxarmağa çalışacaqlar, onların (dövlət qurumlarından gələn sifarişin) dediyi ilə oturub-durmayan (məsələn, obyektiv deyil, onlara lazım olan qiymət haqda rəy vermədikdə) qiymətləndiriciləri cəzalandıracaqlar və s. Bunun baş verməməsi üçün Palata real olaraq fəaliyyətini özünüidarəetmə prinsipi əsasında qurmalıdır. Orada demokratiya olmalıdır. Məsələn, layihənin 20.1-ci maddəsinə əsasən, Palatanın 9 üzvdən ibarət olan Rəyasət Heyəti Palatanın üzvlərinin ümumi yığıncağında açıq səsvermə yolu ilə 5 il müddətinə seçiləcək. Əlbəttə, bəzən açıq səsvermə yolu ilə də seçilən rəhbərlik demokratik olur. Amma əksər hallarda avtoritarlığa meylli olur. Əksəriyyət açıq səsvermə zamanı həqiqi iradəsini ifadə etməkdən çəkinir. Buna görə də səsvermə formal prosedura çevrilir: hamı bir nəfər kimi bütün qərarların “lehinə” səs verir.

Bu cür peşə birliyi xarakterli qurumlarda bunun ehtimalı daha yüksəkdir. Çünki fərqli cür səs verən sözün əsl mənasında çörəyindən məhrum ola bilər: onu hansısa bəhanə ilə təşkilatdan qova bilərlər. Buna görə də səsvermənin mütləq gizli olması lazımdır ki, hansısa qiymətləndiricilər qrupu (və ya konkret şəxs) qiymətləndirmə bazarında at oynatmasın”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR