Onlayn ictimai-siyasi qəzet
Hər günün öz anlamı, hər ilin öz adı, hər dönəmin öz hadisəsi var. Üç on illik boyunca şəhər və kəndlərimizin işğal günlərini, faciələrimizi qeyd etmək durumunda, zorundaydıq. Üstəlik, tarixdən gələn faciələrimizi də nəzərə alsaq, 9 şəhəri, 300 kəndi 90-cı illərdən bəri xaraba qoyulmuş bir ölkənin vətəndaşı olaraq, az qala hər həftə hansısa bir faciəni xatırlamaq, qeyd etmək durumunda, zorundaydıq. Getsin o günlər bir də gəlməsin. O mövzuya ki vurğu edirik, onlar sanki sadə cümlələrlə yazılır kimi görünə bilər, amma ifadə etdiyi ağrı, dərin kədər və düşdüyü yeri yandıran od... cümlətən sadə deyildi... Havadarlarının maşası olan Ermənistan, ümumən dünya erməniliyi canımızı ölkəmizin ortasınadək yaxmışdı – gorbagor olmuş “təmas xətti” haralardan keçirdi – yada salmaq belə ağırdır... Üstəlik, “qalib ədası”, “status”, “status-kvo”, “qarşı tərəfin diqtə etdiyi reallıq” və s. bir sürü yaramazlıqla üz-üzəydik... üçü də bir tərəfi müdafiə edən üç həmsədr qarışıq ATƏT-in Minsk qrupu və s. və i... canımızı üzür, danışıqlar uzanır-uzanırdı...
Ermənilər cənnət Qarabağımızı, Zəngəzurumuzu ağacsız, çöllərimizi heyvansız, göy üzümüzü quşsuz və bulaqlarımızı kor buraxmış, daşı daş üstə qoymamışdı... Elə ki başlarına Dəmir Yumruq endi, cəhənnəm olub gedəsi oldular, o zaman da, olan-qalan ev heyvanlarını, quşlarını və də qanunsuz məskunlaşmış olduqları evləri yandırıb-yaxıb getdilər... Ona görə də, bizim Zəfərimiz yalnız bəndəyə xoş gələn iş olmadı, “Yaradılanı sevdik, Yaradandan ötrü” dediyimiz – flora-fauna, təbiət adına nə varsa hamısına və Yaradanın özünə xoş gedən iş oldu.
Bəli, işğal mədəniyyətsziliyi azadlıq mədəniyyəti ilə, ekoterror yaşıl zona quruculuğu ilə, vandallıq quruculuqla əvəzlənməkdədir. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Sərəncamı əsasında 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Necə deyərlər, 2023-cü ildən 2024-cü ilə keçid “Heydər Əliyev ili”nin Həmrəylik Günündən “Həmrəylik ili”nə keçid oldu! – Yaşıl dünya naminə həmrəylik həmrəyliklərin ən ümumi, ən qlobalıdır. Poetik ricət yükləmədən də, yaşıl dünyanı ən yaşanıla bilən dünya kimi dəyərəndirə bilərik. Üstəlik, ötən il Türk dünyasının Mədəniyyət paytaxtı olan əziz Şuşamız – Qarabağımızın yaşıl tacı bu il İslam dünyasının Mədəniyyət paytaxtı statusunu daşıyır. Lap bayrağımızdakı boyaların qurultayı, təntənəsi kimidir: Zəfər qazanmış Azərbaycanın Mədəniyyət paytaxtı ardıcıllıqla Türk dünyasının, İslam dünyasının paytaxtı oldu.
Açdıq bayrağımızın qara bağını, öpdük gömgöy, alqırmızı və yamyaşıl, Ay-ulduzlu müqəddəs bayrağımızı. Yəni, istəyən Şuşanın İslam dünyasının paytaxtı olmasından irəli gələn yaşıl libasını “Yaşıl dünya naminə həmrəylik ili”nə də təvafüq saya bilər. O yaşıl da, bu yaşıl da əzizdir.
Biz 31 dekabrı artıq bir qərinədir Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edirik. Üç il öncə 31 dekabrı dövlət-xalq həmrəyliyimizin zirvə ilinin son nidası olaraq bayram etdik – sübut etdik ki: “Qarabağ – Azərbaycandır”! Ötən ilin aprelində o nida Laçınla Gorus (Gündoğar Zəngəzurla Günbatar Zəngəzur) arasında – Həkəri çayı üzərindəki dövlət sərhəd-keçid məntəqəsinin bayraq dirəyinə çevrildi! Sonra – sentyabrın 20-dəki antiterror tədbirləri sonucunda işğalçıların son tör-töküntülərinin də ağ bayraq qaldırması xəbərinin sonluğunda gördük o nidanı! Nəhayət, 15 oktyabrda – Müzəffər Ali Baş Komandan Xankədidə, Xocalıda... bayraq qaldıranda biz o mübarək nidanı bir daha bayraq dirəklərincə çoxalan, ucalan gördük! Paşinyanın bir vaxt “Qarabağ – Ermənistandır və nöqtə” deyə bağırdığı Xankəndidəki yaşıl stadionda isə 21.12.2023-cü il tarixdə - tam da təvafüqən, futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı.
Bu oyun haqqında ən yaxşı sözü Müzəffər Ali Baş Komandan dedi: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.
Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır”!
Futbolçularımız Xankəndidə yaşıl meydana çıxdığı o mübarək gündən bir qədər öncə - noyabrın 8-də isə şəhərin mərkəzi meydanında Zəfər paradı keçirildi.
Bəli, bütün bunlar yaşılmı? – yaşıl, gözəlmi? – gözəl, özəlmi? – özəl, unudulmazmı? – heç unudulmaz hadisələrdir!
Bəli, bundan sonra torpaqlarımızda öz bayrağımız dalğalanacaq – gömgöyü, alqırmızısı, yamyaşılı ilə və əlbəttə, əbədi olaraq!
Bəli, 2023-cü ilin Həmrəylik Günü də, yeni təqvim ilinin – 2024-cü ilin gəlişi də Qarabağda suverenliyimizin tam bərpasının sevinc, fərəh və qüruru içində bayram edildi. Bu ilin sonunda 35-ci ildönümünü qeyd edəcəyimiz milli həmrəylik hadisələrinin rəsmi bayram statusu qazanmasını da, “Yaşıl dünya naminə həmrəylik ili”mizin uğurlarını da sevinc, fərəh və qürur içində qeyd edəcəyik!
Əgər yaşıl rəngin anlamı haqqında axtarışa çıxsaq, qarşımıza belə gözəl yorumlar, yaraşdırmalar çıxar:
Yaşıl – sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir.
Yaşıl rəng gözəl yaşamı, cavanlığı ifadə və tərənnüm edir.
Yaşıl – bölüşməyin, əməkdaşlığın, cömərdliyin rəngidir.
Ümidverici təsirə malikdir yaşıl rəng. – Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. – Bax, bu son cümlə lap tutdu məni. – Bizim mədəniyyət sınırlarımız 86.6 min kv. km deyil axı... Mədəniyyət coğrafiyamızı daim yaşıl tutmaqçün bütün dünya azərbaycanlılarının gözbəbəyi olan müstəqil Azərbaycan Respublikasının intibahına hamımız qatqıda bulanmalıyıq. İntibahın rəngi də bayrağımızın rənglər qurultayınca, ən azı onlardan biri – yaşıl rəngdədir... Rəngimiz solmasın!
Gəlin, sonda cənab Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsinə dair Sərəncamından bir bölümə diqqət edək:
“İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
...BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.
Bu dəqiq təsbitdən sonra deyiləcək bir cümlə var:
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ