İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP İdarə Heyəti bu gün namizədini elan edir

Əksər partiya rəhbərləri seçkidə iştirakla bağlı mediadan ünvanlanan suallardan yayınmağa çalışır

Növbədənkənar prezident seçkisi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasının vaxtı məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, İdarə Heyətinin genişləndirilmiş iclası 15 dekabrda Heydər Əliyev Mərkəzində keçiriləcək. İclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib. Beləliklə, 7 fevral növbədənkənar prezident seçkisində namizədini rəsmi olaraq ilk elan edib irəli sürən YAP olacaq. 

İndiki prezident İlham Əliyev 2003-cü il oktyabrın 15-də və 2008-ci il oktyabrın 15-də mandat alıb. 2009-cu ildə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsi yasağı götürülüb. 2013-cü il oktyabrın 9-da İlham Əliyev yenə prezident seçilib.

2016-cı ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb və prezidentə növbədənkənar prezident seçkisi elan etmək hüququ verilib. 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar seçkidə İlham Əliyev qalib gəlib. Qeyd edək ki, artıq dekabrın 9-dan etibarən Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar namizədlər - seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürə bilərlər. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanacaq və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək.

Seçki Məcəlləsinə əsasən, şəxsin namizədliyini irəli sürə bilməsi üçün 60 fərqli seçki dairəsindən 40 min imza tələb olunur. 

Azərbaycan Konstitusiyasına görə, ölkə ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququ olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan vətəndaşı prezident seçilə bilər. Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsini alan namizəd prezident seçilmiş sayılır.

Namizədlərin irəli sürülməsi ilə bağlı rəsmi təqvim müəyyən olunsa da, siyasi partiyalarda səssizlik və qeyri-müəyyənlik müşahidə olunur. 

Hələlik YA-dan başqa heç bir partiya seçkidə iştirak edib-etməmək barədə qərarını verməyib və namizəd irəli sürməyib.

Əksər partiya rəhbərləri seçkidə iştirakla bağlı mediadan ünvanlanan suallardan  yayınmağa çalışır. 

Natiq Cəfərli: “Dini və etnik məsələlər çox həssasdır, “tezalışan”dır,  təxribatlara uymamalıyıq...” Pravda.az

Natiq Cəfərli 

Bu həftənin son günlərində bir neçə müxalifət partiyasının ali orqanlarının toplantıları keçiriləcək və seçki məsələsinin müzakirəyə çıxarılacağı barədə məlumatlar yayılıb. REAL Partiyasının rəsmisi Natiq Cəfərli qeyd edib ki, seçkidə iştirakla bağlı yekun qərar həftəsonu elan olunacaq: “İstənilən halda, bizim mövqeyimiz seçkidə iştirak etməkdir. Bildiyiniz kimi, seçkidə iştirakın digər formaları da var. Digər partiyaların uzun müddətdir apardığı boykot siyasətinin nə vətəndaşa, nə də ölkəyə heç bir xeyri yoxdur. Təbii ki, bizdə boykotdan söhbət gedə bilməz”.

AXCP-nin isə 16 dekabrda qurultayı keçiriləcək. Qurultayda partiyanın növbədənkənar prezident seçkisində iştirak edib-etməməklə bağlı qərar verəcəyi bildirilir. Digər tanınmış partiyaların da yaxın günlərdə qərarlarını elan edəcəyi gözlənilir. 

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkisində siyasi partiyaların da namizəd irəli sürmək hüququ var. Ədliyyə Nazirliyi 26 partiyanı dövlət qeydiyyatına alıb: AĞ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR