İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ya Hüseyn" adlı səhifə açaraq canlı yayıma çıxdı, bunu bilən əri isə... - ŞOK

O bunu şəxsiyyətini aşağılayıcı hərəkətlər kimi qiymətləndirib və qısqanclıq zəminində Südabəni öldürmək qərarına gəlib.

Musavat.com teleqraf-a istinadən xəbər verir ki, Əfqan hadisə günü saat 19 radələrində Südabənin yaşadığı evdən çıxaraq dükana getdiyini görüb. Qadının arxası ilə irəliləyərək bıçaqla onun kürək və boyun nahiyəsinə zərbələr vurub. Südabə yerə yıxdıqdan sonra bıçaqla sifət nahiyəsinə də zərbələr endirib. Növbəti bıçaq zərbələri ilə Südabəni həyatdan məhrum etmək istəsə də, birgə nikahdan olan qızı Səidə oğlu Əli ilə hadisə yerinə çatıb, onun qarşısına kəsiblər.

Vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində Südabənin həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

"Bu məni qısqandırıb"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, tutulana qədər Görədil kəndindəki evində tək yaşayıb, rəsmən heç bir yerdə işləməyib:

"1991-ci ilin yanvarından 2017-ci ilin axırına qədər Xəzər dəniz gəmiçiliyində sürücü işləmişəm. 2017-ci ildə işdən azad olunmuşam. Həmin vaxtdan 2018-ci ilə qədər müxtəlif iş yerlərində çalışsam da, 2018-dən işsizəm.

Ağdam rayon sakini Südabə ilə 1987-ci ildə ailə həyatı qurmuşam. Həmin nikahdan 2 övladım dünyaya gəlib. 1987-ci ildən 2018-ci ilə qədər bir evdə yaşamışam. Evliliyimizin ilkin və sonrakı dönəmlərində münasibətlərimiz normal olub, axır illər ailə-məişət zəminində münaqişələrimiz olub. Münaqişələr 2018-ci ildən etibarən bizi ayrı yaşamağa vadar edib.

Münaqişələrin əsas səbəbləri işdən azad olunmağımdan sonra Südabənin işləyərək dolanışığı təmin etməsi, özünü ailədə məndən üstün tutması, məni saymaması olub.

İşlədikdən sonra onun geyimində, davranışlarında dəyişikliklər yarandı, öz xarici görünüşünə daha çox fikir verdi. Özünü yaşına uyğun olmayan şəkildə aparır, daha qısa geyimlər geyir, evə bəzən gec gəlirdi. Bu da məni əsəbləşdirir və qısqandırırdı".

"Söhbəti böyütmək istəmədim"

Təqsirləndirilən şəxs qeyd edib ki, beləcə, ailə-məişət zəminində çoxsaylı mübahisələr ediblər, 2018-ci ildə Südabə evdən çıxıb və qızı Səidənin evində qalmağa başlayıb: "Biz Görədil kəndində qonşu həyətlərdə yaşayırdıq. Bu səbəbdən Südabəni tez-tez görürdüm.

Südabə bundan sonra mənə məhəl qoymur, öz xarici görünüşü və hərəkətləri ilə mənə acıq verirdi. Hətta tanımadığım maşınlarla evə gəlirdi. Bu da məndə belə bir fikir yaratmışdı ki, onun hansısa kişi ilə şəxsi münasibəti var və ya əxlaqsız həyat tərzi keçirir.

Südabə "TikTok" sosial şəbəkəsində səhifə işlədir, canlı yayımlar da açırdı. Südabə ilə ayrı yaşasaq da, rəsmən hələ də nikahda olduğumdan bütün bunları özümə sığışdırmadım. Beləcə Südabəni öldürmək qərarına gəldim. Bir neçə dəfə bu fikir beynimdə dolaşdı, sonra imtina etdim.

Hadisədən təxminən 2-3 ay öncə qızım Səidənin yaşadığı evin həyət qapısını döydüm və Südabənin harada olmasını soruşdum. Bu hərəkətləri ilə bağlı onunla yekun söhbət aparmaq istəyirdim. Hətta söhbət əsnasında Südabəni öldürə də bilərdim.

Qızım həmin zaman Südabənin evdə olduğunu dedi. Mən isə evə girmək istəmədiyimi bildirdim, Südabəni çölə çağırdım. O, çölə çıxmadı. Səidənin böyük oğlu, yəni nəvəmi gördüm. Onlara ürəyim yandığı üçün bu söhbəti böyütmək istəmədim və oradan getdim".

"Mən axı sənə nə etmişəm?"

Əfqanın sözlərinə görə, bütün günü evdə olub, axşam saat 19 radələrində siqareti olmadığı üçün dükana getmək istəyib: "Üzərimdə boz rəngli paslanmış bıçaq da vardı.

Bıçağı adətən üzərimdə gəzdirirdim. Onu təxminən 5-10 il əvvəl tanımadığım şəxsdən təsərrüfatda işlətmək məqsədilə almışdım.

Görədil kəndində evimin qarşısında olan zaman Südabənin evdən çıxıb yol ilə harasa getdiyini gördüm. Həyət qapımdan bir neçə metr uzaqlaşarkən onun nalayiq hərəkətləri, özünü cəmiyyət içərisində normal aparmaması, bu hərəkətləri ilə məni daim qıcıqlandırması yadıma düşdü. Bıçaqla xəsarət yetirərək onu öldürmək istədim.

Sağ əlimdə bıçaqla Südabənin arxasıyca gedərək onun kürək və boyun nahiyəsindən, səhv etmirəmsə, 3 bıçaq xəsarəti yetirdim. Zərbələrin təsirindən o, yerə yıxıldı. Yerdə olarkən Südabə "mən axı sənə nə etmişəm?" dedi və qışqır-bağır salmağa başladı.

"Bundan artıq nə etməli idin ki?" deyərək ölməsi üçün onun bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi də endirmək istədim. Südabə yerdə uzanılı vəziyyətdəydi, mən onun üzərinə çıxdım. Bıçaq zərbəsinin gözünün altından tutduğunu və "xarç" səsi gəldiyini eşitdim".

 

"Məqsədim öldürmək idi"

Əfqan bildirib ki, hadisə zamanı Südabənin sifət nahiyəsinə bir zərbə endirdiyi yadındadır: "Ola bilsin, daha çox xəsarət yetirmişəm.

Südabə növbəti zərbələrdən qorunmaq üçün əlini sifətinə tərəf tutdu. Qışqırıq səslərinə kənardan qızım və nəvəm qaça-qaça gəldilər.

Onlar mənim qarşıma keçdilər. Növbəti zərbələri endirmək niyyətim olsa da, qızım və nəvəmi görərək bıçağı arxamda gizlətdim. Sonra isə bıçağı yerə atdım. Bu zərbələrdən Südabənin öləcəyini düşünərək evə getdim.

Hadisə zamanı ətrafında kimsə yox idi. Qızım və nəvəmin gözü önündə Südabəni bıçaqlamamışam. Südabəyə bir neçə bıçaq zərbəsi endirmişəm, yəni məqsədim onu öldürmək olub".

"Guya fahişəliklə məşğul olurdum"

Zərərçəkmiş Südabənin sözlərinə görə, hadisə baş verən günə qədər Ayna Sultanova parkının yaxınlığında yerləşən kənd təsərrüfatı malları dükanında xadimə işləyib: "Həmçinin üç ildir "Tik Tok" sosial şəbəkəsində "Ya Hüseyn" adlı səhifə işlədir, canlı yayımlar açaraq gəlir əldə edirdim.

Görədil sakini Əfqanla 1987-ci ildə evlənmişəm. Həmin nikahdan iki övladımız dünyaya gəldi. Evliliyimizin ilk dövründə ailə-məişət zəminində xeyli mübahisələrimiz olurdu. Əfqan məni dəfələrlə döymüşdü. Lakin ailəmin dağılmaması xatirinə bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişəm.

Əfqan əvvəllər rəsmi olaraq işləsə də, qazancından ailəyə heç bir məbləğ vermirdi. İşdən çıxdıqdan sonra isə spirtli içkilərdən istifadə edir, tüfeyli həyat tərzi sürürdü. Belə olduqda məcbur qalıb işləməyə başlamışam. Ailənin dolanışığını özüm təmin etmişəm. Lakin qazandığım pulları Əfqan məndən alaraq özü üçün xərcləyirdi.

Sonralar Əfqan mənə evdə normal yaşamağa imkan vermədi. Mənim guya fahişəliklə məşğul olduğumu bildirirdi. Xarici görünüşümə və geyimimə fikir verdiyim üçün mənim başqa kişilərlə şəxsi və intim münasibət saxladığımı düşünürdü.

Vəziyyətin dözülməz hala gəldiyini görüb bir neçə il əvvəl birgə yaşadığımız evdən çıxdım. Qızım Səidənin evi çəpər qonşuluğunda yerləşdiyi üçün onunla qalmağa başladım. Bundan sonra Əfqanla əlaqəm kəsildi. Əfqan evində tək qalırdı. Yəni rəsmi olaraq boşanmasam da, faktiki ər-arvad kimi də yaşamamışam".

"Dedi, səni öldürəcəm"

Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat təxminən 17 radələrində işdən icazə alaraq çıxıb:

"Təxminən saat yarım sonra evə çatdım. Qızım Səidə və nəvəm evdəydi. Həmin gün maaş da almışdım. Kənddə yaşayan Musa adlı şəxsin dükanına 150 manata yaxın borcum olduğundan borcu ödəmək istədim.

Təxminən yarım saat sonra, yəni axşam saat 19 radələrində evdən çıxdım. 20-30 metr getdikdən sonra Əfqanın evinin yanındakı dalandan ayrıldım. O, arxadan məni səsləyərək "bir dəqiqə dayan" dedi. Arxaya dönüb məndən nə istədiyini soruşdum. Bu zaman Əfqan "səni öldürəcəm" dedi və digər nalayiq ifadələr işlətdi, mənə tərəf gəlməyə başladı. Üzü dükana tərəf qaçmaq istədim.

Bu zaman Əfqan məni arxadan tutaraq boyun və kürək nahiyəmdən bıçaqla bir neçə zərbə vurdu. Zzərbələrin sayını bilmədim, yerə yıxıldım. Kürəyi üstə yerdə uzanılı şəkildə olarkən Əfqan bir əli ilə saçımdan tutdu, ayaqları ilə qarnımı sıxaraq üzərimdə oturdu".

"Səsimə qızım və nəvəm gəldilər"

Zərərçəkmiş bildirib ki, qışqıraraq qızını, ətrafdakı insanları köməyə çağırmağa çalışıb: "Əfqan əllərimi ayaqlarının arasına alaraq sol əli ilə boğazımdan tutdu. Sağ əlindəki bıçaqla isə sifət nahiyəmə zərbələr endirməyə başladı. Bıçaq sol qaşımın üstünə dəydi və içəri girdi.

Növbəti zərbələri vurmağa çalışanda əlimlə sifət nahiyəmi tutdum. Əfqan macal taparaq mənim sol gözümün alt hissəsinə də güclü bıçaq zərbəsi endirdi.

Qışqırıq səsinə qızım və 10 yaşlı nəvəm evdən çıxaraq qaça-qaça gəldilər. Əfqan növbəti zərbələrini endirməyə çalışanda qızım onu itələdi, üstümdən yerə yıxdı.

Əfqan mənim öləcəyimi düşünərək üstümə gəlmədi. Oradan uzaqlaşdı. Bir anlıq huşumu itirdim. Qızım məni silkələyərək ayıltdı.

Üzbəüz qonşunun həyətinə saldı və qapını bağladı. Vəziyyətimin ağır olduğunu görüb çölə çıxdı, yoldan keçən maşını saxlatdırdı və məni "Semaşko" xəstəxanasına apardı. Orada bir gecə müalicə aldım. Sonra evə buraxıldım. Müalicəmi evdə davam etdirdim".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 7 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR