Xocalıdan Xocalıya – Nəsiman Yaqublunun yazısı
Böyük tarixi hadisələrin şahidliyini edirik.Qarabağ torpaqlarının işğaldan azad edilməsi çox tarixi əhəmiyyəti olan hadisədir. Bu yaxınlarda Xocalıya insanlarımızın qayıtmasını, orada yaşamasını eşidəndə qəribə duyğular keçirdim..
Xocalı qətliamı haqqında ilk kitabı yazdım və 1992-ci ildə “Azərbaycan” nəşriyyatında 30 min tirajla nəşr etdirdim. Xocalı qətliamı baş verəndən 3-4 gün sonra Ağdama getdim, orada olan xocalılarla görüşdüm, soyqırım faktlarını toplamağa başladım. Rəhmətlik Allahverdi Bağırovla görüşüb xocalıların meyidlərini gətirməyə getdik, Allahverdinin ermənilərlə apardığı danışıqlarda da iştirak etdim. Elə orada Əskəran yolunun üstündə Xankəndindən gətirilən girov götürülmüş xocalılarla da görüşüb söhbət etdik. Çoxunun dişləri sındırılmış, döyülmüş insanlar...
Naxçıvanik tərəfdən toplanan meyidlər də ürək ağrıdan idi: gözləri çıxarılmış, bədən üzvlərini kəsilmiş, güllədən dəlmə-deşik edilmiş meyidləri görmək çox ağrılı idi. Ağdam məscidində isə göylərə ucalan insan nalələrini, qışıqırıq və ağlamağı indi də unuda bilmirəm. Xəstəxanaları gəzirdim. Xəstəxanalarda isə digər faciələr yaşanırdı: gecə meşələrdə, çöllərdə qalmış insanların əl-ayağını şaxta vurduğundan qapqara qaralmış və çürümüşdü. Əl-ayaqlarının kəsildiyini də eşidirdik.
Bəzilərinin beş, bəzilərinin yeddi, bəzilərinin isə daha çox qohumunun öldürülməsi, yaxud itkin düşməsi faktları da az deyildi.
Sonrakı dövrlərdə isə insanlar o yerlərə qayıtmağın mümkünsüzlüyü haqqında da düşünürdü...
Zaman keçdi, dövr ötdü və Qarabağ torpaqlarımız erməni işğalından azad edildi.Bu yaxınlarda isə azad edilmiş Xocalıya insanlarımızın qayıdışını eşidəndə çox məmnun oldum.
Bu hadisələr bir də təkrarlanmasın. Bir zamanlar faciələrındən yazdığım xocalılar haqqında zaman olsun ki, onların xoş günlərindən, firavan həyatlarından yazmaq arzum gerçəkləşsin.
ŞƏRHLƏRŞƏRH YAZ