İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN: Tunisdə qəzaya uğrayan gəminin heyətinin azərbaycanlı üzvləri azad olunub

Tunisin Qabes şəhəri yaxınlığında qəzaya uğrayan gəminin heyətinin azərbaycanlı üzvləri azad olunub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, aparılan danışıqlar və məhkəmə qərarından sonra 2 Azərbaycan vətəndaşı Tunisi tərk edib.

“Məlum olduğu kimi, 16 aprel 2022-ci il tarixində Tunis Respublikasının Qabes şəhəri yaxınlığında Ekvatorial Qvineya bayrağı altında üzən “Xelo” gəmisi əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğramışdır. Gəminin 7 nəfərlik heyət üzvündən iki nəfəri - Səfərov Fədail Əhməd oğlu və Pənahlı Əli Mirzə oğlu Azərbaycan Respublikasının vətəndaşı olub.

Gəminin heyət üzvləri hadisənin araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə həmin gündən etibarən Tunis Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Vətəndaşlarımıza zəruri konsulluq yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Tunis Respublikasının aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər ünvanlanıb, Tunis Respublikasının aidiyyəti dövlət qurumlarında görüşlər keçirilib, gəminin saxlanılan heyət üzvləri ziyarət edilib. Eyni zamanda, gəminin sahibi olan şirkətlə əlaqə saxlanılaraq, çətin vəziyyətə düşmüş vətəndaşlarımıza hüquqi və maliyyə yardımının göstərilməsi məsələsi üzrə danışıqlar aparılıb.

10 avqust 2022-ci il tarixində Qabes şəhər İbtidai Məhkəməsində keçirilmiş son məhkəmə iclasında qəzaya uğramış gəminin heyət üzvlərinin azad olunmasına dair qərar qəbul edilib. 2022-ci ilin 21 avqust tarixində vətəndaşlarımız Tunis Respublikasının ərazisini tərk ediblər.

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq harada olmasından asılı olmayaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək”, - deyə XİN-nin açıqlamasında deyilir.

 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR