İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə təhsil alacaq gənclərlə bağlı ilk siyahı təsdiq olundu

Dövlət Proqramı gənclər üçün xaricdə geniş təhsil imkanları yaradır

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul yekunlaşmış və nəticələr müəyyən olunub. Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahələri üzrə 673 nəfər Azərbaycan Respublikası vətəndaşı müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən 80 nəfər namizəd bakalavriat səviyyəsi, 149 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.

Müsabiqə üzrə digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Proqram iştirakçılarının ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil olub. Təqaüd qazanan gənclərimiz  dünyanın “Bilkent University”, “Koç University”, “Middle East Technical University”, “University of Bonn”, “University of Freiburg”, “Stanford University”,  “New York University”, “Texas A&M University”, “George Washington University(DC)”, “Imperial College London”, “University of Cambridge”, “King’s College London”, “London Business School”, “UCL”,  “University of Warwick”, “University of Strasbourg”, “University of Tartu”, “Sapienza University of Rome”, “Politecnico di Milano”, “University of Toronto”, “McGill University”, “University of British Columbia”, “University of Amsterdam”, “Korea Advanced Institute of Science and Technology (KAIST)”, “Nanyang Technological University, Singapore”, “Monash University”, “University of Sydney, ”KU Leuven" kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.

Dövlət Proqramının illik hədəf göstəricisində 400 təqaüdün verilməsi və magistratura səviyyəsi üzrə mövcud  kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd qəbulu elan olunur.

2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib ki, proqrama ümumilikdə 673 nəfər müraciət edib ki, onların 67 faizini kişilər təşkil edir: “Müraciət edənlərin 80 nəfəri bakalavr, 149 nəfəri isə magistratura təhsil pilləsini seçib. Müraciət edənlərin çoxu Türkiyə, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Belçika və İtaliya ali təhsil müəssisələrini seçiblər. Mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, ixtisasları üzrə daha çox müraciət olunub”.

Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam” – Günel Səfərova -  AzToday

Günel Səfərova

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, sözügedən proqram xaricdə geniş təhsil imkanları yaradır: “Bilindiyi kimi, xarici ölkələrdə ali təhsil kifayət qədər bahalıdır. Odur ki, maddi imkanı az olan ailələr üçün bu əla fürsətdir. İlk dövlət proqramından kifayət qədər uğurlu nümunələr var. Məzunlar dövlət idarəetmə sistemində təmsil olunurlar. Azərbaycanda ali təhsil sistemi tamam fərqlidir. Nə qədər inkişaf olsa da, xaricdə olduğu kimi effekt verməyəcək. Gənclərin xarici dili mükəmməl öyrənmək, ixtisası üzrə mütəxəssis olmaq imkanı var. Fərqli mədəniyyətlərlə tanışlıq yalnız peşədə yox, ümumiyyətlə, hər baxımdan digər keyfiyyətlər qazandırır. Bu proqramın təsdiq olunması sevindiricidir. Ümid edirəm ki, davamlı olacaq. Gənclərdən də çox şey asılıdır. Ciddi təhlil nəticəsində daha hansı universitetlərin əlavə olunacağını, yaxud siyahıdan çıxarılacağını müəyyən etmək mümkün olacaq. Bu, gənclər üçün birmənalı unikal şansdır. Ümid edək ki, onlar bu şansdan yaxşı istifadə edəcəklər və dövlətə mütəxəssis kimi töhfə verəcəklər”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il fevralın 28-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR