İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən Münxenə!

Almaniyanın Münxen şəhəri bu günlərdə yenidən beynəlxalq aləmin diqqət mərkəzindədir. Çox xoşdur ki, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Münxendə ən çox diqqət göstərilən, müraciət edilən, görüş xahiş edilən liderlərdən biri məhz Azərbaycan Prezidentidir. Bəzi ağzıgöyçəklərin (ağzından çıxanları çirkinlərin) yaramaz iddiasının tam tərsinə, İlham Əliyevin Prezident seçkilərində inamlı qələbəsi yüksək beynəlxalq qəbul gördü. Seçkidən dərhal sonradan başlayan təbrik yağmuru davam edərkən, Münxendə gördüyümüz yüksək diqqət qürurvericidir, fərəhlidir. Rəsmi xəbərlərdən tanış olduğumuz kimi, müxtəlif coğrafiyaları təmsil edən dövlət və hökumət başçıları, fərqli beynəlxalq qurumların rəhbərləri, bir sözlə, dünyanın dörd tərəfi (ən yüksək səviyyələrdə!) Azərbaycan Prezidenti ilə görüşür, danışıq aparır, əməkdaşlığln inkişafına maraq göstərir.

İlham Əliyev Münxenə növbəti dəfə Prezident andı içdikdən sonra yollandı.

Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyev ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş respublikamızda keçirilən ilk seçkilərdə inamlı qələbə qazandı.

Növbədənkənar Prezident seçkisi, Xankəndidə qutuya salınan “son mismar” bülleten, xalqın öz dövlət başçısına – Müzəffər Ali Baş Komandana qədirbilənliklə səsverməsi, andiçmənin Milli Məclisdə keçirilməsi – bütün bunlar əsla, sıradan hadisələr deyil. Tanrıya şükürlər olsun, sevincə, fərəhə, uğura öyrəncəli olmuşuq. Çox şükür, uğur uğur gətirir. 7 fevralda verdiyimiz səslərin növbəti dönəm üçün yeni uğurlar vəd etdiyinə qətiyyən şübhəmiz yoxdur!

İlham Əliyevin (2003-cü ildə) ilk dəfə Prezident seçilərkən (qarşıda duran məsələlərin həllinə dair) verdiyi vədi necə doğrultduğunu görməkçün Azərbaycanımızın yüksək sürətli, dinamik inkişaf yolu keçməsini, tarixi uğurlarını yada salmaq və Münxendəki qürurlu duruşunu dəyərləndirmək yetərlidir.

Əlbəttə, biz Münxendəki inamlı duruşumuzu, qururumuzu vurğulayarkən, işğal illərində qarşımıza çıxarılan dolanbacları, keşməkeşləri də yada salırıq.

Bəli, beynəlxalq ictimaiyyətin biganəliyi, ikili standartlar siyasətini unutmamışıq. Gərək Azərbaycanın çağırışları havada qalmazdı. Azərbaycanı nəyə qadir olduğunu döyüş meydanında göstərmək zorunda qoymaq lazım deyildi. Bu günlərdə isə AŞPA-dakı bəlli anti-Azərbaycan qərarı qətiyyən gərək deyildi!

Yeri gəlmişkən, fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri (Malta Respublikasının Xarici, Avropa işləri və ticarət naziri) İan Borqun görüşü olub.
Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - özəlliklə ATƏT-in Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. Vurğulanıb ki, ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə yönləndirilməsi önəmlidir.

Budur, indi regional və beynəlxalq təhlükəsizlik üçün Ermənistanın sabit mövqe tutması, öhdəliklərini birmənalı şəkildə yerinə yetirməsi vacibdir. Sülh sözü yox, sülh özü olmalıdır! Və bu, hamıdan çox Ermənistana gərəkdir.

Azərbaycan Prezidentinin andiçmə törənindəki parlaq nitqi ötən dönəmin qiymətləndirilməsi baxımından da, bugünümüzü və gələcəyi dəyərləndirmək baxımından da gözəl bir qaynaqdır. Həmin nitq İlham Əliyevin əsərlər külliyatında özünəxas yerə sahib olub, hər bir vətəncanlı azərbaycanlının dəfələrlə üz tutacağı məxəz olacaq. Yalnız ölkə vətəndaşları, yalnız Dünya azərbaycanlıları deyil, qardaş ölkə və topluluqlarının üz tutacağı, ilhamlanacağı nitqdən danışırıq. – “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. – Azərbaycanımızın yürütdüyü dövlət siyasəti TDT-yə baxışlarımızı çox aydın şəkildə göstərməkdədir. - Məhz bu məqamı vurğulayan dövlət başçımız TDT-ni yeganə ailəmiz adlandırdı: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”!

Münxen Təhlükəsizlik Konfransında biləvasitə və ilk növbədə Azərbaycanı təmsil edən İlham Əliyevin uğurları, deyə bilərik, yalnız Azərbaycanın deyil, Türk dünyasının çıxarlarına cavab verir. Bunu öncələr dəfələrlə görmüş, eşitmiş, bilmişik. Yalnız iki məqamı xatırlayaq: bir neçə il öncə Praqada Sərkisyanın qardaş ölkə əleyhində çərənləməsinə cavab olaraq deyilmiş “Türkiyə burada yoxdur, mən burdayam” xəbərdarlığı; ikincisi, TDT toplantılarında, TDT üzvü olmayan türk ölkə və topluluqlarının, mədəni, təhsil, və ən adi insan haqqları tapdalanan türk xalqlarının məsələsinin məhz İlham Əliyev tərəfindən yüksək ifadəsi!

Bilirsiniz, artıq dəfələrlə sübut olunduğu və şübhə yeri olmadığı kimi, Azərbaycan Prezidentinin sözü imzası qədər keçərlidir. – Etiraf edək, İlham Əliyevin haqqı var, desin ki, “sözümüzdən daha artığını etmişik, edirik”! – Dünyada, regionda baş verən çoxsaylı hadisələri, siyasi-ideoloji, sosial-iqtisadi, mədəni-mənəvi, hərbi, diplomatik gedişləri böyük bir tabloya proyeksiyalamağı bacaran hər kəs, etiraf edər ki, Qarabağda, Gündoğar Zəngəzurda, özəlliklə Qarabağın dağlıq bölgələri üzərində əldə edilmiş nəticələr sözdən, vəddən daha artıqdır. İllər uzunu aparılan beynəlxalq səviyyəli danışıqları, sülh üçün ilkin sənəd layihələrini xatırlayınca, nələr yada düşür? – “Status-kvo”, “5+2”, “mərhələli həll”, “yüksək status” və s. Əslində, bunun da cavabı Prezidentin bu ilin yanvarında yerli TV-lərə verdiyi müsahibədə öz parlaq ifadəsini tapıb: “Təbii ki, biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır”.

Qarabağda, Gündoğar Zəngəzurda, özəlliklə Qarabağın dağlıq bölgələri üzərində əldə edilmiş nəticələr bütün Türk dünyasının çıxarlarına xidmət edir! - Güney Qafqazdakı ən nataraz, yeganə işğalçı və qurama dövlət üzərində parlaq qələbəmiz hər bir türk ölkə və topluluğuna Azərbaycanın tarixi töhfəsidir!
“#ŞuşaBəyannaməsi” digər qardaş ölkələrimiz üçün ən cazib örnəkdir. Azərbaycan öz ərazi bütövlüyünü hələ bərpa edə bilməmiş dost ölkələrçün örnək təşkil edir.

Şair demiş, SEVİN AZƏRBAYCANI!

Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR