Onlayn ictimai-siyasi qəzet
İl 2024. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Şanlı ordumuz bizi 30 illik həsrət dolu torpaqlarımıza qovuşdurub. Tarixə qızıl hərflərlə yazılan bu günləri qeyd etmək əvəzinə, Azərbaycanda hələ də 23 fevralı “Kişilər günü” kimi bayram edənlər var. O gün ki, Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yarandığı gündür. Tarixən başımıza müsibətlər gətirən həmin Qızıl Ordunun yarandığı gün. Bu günlərdə sosial şəbəkələrdə bəzi kafe, restoranların 23 fevral - “Kişilər günü” ilə bağlı reklamlarını görmək olur. Hətta bəzi ailələrdə, daha doğrusu, manqurtlaşmış bəzi ailələrdə qadınlar və kişilər bu gün üçün xüsusi hazırlıqlar görürlər. Ən faciəvi durum isə müğənnilərin hələ də sovet “ənənə”sinə bu qədər sadiq qalmalarıdır...
Xalq artisti Eyyub Yaqubovun fevralın 23-də “Kişilər günü” ilə bağlı konsert elanı verməsi isə pik nöqtə oldu.
Milli Məclisin deputatı Aqil Abbas mövzu ilə bağlı Musavat.com-a bunları deyib:
“İnsanların hələ də yaddaşından silinməyib. İki nəsil dəyişməlidir ki, yavaş-yavaş yaddaşlardan çıxsın. 23 fevral SSRİ ordusunun yaranması günüdür. Ondansa öz ordumuzun yaranması gününü “Kişilər günü” kimi qeyd etsinlər. Bu, əslində 20 Yanvar qırğınını törədənlərin bayramıdır. Ermənilərin arxasında duran, Qarabağı işğal edənlərin bayramıdır. Biz niyə bunu qeyd etməliyik? 14 fevralı da “Sevgililər günü” kimi qeyd edirlər. Beyinlərə elə girib ki, zaman lazımdır ki, bunlar çıxsın, bir də təbliğat güclü olmalıdır”.
Deputat Fazil Mustafa da məsələ ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb:
“Bu, sadəcə savadsızlıqdır. Həmin gün kimsə tədbir keçirə bilər. Ancaq niyə “Kişilər günü?” adı ilə. Bu, nəyi göstərir? Düşüncə, mühakimə qıtlığını. Heç nəyin mahiyyətinə varmadan kopyalamaq vərdişini. Dövr dəyişib, insanımız hələ ayırd edə bilmir ki, ideoloji sovet bayramını müstəqil Azərbaycana bu cür transfer etməzlər”.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ