Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların növbəti raundu Almatıda baş tutacaq. Bu barədə artıq rəsmi Bakı və İrəvan arasında razılıq əldə olunub.
Bəllidir ki, belə bir təklif az öncəki İrəvan səfəri zamanı Qazaxıstan prezidenti Kasım-Jomard Tokayevdən gəlmişdi. Azərbaycan buna dərhal razılıq verdi. Ardınca Ermənistan fakt qarşısında “hə” deməli oldu. Çünki “burcutmağa” yer qalmırdı.
Hər halda KTMT və Avrasiya İqtisadi Biliyində Ermənistana tərəfdaş sayılan Qazaxıstan “yad ölkə” də sayılmaz. Ən əsası, o, Bakı və İrəvan arasında sülh müqaviləsini səmimi şəkildə arzulayan dövlətlərdəndir. Hansısa vasitəçiliyə də iddia etmir. Sadəcə, görüş üçün şərait yaradır. Bunu Qazaxıstan XİN-in sözçüsü bu gün bir daha təsdiqləyib.
“Almatıda keçiriləcək danışıqlar sırf olaraq Azərbaycan və Ermənistan arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir”. Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smayidarov gözlənilən görüşün təfərrüatları barədə açıqlamasında belə deyib.
Yəni Almatı danışıqları sırf ikitərəfli mahiyyət daşıyacaq və ya ikitərəfli formatda olacaq...
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzəyan son dəfə tet-a-tet bu ilin fevralında Berlində Almaniya XİN rəhbəri Anjela Berbokun vasitəçiliyi ilə danışıqlar aparıblar. Berlin müzakirələrinin tərəflər arasında sülh sənədini nə dərəcədə yaxınlaşdırdığı məlum deyil.
Eləcə də ondan qabaq Vaşinqtonda dövlət katibi Antoni Blinkenin moderatorluğu ilə baş tutmuş çoxgünlük danışıqlarda nəticə olmamışdı. Bir səbəb vasitəçi dövlətlərin, özəlliklə ABŞ-ın vasitəçilik missiyasında güddüyü konkret maraqlara bağlıdırsa, digəri yəqin ki, rəsmi İrəvanın həmin vasitəçilərin, xüsusən də Fransanın olduğu masada özünü daha rahat hiss etməsi, bunun təzahürü kimi də özünü yetərli dərəcədə konstruktiv aparmaması ilə əlaqədardır.
Azərbaycan bunu yaxşı bildiyindən haqlı olaraq, Ermənistanla ikitərəfli – vasitəçisiz formata üstünlük verir. Artıq nəticələr də var: Qazaxın 4 kəndi ilə bağlı 19 aprel anlaşması. Ondan qabaq – ötən ilin dekabrında isə “COP 29”-nun Bakıda keçirilməsi və saxlanılan hərbçilərin (32 + 2) mübadiləsi ilə bağlı yenə ikitərəfli əsasda razılıq əldə olunmuşdu.
Şübhəsiz, qarşılıqlı etimadın artmasına xidmət edən bu qəbil presedentlər getdikcə çoxalacaq. İkitərəfli formatın üstünlüyü həm də ondadır ki, yerdə NƏTİCƏ özünü daha tez göstərir və İran başda olmaqla, heç bir bədniyyətli dövlət prosesə etiraz edə, pəl vura bilmir. Ona görə ki, Rusiya, ABŞ, Fransa, İran daxil, onların hamısı formal olaraq bölgədə daimi sülhün və əməkdaşlığın, barışığın tərəfdarı kimi çıxış edir. O zaman Bakı və İrəvanın öz aralarında anlaşmasını necə təqdir etməyə bilərlər?..
Əlbəttə, ABŞ və Rusiya kimi böyük gücə, rıçaqlara malik dövlətlər istəsə, sülh prosesinə təzə-təzə sürət götürməkdə olan ikitərəfli formatdan daha böyük töhfə verə bilər. Təkrar edirik, istəsələr. Hansısa məkrli niyyət güdülməsə və haqsız tərəf kimi Ermənistana ciddi təsir göstərilsə.
Əfsus ki, belə deyil. Bunu bir dəfə - ATƏT-in bədnam Minsk Qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) timsalında görmüşük. Hansı vasitəçi dövlətlər ki, özlərinin səs verdikləri BMT TŞ-nin Qarabağ qətnamələrini belə unutmuşdular.
Amma məsələ ondadır ki, Azərbaycan Ordusu həmin qətnamələri həyata keçirib işğala son qoyandan sonra da Vaşinqton, Paris və Moskva Bakıya münasibətdə obyektiv və ədalətli ola bilmədi. Bu və digər dərəcədə. O sırada Rusiya hələ də Nikol Paşinyan hökumətini Praqa sənəsi ilə Qarabağı Azərbaycan ərazisi qismində tanıdığı üçün bağışlaya bilmir.
Başına gələn isə “başmaqçı” olar. Azərbaycanı deyirik. Kömək o yana, əgər “vasitəçilər” əngəl olmasalar, 4 kəndin davamı sülh sənədi olacaq! Həm də elə bu il...
Z.SƏFƏROĞLU
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ