Onlayn ictimai-siyasi qəzet
“Donald Tramp administrasiyasının Ukrayna məsələsi ilə bağlı təzadlı mövqe sərgiləməsi və ya “sülh planı” ilə əlaqədar qeyri-müəyyən mövqeyi Ukrayna prezidenti Volodimir Zelenskini çətin vəziyyətə salır. Tramp Ukraynanın zəngin sərvətlərinin cəmləşdiyi strateji ərazilərdə iqtisadi mülkiyyət qazanmaqda və bu bölgələrdə iqtisadi təsirlərini gücləndirməkdə maraqlıdır”.
Musavat.com xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov bildirib.
O əlavə edib ki, Trampın iqtisadi sərvətləri əldə etmək istəməsi ilə bağlı verdiyi bəyanatlar və bu istiqamətdə göstərə biləcəyi potensial səylər onun Rusiya ilə mümkün danışıqlarda əsas amillərdən biri olacağını sübut edir:
“Digər tərəfdən, Zelenski Qərbin, o cümlədən ABŞ-nin, Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanətləri verməsinə nail olmaq istəyir və bu dəstəyi əldə etmək üçün diplomatik səylərini artırmağa çalışır. Lakin Zelenskinin fikirləşdiyi və xəyalını qurduğu detalların reallaşmağı bir qədər çətindir. Çünki Ukraynadakı müharibə NATO daxilində ciddi fikir ayrılıqları yaradıb”.
Təhlilçi əlavə edib ki, Donald Trampın ABŞ-nin xarici yardımları dayandırması ilə bağlı davamlı qərarları Ukraynadan da yan keçməyə bilər: “Bunların müşayiətində Tramp Rusiya prezidenti Vladimir Putinlə mümkün danışıqlarda maraqlı tərəf kimi çıxış edir.
Bu, prosesin gedişatına birbaşa təsir göstərə bilər. Trampın mövqeyi və Ukrayna müharibəsinin “həllindəki” mümkün vasitəçiliyi Kreml üçün əlavə stimul rolunu oynayır. Çünki Rusiya belə siyasi və diplomatik yanaşmalardan çıxış edərək öz hərbi kampaniyasını daha da inkişaf etdirməyə, strateji mövqelərini möhkəmləndirməyə və Qərbin Ukraynaya dəstəyini sarsıtmağa çalışacaq.
Zelenskiyə gəlincə, o, Rusiya ilə mümkün görüşlərdə birbaşa iştirakını tələb edir. Lakin görünən odur ki, rəsmi Vaşinqtonla Kremlə bu müzakirələrin daha çox ikitərəfli formatda, yəni ABŞ və Rusiya arasında keçirilməsinə üstünlük verir. Bu isə Zelenskinin proseslərdəki iştirakının, o cümlədən gələcək danışıqlara təsir imkanlarının məhdudlaşdırılması deməkdir”.
Afaq Mirayiq,
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ