İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyandan “sülh quşu” yaratmaq cəhdi - Separatçı milyarderin sərvəti uğrunda mübarizə - TƏHLİL

Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən “Sülh təşəbbüslərinin inkişaf etdirilməsi” və Qarabağda “humanitar fəlakət”in qarşısının alınmasında xidmətlərinə görə onun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Həmin təşəbbüs qrupuna adı açıqlanmayan bir sıra nüfuzlu şəxslərin, o cümlədən Nobel Sülh Mükafatı laureatının daxil olduğu bildirilirdi.

Bu informasiya bir çox suallar doğurdu. İlk növbədə təşəbbüs qrupunun kimlərdən ibarət olması, üzv şəxslərin adlarının açıqlanmaması şübhəli məqam idi.

Digər yandan, təşəbbüs qrupunun Nobel Sülh Mükafatı kimi nüfuzlu bir ada namizəd irəli sürməsi üçün irəli sürdüyü arqumentlər...

Çünki Ruben Vardanyan Qarabağ məsələsi ilə bağlı heç vaxt heç bir sülh təşəbbüsü ilə çıxış etməyib, əksinə, bölgənin erməni mənşəli sakinlərinin radikallaşmasında, rəsmi Bakının təklif etdiyi konstruktiv danışıqlardan imtina etməsində xüsusi rol oynayıb. Digər tərəfdən isə Qarabağda süni şəkildə humanitar fəlakətin yaşanmasına birbaşa şərait yaradıb.

2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri də məhz Vardanyanın və Vardanyan kimilərin Qarabağda apardığı fəaliyyətin məntiqli nəticəsi idi. Konstruktiv danışıqlar, Azərbaycan dövlətinin təklif etdiyi inteqrasiya planını qəbul etmək, erməni mənşəli sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə şərait yaratmaq yerinə, Vardanyan Qarabağın erməni sakinlərində düşmənçilik əhval-ruhiyyəsini möhkəmləndirməyə davam edirdi.

Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Qarabağa gəlməsi ilə bu, daha qabarıq şəkildə özünü göstərdi. Heç bir ölkə tərəfindən tanınmayan, dünyanın Azərbaycanın ayrılmaz parçası kimi qəbul etdiyi Qarabağa qeyri-qanuni gəlib, burada qondarma “dövlət naziri” vəzifəsini tutmaq idi sülh təşəbbüsü?

Əksinə, 2022-ci ilin noyabrından 2023-cü ilin fevral ayına qədər - 4 aydan çox Qarabağdakı qondarma rejimin “dövlət naziri” kimi çalışan Vardanyan Qarabağ məsələsinin nizamlanma prosesinə mənfi dinamika gətirdi. O, Laçın yolunda Azərbaycanın öz gömrük və sərhəd nəzarətini bərpa etməsindən sonra Qarabağda süni şəkildə yaradılmış “humanitar fəlakət”, “blokada şou”sunun əsas müəlliflərindən də biri oldu.

Ruben Vardanyanın Qarabağ məsələsi kontekstində verdiyi müsahibə və açıqlamalarında “sülh təşəbbüslərinin inkişaf etdirilməsi” ilə bağlı demək olar ki, heç bir sitata rast gəlmək mümkün deyil. Onun açıqlamaları yalnız eskalasiyaya hesablanmış ifadələrdən ibarət olub.

Faktlara nəzər salaq.

2023-cü ilin yanvarın 22-də BBC-nin “HardTalk” verilişi üçün verdiyi müsahibədə Ruben Vardanyan Qarabağın erməni sakinlərinin adından radikal açıqlamalar verərək Qərb auditoriyasını çaşdırmağa çalışmış, azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiyanı “blokada” kimi təqdim etməyə, Qarabağda “humanitar fəlakət” yaratdığı barədə təsəvvür formalaşdırmağa cəhd etmişdi.

“Biz müstəqillik tələbinin ilk günündən demişik: başa düşürük və qəbul edirik ki, biz yan-yana yaşayacağıq, amma biz ayrı ərazi, ayrı dövlət olacağıq. Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük. “Artsax” Azərbaycanın bir hissəsi olmayacaq, bu aydındır”, - Vardanyan deyib.

“Biz əminik ki, “Artsax” Azərbaycanın tərkibində deyil, müstəqil olmalıdır”, - bu sözləri isə o, 2023-cü il mayın 23-də Azadlıq radiosunun Ermənistan xidmətinə müsahibəsində demişdi.

2023-cü il mayın 29-da Ruben Vardanyan yeni radikal açıqlama verir. O, Azərbaycan tərəfinin Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşlığını qəbul etməsinin vacibliyi haqda açıqlamasına qəbuledilməz reaksiya verir. Azərbaycanla danışıqları qəbuledilməz adlandırır.

“Artsaxlıların Azərbaycanın bir hissəsi kimi hüquqlarının guya mümkün müdafiəsi ilə bağlı demaqogiyanı davam etdirmək artıq mümkün deyil. Bizi məhv etmək və ya kölə etmək istəyirlər. Sonuncu hədd keçilib: ya sən Artsaxın müdafiəsinə qalxırsan, ya da bütün erməni xalqına qarşısan”, - deyə Vardanyan çağırış etmişdi.

Vardanyanın bu və bu kimi açıqlamalarında, sitatlarında sülhə çağıran bir təşəbbüsə, bir ifadəyə belə rast gəlmək mümkün deyil. Onda hansısa anonim təşəbbüs qrupu erməni əhalini Azərbaycana qarşı ancaq müharibəyə çağırmış, hazırlamış və təhrik etmiş Vardanyana “sülh quşu” donu geyindirmək istəyərkən nəyə əsaslanır, görəsən?

Yaxud Vardanyanın guya Qarabağda “humanitar fəlakət”in qarşısının alınmasında xidmətləri ilə bağlı... Vardanyan Azərbaycanın Laçın yoluna nəzarəti bərpa etməsindən sonra Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasına qarşı çıxan, burada süni gərginlik yaratmağa çalışan, bununla Qarabağda yaşayan erməni mənşəli insanların humanitar problemlərlə üz-üzə qalmasında əsas rol oynayanlardan olub.

“Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı açıqlama verən hər kəs Azərbaycanın maraqlarına xidmət edir”. Bu sitatı Ruben Vardanyan 2023-cü il iyulun 19-da Ağdam-Xankəndi yolunun Əsgərandan keçən hissəsini radikal separatçıların bağlamasını şərh edərkən demişdi.

Nobel Sülh Mükafatına namizəd göstərilən Vardanyan Qarabağda humanitar fəlakət şousu fonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 40 ton un yüklü karvanının Bakıdan Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarına göndərilməsinin önlənməsini birbaşa alqışlayırdı. Budur humanitar fəlakətin qarşısını almaq?

Bir başqa məqam Vardanyanın qeyri-qanuni maliyyə əməlləri ilə bağlıdır. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) hələ 2019-cu ildə R. Vardanyan barədə hazırladığı “The Troika Landromat” adlı araşdırmasında qeyd edirdi ki, “Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankı olmuş, sahiblik etdiyi “Troika Dialoq” və heç nədən xəbəri olmayan erməni fəhlələrin adlarına yaratdığı nəhəng ofşor şirkətlər vasitəsi ilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına, qeyd edilən qanunsuz əməliyyatlardan nəhəng gəlirlər əldə etməsinə dair üzə çıxan çoxsaylı faktlar var”. Araşdırmada qeyd olunurdu ki, Vardanyanın yaratdığı nəhəng ofşor şəbəkəsi milyardlarla pul vəsaitlərinin dövriyyəsini Rusiya Federasiyasına məxsus banklar vasitəsi ilə həyata keçirib.

Bu cür şəxsin – biznes fəaliyyəti belə başdan-başa çirkab içində olan Vardanyanın adının nüfuzlu Nobel mükafatı ilə birgə çəkilməsi belə absurdluq nümunəsidir.

Təkcə yuxarıda sadalanan faktlar Ruben Vardanyanın həm sülh təşəbbüsü, həm də humanitar fəaliyyəti ilə bağlı deyilənlərin əsassızlığını aydın göstərir, əksinə, onun mahir maliyyə fırıldaqçısı olduğunu deməyə əsas verir.

Əslində, Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinin absurdluğunu bu ideyanın müəllifi olan təşəbbüs qrupu da anlayır. Bəs onda Vardanyanla bağlı belə məlumatların yayılması, onun beynəlxalq gündəmdə qalmasına hesablanan addımların məqsədi nədir?

Əsas səbəb təbii ki, Ruben Vardanyanın sərvətidir. 2024-cü ilin mart ayına olan məlumata görə, Vardanyan ailəsi 1,1 milyard dollar həcmində sərvətə malikdir. Ruben Vardanyanın yaxın illərdə öz biznes imperiyasına rəhbərlik edə bilməyəcəyini nəzərə aldıqda, onun sərvəti ətrafında mübarizə, maliyyə resurslarına çıxış əldə etmək uğrunda mübarizə getdiyini sezmək olar. Şübhəli, mənşəyi bilinməyən konfidensial təşəbbüs qruplarının ortaya çıxması, Vardanyanın adı ətrafında piar quraraq gündəm yaradılması da məhz bu mübarizənin birbaşa nəticəsidir: Vardanyanın sərvətindən kim nə qədər pul ələ keçirəcək? Niyə də olmasın? Necə deyərlər, “Oğrudan oğruya halaldır”.

Heç kimə sirr deyil ki, Ruben Vardanyanın Qarabağdakı fəaliyyəti yalnız separatçı əhval-ruhiyyənin qızışdırılmasına, eskalasiyaya və hərbi qarşıdurmaya xidmət edib. Bu fonda onun namizədliyinin Nobel Sülh Mükafatına irəli sürülməsi pul əldə etmək naminə ucuz piar aksiyadan başqa bir şey deyil.

APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR