Onlayn ictimai-siyasi qəzet
Deputat Vahid Əhmədov parlamentin iclasında çıxış edərək bildirdi ki, Hesablama Palatası 2023-cü ildə 31 uyğunluq auditi həyata keçirib və bunların 27-sində ciddi nöqsanlar aşkarlayıb.
Musavat.com-un məlumatına görə millət vəkili aşkarlanan maliyyə pozuntusuna da diqqət çəkib: “Bu zaman 562 milyon manat maliyyə pozuntusunun olduğunu müəyyənləşdirib. Ümumilikdə isə ötən hesabat dövründə 1,2 milyard manat həcmində nöqsan aşkar edilib”.
Deputat bildirdi ki, aşkar edilən nöqsanlar əsasən, rüsumlar üzrə böyük borcların olması, hesabatlılığın olmaması, proqnoz göstəricilərin düzgün hesablanmaması, alqı-satqı müqavilələrinin həyata keçirilməməsi və sairlə əlaqəlidir: “Bütün bunlardan sonra belə bir nəticəyə gəlmək olar ki, problemlər daha çox satınalmalarda və mühasibat uçotunda olub. Ona görə də Hesablama Palatası bu sahələrə diqqəti artırmalıdır, yoxlama sahəsinin əhatəsini genişləndirməlidir”.
V.Əhmədov eyni zamanda bildirdi ki, problemlərin bir çoxu da mühasibat-uçot sahəsində peşəkar mütəxəssislərin olmaması ilə bağlıdır. Deputat yoxlama müddətinin qısaldılmasını da zəruri saydı.
E.Paşasoy,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ