İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzdə sülh, arxada müharibə hazırlığı...

Dünyanın üç güc mərkəzi Bakı ilə İrəvanın son razılaşmasını alqışladığı vaxtda, ermənilər sərhəddə niyə atəş açırlar? - iki fərqli baxış

Dünya gündəminin əsas mövzularından biri Azərbaycan və Ermənistan arasında sülh mətninin razılaşdırılmasıdır. Artıq dünyanın ən müxtəlif ölkələri bununla bağlı müvafiq reaksiyalar verirlər. Sülh mətninin razılaşdırılması alqışlanır. Vaxtilə münaqişənin həllində vasitəçi olan üç ölkədən - ABŞ, Rusiya və Fransadan da reaksiyalar diqqət çəkir.

Məsələn, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, administrasiya Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır. "Hər iki ölkə üçün bu, prezident Trampın davamlı sülhə dair baxışlarına uyğun olaraq, onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək üçün bir fürsətdir. İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır. İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanmasını istəyirik", - dövlət katibi belə qeyd edib.

Rusiya da Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır. Bu haqda rəsmi Moskva adından Mariya Zaxarova çıxış edib. Həmçinin onun timsalında Rusiya ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazır olduğunu bəyan edib. Habelə Fransa oxşar mövqedən çıxış edib. “Fransa onun imzalanmasının ən qısa zamanda baş tutacağına ümid edir. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmaqla Cənubi Qafqazın region xalqlarının rifahı naminə açıq sərhədləri olan sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”, - Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Beləliklə, indi əsas məsələ sazişin nə vaxt imzalanacağı, həmçinin gələcək əməkdaşlıq üçün Ermənistanın digər şərtləri nə vaxt yerinə yetirəcəyidir. Növbəti addım olaraq Ermənistan Konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiyaya dəyişikliklər edilməsi yolu ilə aradan qaldırılması baş tutmalıdır. Lakin məsələ burasındadır ki, tam tərsinə, Ermənistan ordusu Azərbaycanın mövqelərini atəşə tutur. Azərbaycanla sərhəddə gərginlik yaradaraq Ermənistan öz hərbi texnikasını artırmaq üçün Qərbdən və Hindistandan yeni silah almaq üçün əsas yaratmağa çalışır. Bu təxribatlar Ermənistan ordusunun yenidən gücləndirilməsi üçün istifadə olunur.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Ermənistan yeni aldığı silahları sərhəddə toplayır. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi müdafiə üçün deyil, hücum üçün olduğunu göstərir. Ermənistan sərhəddə təxribatlar törədərək Azərbaycanın güc tətbiq etməsinə nail olmaq və sonra bunu beynəlxalq arenada “təcavüz” kimi təqdim etmək istəyir. Bu, Ermənistanın ənənəvi informasiya müharibəsi taktikalarından biridir. Azərbaycan Ermənistanın bu təxribatlarını yaxşı başa düşür.

Ümumiyyətlə, Ermənistan baş verənlərə paralel şəkildə sürətlə silahlanır. Yəni bu ölkə sülh ritorikası altında müharibə hazırlığını gizlətməyə çalışır. Bu gün müəyyən qüvvələr tərəfindən Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan silahlı təzyiq vasitəsi kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edir. Diqqət çəkən daha bir məqam Fransanın liderliyi ilə Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş, hətta öldürücü və hücum tipli silah növlərinə aid hərbi təchizatın təmin ediləcəyi ilə bağlı aparılan kampaniyadır. Eyni zamanda Avropa İttifaqının digər üzvü Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatları da təsadüfi sayıla bilməz. Maraqlıdır ki, belə bir ərəfədə erməni spiker Alen Simonyan Azərbaycanın eskalasiyada maraqlı olmadığını deyib. O halda, “bu nə pəhriz, bu nə turşu” demək yerinə düşər...

“Bölgədə irimiqyaslı hərbi eskalasiya gözləmirəm” - hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a əvvəlcə belə proqnoz verdi. Ermənistanın və Azərbaycanın yeni müharibəyə hazırlaşmadığını düşünən hərbi analitik qeyd etdi ki, lokal toqquşmalar hər zaman aktualdır. Onun sözlərinə görə, 5 il əvvəl genişmiqyaslı hərbi əməliyyatlardan çıxan ordular belə tezliklə müharibəyə başlamazlar.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Lakin R. Məmmədli təhlükəli gedişləri olduğunu da müşahidə etdiyini açıqladı: “Risk ondadır ki, dildə sülh ritorikası ilə əməldə silahlanma ziddiyyət və sinxronluq təşkil edir. Ermənistanın hansında səmimi olduğunu söyləmək üçün təhlilə ehtiyac var. İlk növbədə silahı verənlər pafosla sülhdən danışırlar. Bu da heç bir əndazəyə sığmır. Hərb və sülh bir araya gələ bilməz. Həmin güclər isə Ermənistan ordusu üçün sürətli planı işə salıblar. Məqsəd odur ki, ermənilər məğlubiyyəti tezliklə unutsunlar və hərbi dayaq olduğunu hiss etsinlər. Yəni unutmasınlar ki, tək qalmayıblar. Bu, psixoloji nüansdır. Digər detal isə məğlub ordunu reanimasiya şəraitindən çıxarmaqdır. Belə desək, Ermənistan üçün "Marşal planı" işə düşüb. Necə ki, Hitlerdən sonra işğalçını və məğlubu dirçəltməyə başladılar".

Ekspertin nəzərincə, Ermənistan sülhün alternativi olmadığını dərk edir, amma silahlandıranlar onu təsir altına salır. Hərbi ekspert bütün hallarda yeni müharibə olmayacağına əmindir: “Ermənistan bu dəfə daha sarsıdıcı zərbə ala bilər. Azərbaycan 5 ildə boş oturmayıb. Biz daha böyük təcrübə toplaşmışıq, daha güclü silahlar almışıq. Sadəcə, Azərbaycan müharibədə maraqlı deyil. Çünki ərazi bütövlüyünü təmin edib. Yeni savaş isə Ermənistana dəstək verənlərə lazım ola bilər. Ona görə yox ki, Ermənistan nəticə əldə etsin, ona görə ki, Azərbaycan aqressorluqda ittiham edilsin. Bu baxımdan, tərəflər üçün gərginliyi aradan qaldırmaq və ən azı, əldə edilən razılaşmanın ruhuna uyğun olaraq nikbinliyi davam etdirmək lazımdır”.

Politoloq Züriyə Qarayeva “Yeni TV”nin CANLI YAYIMINDA

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayeva isə fərqli yanaşaraq Ermənistanın Azərbaycanı müharibəyə çəkdiyini, təhrikedici addımlar atdığını söylədi. Təhlilçi Ermənistan rəsmilərinin açıqlamalarının da buna hesablandığını bildirdi: “İrəvandan gələn bəyanatlardan görünür ki, Azərbaycanı günahkar çıxarmaq cəhdləri var. Guya biz militarist, qarşı tərəf sülh ovqatındadır. Halbuki bu da hibrid müharibənin əlamətidir. Ermənistan informasiya cəbhəsində yaxşı artistlik edir. Paşinyanın üç prezidentə zəngi də ona hesablanıb ki, guya İrəvan sülh müqaviləsinə imza atmaq istəyir, Bakı razılaşmır. Bu da tamamilə manipulyasiyadır”.

Siyasi şərhçi sərhəddə üçüncü və az qala dördüncü, beşinci qüvvələr yerləşdirən Ermənistanın sülh prosesində maraqlı olmadığını vurğuladı: “Daha dəqiq desək, İrəvanın xarici siyasət kursu yoxdur və asılı olduğu ölkələrin diktəsi ilə hərəkət etməkdən ibarətdir. Belə dövlətlə də dayanıqlı sülh olmaz. Çünki bir müddət sonra silah verənlərin hücum əmri də ola bilər”. Z.Qarayeva ümid edir ki, sərhəddə təxribatlara son qoyulması ilə Ermənistan irəliyə doğru addım ata bilər və ən əsası, Türkiyə ilə əlaqələrin inkişafı üçün yeni fürsətlər qazanar. Onun fikrincə, bu imkanları Azərbaycanla barış ona qazandıracaq.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR