İnsanlara hürriyət, millətlərə istiqlal!

Usubov Gürcüstana niyə getdi - Azərbaycana qarşı “vasitəçiliyə” son veriləcəkmi...

Ekspert: “Bütün müzakirə edilən məsələlər ictimaiyyət üçün açıq ola bilməz”

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstana səfər edib. 

Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Ramil Usubov Tiflisə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri ilə görüşüb. Məlumata görə, tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı həmçinin regionda cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub. 

Cənab Usubovun Gürcüstana səfərinin və aparılan müzakirələrin Qərb dairələrinin Gürcüstan üzərindən Azərbaycandakı əlamanlarına pul ötürməsinin ifşa edildiyi bir dövrə təsadüf etməsi diqqət çəkir. 

Xatırladaq ki, mediada yayılan məlumatlarda “5-ci kolona” Qərbdən Azərbaycanda təxribatlar yaratmaq üçün ötürülən vəsaitlərin Gürcüstan bankları vasitəsilə və onların ərazisində realizə edildiyi, ötürüldüyü faktlarla diqqətə çatdırılıb. Buna Azərbaycanla strateji əməkdaşlıqlar edən qonşu Gürcüstanın yol verməsi tənqid də olunub.

Mümkündür ki, cənab Usubov Təhlükəsizlik Şurasının katibi kimi bu fəaliyyətin nə dərəcədə təhlükəli olmasını və bütövlükdə regional təhdidlərə təkan verdiyini də konkret faktlarla Gürcüstanın müvafiq qurumlarının diqqətinə çatdırıb. 

Bəs Gürcüstan bu qanunsuz “vasitəçiliyin” qarşısını alacaqmı? 

Çingiz Qənizadə: Xalq öz Prezidentinə inanır və güvənir - AZƏRTAC

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov Gürcüstana səfəri hər iki ölkənin müvafiq qurumları və orqanları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən bir səfərdir: “Gürcüstan Azərbaycanla həm dost, həm qonşu ölkə olmaqla yanaşı, Azərbaycanla strateji əməkdaşlıq eləyən bir ölkədir. Bu baxımdan Gürcüstanla Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi həmişə gündəmdə olub və general-polkovnik Ramil Usubovun səfəri də bunu təsdiq edir. Şübhəsiz ki, hörmətli Ramil Usubovun səfəri də bu əməkdaşlığın dərinləşməsinə, həlli lazım bilinən məsələlərin həllinə mühüm töhfə verəcək. 

Son zamanlar həbs edilmiş xaricdən maliyyələşən QHT-lərin, media subyekti adlanan qurumların əməkdaşlarının maliyyəsinin məhz Gürcüstan üzərindən ötürülməsi ilə bağlı ifşaedici faktlar ortaya çıxıb və cəmiyyətə açıqlanıb. Hesab edirəm ki, dost ölkələr arasında bu kimi məsələlərə həssaslıqla yanaşılmalıdır. Qonşu ölkədə sabitliyin pozulmasına yönələn hərəkətlərin maliyyələşdirilməsi üçün tranzit kimi istifadə edilən dövlət buna dərhal reaksiya verməlidir. Gürcüstan Azərbaycana dost olduğu üçün buna reaksiya verə bilərmi və bu, nə dərəcədə Gürcüstan qanunvericiliyi ilə uyğundur-uyğun deyil, mən bunu deyə bilmərəm, amma görünən budur ki, maliyyənin çatdırılması üçün Gürcüstandan tranzit kimi istifadə olunur. Cənab Ramil Usubovun səfərində hansı məsələlərin gündəlikdə olduğu yəqin ki, ən yüksək səviyyədə razılaşdırılıb. O da təbiidir ki, bütün müzakirə edilən məsələlər ictimaiyyət üçün açıq ola bilməz. Ona görə də mən indi dəqiq deyə bilmərəm ki, bu səfər çərçivəsində haqqında söhbət gedən məsələ də müzakirə olunub, yoxsa olunmayıb. Ehtimallar və fərziyyələr üzərində Ramil Usubovun səfərində konkret hansı məsələnin müzakirə edildiyi barədə fikir bildirmək istəmirəm".

Ekspert qeyd etdi ki, hər bir halda Azərbaycan öz təhlükəsizliyini bütün istiqamətlər üzrə qoruyan ölkədir. Eyni zamanda Azərbaycan qonşu dost Gürcüstanla təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır: “Əminliklə bildirmək olar ki, general-polkovnik Ramil Usubov təhlükəsizlik şurasının katibi kimi qarşıya qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirib. Bu səfər gündəmdə olan məsələlərin Gürcüstan dövlətinin nəzərinə çatdırılması, müəyyən məsələlərin həlli üçün xahiş və tələblərin qonşu ölkənin müvafiq orqanlara bildirilməsi baxımından da əhəmiyyətli səfər olub”.     

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR