Onlayn ictimai-siyasi qəzet
"Artıq qarşıda hökumət hesabatı yoxdur. Növbəti il üçün büdcənin müzakirəsinə yəqin ki, indiki Parlament zaman etibarilə çatdırmayacaq. Mən belə güman edirəm ki, növbəti büdcənin qəbuluna qədər yeni Parlament seçkiləri keçiriləcək. Onda da yəqin ki, millət vəkilləri uşaqpulu məsələsini gündəmə gətirməyə çalışacaq".
Bu sözləri Referans.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı son günlərdə gündəmə gələn uşaqpulu məsələsinə münasibətdə bildirib.
Deputat bildirib ki, uşaqpulunu başqa bir formada ifadə edib, ehtiyacı olan ailələrin övladlarının 18 yaşınadək maddi təminatını yaxşılaşdırmaqçün əslində indi qüvvədə olan ünvanlı sosial yardım platforması kimi vermək mümkündür: "Biz bu məsələni dəfələrlə Milli Məclisin iclaslarında qaldırmışıq. Demişik ki, qaydalarda müəyyən dəyişiklik etməklə kifayət qədər bunu ünvanlı sosial yardım kimi transfer eləmək olar. Elə ailələr var ki, onların uşaqpuluna ehtiyacı yoxdur. Ana- ata işləyir. Ailəni dolandırmaqçün yüksək əməkhaqqı alırlar. Evə 3-4 min manat pul gəlirsə, o ailədəki uşağa maddi yardım göstərilməsinə nə ehtiyac var? O ailələr ki, həqiqətən maddi ehtiyacları var, ailənin gəliri uşaqları böyütməyə imkan vermir, bu cür ailələrin uşaqlarına mütləq kömək etmək lazımdır. Mənə elə gəlir ki, ən ədalətli, optimal yanaşma budur".
Deputat hesab ki, bir insanın 1 aylıq istehlak səbəti nə qədərdirsə, o məbləğdə də uşaqpulu vermək olar".
Qeyd edək ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsində yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Qanun 2024-cü il yanvarın 1-dən qüvvədədir.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ