İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlarımızın TikTok-a girişi qadağası gündəmdə

Ekspertlərdən SOS: “Nəinki TikTok, bütün sosial şəbəkələr uşaqlar üçün qadağan olunsun”; Sosioloq: “Sosial şəbəkələrdə azyaşlı qızlar fahişəliyi təbliğ edirlər”; Psixoloq: “18 yaşa qədər uşaqlara mütləq qadağalar tətbiq olunmalıdır”

Azərbaycanda uşaqların TikTok sosial şəbəkəsinə girişi qadağan edilə bilər. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda keçirilən dəyirmi masada bildirib, bəzi ölkələrdə bu platformaya giriş artıq qadağan olunub və Azərbaycan da bu istiqamətdə addım atmalıdır.

Elgün Səfərovun sözlərinə görə, ölkədə uşaqların 75 faizi hər gün internetdən istifadə edir, 45 faizdən çoxu isə gündə 5 saatdan artıq onlayn olur. Respondentlərin 67 faizi isə valideynlərin uşaqlara internet istifadəsində heç bir məhdudiyyət qoymadığını bildirib.
Komitə rəsmisi bu vəziyyətin uşaqları zərərli informasiyalar və hətta insan alveri riskləri ilə üz-üzə qoyduğunu deyib.

Ümumiyyətlə, son zamanlar ölkədə sosial şəbəkələrin, xüsusən də TikTok-un uşaqların tərbiyəsinə göstərdiyi mənfi təsir müzakirə olunur. Valideynlərin populyarlıq, baxış, abunə sayı və dolayısı ilə maddi gəlir əldə etmək məqsədilə uşaqlarından canlı yayınlarda, paylaşımlarda istifadə etməsi halları geniş yayılıb.

Xatırladaq ki, ölkənin TikTok platformasında azyaşlı Adəmin qazandığı populyarlıq, təhsil almaq yerinə sosial şəbəkənin fenomeninə çevrilməsi və onu buna valideyni Sadiq Məmmədovun cəlb etməsi nəticəsində sonuncu 30 sutka azadlıqdan məhrum edilib.

Çin hökuməti uşaq və yeniyetmələrin TikTok-a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var. Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada TikTok-a ancaq xüsusi “VPN” vasitəsilə daxil olmaq mümkündür.

TikTok yetkinlik yaşına çatmayan uşaqların proqramdan istifadəsinin qarşısını ala bilmədiyinə və onların məlumatlarından sui-istifadə etməsinə görə İngiltərədə təxminən 16 milyon dollar cərimələnib.

Psixoloqlar isə deyirlər ki, Tik-Tok videoları uşaqları şiddət, söyüş, bayağı ifadələr, cinsəllik, cinsi və psixi istismar və s. kimi yollara sürükləyə bilir. Uşaqlar bu cür videoları çox rahatlıqla çəkib paylaşa bilirlər. İstifadəçilərin məxfi kimlik bilgilərini ələ keçirmək bu proqramda daha asandır. Uşaq və yeniyetmələrimiz bir tərəfdən də bu yolla təhlükəli, psixopat insanların təsirinə məruz qala bilərlər.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb:

1b1408a7-1dc1-4ecb-b144-e18a33fd96c3.jpeg (91 KB)

“Artıq 15 ildir ki, bu problem var və getdikcə daha da kəskinləşir. Danışmaqdan, müsahibə verməkdən, göstərməkdən yorulmuşuq. Ortada ağır bir vəziyyət var, lakin çıxış yolu görünmür. Gənclər əldən gedir, uşaqlar əldən gedir. Virtual məkan isə pozğunluq yuvasına çevrilib. Sosial şəbəkələr biabırçı vəziyyətdədir. Təkcə TikTok yox, Instagram da əxlaqsızlığın yayılması üçün dəhşətli bir platformaya çevrilib.

Valideynlər uşaqlarına məqsəd vermək, düzgün tərbiyə vermək əvəzinə onların əlinə telefon verirlər. 10, 12, 13 yaşlı qızların və oğlanların əlinə smartfon verilir və bu uşaqlar dəhşətli bir məkana atılır. Guya burada maariflənəcəklər, amma əvəzində psixoloji terrora, əxlaqsızlığın və narkomaniyanın təbliğinə məruz qalırlar, kriminala yönəlirlər. Sanki valideynlər məqsəd qoyublar ki, uşaqlarını mümkün qədər tez psixoloji və mənəvi cəhətdən məhv etsinlər. Bu artıq sadəcə məsuliyyətsizlik deyil – açıq şəkildə təhlükəli bir davranışdır.
Bu səbəbdən dövlət uşaqları belə valideynlərin əlindən xilas etməlidir. Bəzi ölkələrdə ciddi tədbirlər görülür, sosial şəbəkələrə giriş məhdudlaşdırılır və ya tamamilə qadağan edilir. Elə ölkələr var ki, hətta 16 yaşa qədər sosial şəbəkələrdən istifadə tam şəkildə qadağandır.
Mən təklif edirəm ki, artıq çox gec də olsa, amma yenə də gələcəyimizi xilas etmək naminə, Azərbaycanda da 16 yaşa qədər uşaqlara smartfon verilməsi və sosial şəbəkələrdən istifadəsi rəsmi şəkildə qadağan olunmalıdır. Bu qaydanı pozan valideynlərə ciddi cərimə və cəza tətbiq olunmalıdır. Xüsusilə qız uşaqları ilə bağlı vəziyyət olduqca acınacaqlıdır. Təsəvvür edin ki, sosial şəbəkələrdə azyaşlı qızlar fahişəliyi təbliğ edən kontent paylaşırlar, əxlaqsızlığı nümayiş etdirirlər. Bu, dəhşətli və biabırçı bir durumdur.
Dövlət nəhayət ki, bu məsələ ilə bağlı ciddi qanun qəbul etməlidir. Mənəvi terrora, psixoloji təzyiqə qarşı ciddi mübarizə aparılmalı, sosial şəbəkələrdə bu cür fəaliyyət göstərən kanallar bağlanmalı, məsul şəxslər cəzalandırılmalı və bu məkanlar boykot edilməlidir.
Uşaqlara yalnız və yalnız valideyn nəzarəti altında, evdə internetdən maarifləndirici və faydalı məqsədlər üçün istifadə etməyə icazə verilməlidir. 16 yaşına qədər uşaq internetdə sərbəst buraxıla bilməz. Çünki virtual məkan xaotik, nəzarətsiz, təhlükələrlə dolu bir məkandır. Burada hər cür zorakılıq, əxlaqsızlıq, psixoloji təzyiq açıq şəkildə yayılır.
Valideynlər hansı ağıla sahibdir ki, 13 yaşlı qızına smartfon verib bu dəhşətli alimın cənginə atır?! Sadəcə məsuliyyətsizlik deyil, həm də təhlükəli bir psixoloji vəziyyətdir. Belə valideynlər ya psixi problemlidir, ya da məcburi şəkildə müalicəyə cəlb olunmalıdır. Əgər valideyn uşağını məhv etməyə yönəlik davranışlar edirsə, dövlət bu uşaqları onun əlindən almalıdır. Bu, dövlətin birbaşa vəzifəsidir.

Bəzi ölkələrdə əgər valideyn uşağın psixi və mənəvi sağlamlığına zərər vurursa, uşaq ondan alınır və dövlətin himayəsinə verilir. Bizdə də bu cür qanunun qəbul olunma vaxtı çoxdan çatıb. Uşaqların əxlaqsızlığa, narkomaniyaya, kriminala və digər təhlükəli meyillərə yönəlməsinin əsas səbəbkarı – əminliklə deyirəm – 90%-dən çox hallarda valideynlərdir. Ona görə də belə valideynlər məsuliyyətə cəlb olunmalı, cərimələnməli və zəruri hallarda uşaq onların əlindən alınmalıdır.
Bu insanlar öz uşaqlarına qarşı mənəvi terror həyata keçirirlər. Uşaqları pozğun bir virtual məkana itələyirlər. Bizdə guya informasiya təhlükəsizliyinə nəzarət edən qurumlar var – amma bu nəzarət yalnız kağız üzərində qalır. Gerçəkdə heç bir ciddi nəzarət və müdaxilə yoxdur”.

Sosioloq qeyd edir ki, təcili şəkildə qanun qəbul olunmalı, sosial şəbəkələrdə uşaqların təhlükəli kontentə çıxışına imkan verən kanallar bağlanmalı, bu fəaliyyəti təşkil edənlər cəzalandırılmalıdır: Bu məkanlara giriş məhdudlaşdırılmalı və uşaqlar qorunmalıdır. Bugünkü yeniyetmələrin davranışına baxanda görürük ki, millət olaraq mənəvi baxımdan iflasa uğrayırıq. Cəmiyyətin vəziyyəti açıq-aşkar fəlakətlidir. Ona görə də mən bu məsələdə yalnız dövlətə güvənirəm. Yalnız dövlət bu biabırçılığın qarşısını ala bilər və almalıdır. Çünki dövlətin yeganə vəzifəsi vətəndaşların mənəvi və fiziki sağlamlığını təmin etməkdir. Əgər bunu yerinə yetirirsə, bu dövlətdir. Əks halda, onu dövlət adlandırmaq olmaz”.

Psixoloq Ülviyyə Murtuzova da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, uşağın şəxsiyyəti əsasən 6 yaşına qədər formalaşır və bu dövrdə gördüyü, yaşadığı təcrübələr onun şəxsiyyətinin təməlini təşkil edir:

0060b87d-a79d-4f2d-9684-243445d48bdf.jpeg (186 KB)

“6-12 yaş arası isə bu formalaşmanın dərinləşməsi, özünü dərk etmə, tanıma və şəxsiyyət tipinin konkretləşməsi dövrüdür. Əgər bu yaşlarda uşaq sosial şəbəkələrə daxil olursa, bu, onun şəxsiyyətinin əsas kökünü zədələyir. Çünki həmin dövr insanın özünü tanıması, dərk etməsi və təsdiq etməsi dönəmidir.
Hazırda uşaqlarda sosial şəbəkələrdən asılılıq yaranıb. Onlar cizgi filmlərinə də deyil, böyüklərin baxdıqları görüntüləri izləyirlər. Bu dövrdə uşaqların qarşısında olan davranış modelləri əsasən görüntü və müşahidə yolu ilə formalaşır. Onlar sosial şəbəkələrdə yetkin insanların paylaşdığı videolara baxır, orada həyatın necə təqdim olunduğunu izləyir, kimlərin nə danışdığını, necə davrandığını görür və bütün bunları normativ qəbul edir. Burada qeyri-adekvat, qeyri-normal, hətta anormal davranışların nümayişi uşaqlar tərəfindən "normal" kimi qəbul olunur.
Uşaqların bir-birinə müraciət forması, salamlaşması, sağollaşması, bir-biriləri haqqında fikir bildirmələri – bütün bu davranışlar da sosial şəbəkələrdə gördükləri modellərlə formalaşır. Bu, birbaşa insanın intellekti və sosial qarşılıqlı əlaqələri ilə bağlıdır. Özünü qiymətləndirmə, dəyərləndirmə, cəmiyyətdə təsdiqləmə və şəxsiyyətin tam formalaşması baxımından uşaqlar artıq valideynlərini deyil, hər gün asılı olduqları sosial şəbəkələrdə gördükləri insanları nümunə götürürlər. Oradakı insanlar onların gözündə ideal, etalon olur. Onlar da düşünürlər ki, həyat yalnız bu şəkildə yaşanmalıdır, bu gedişat normaldır.
Təsəvvür edin ki, 6 yaşa qədər uşağın görüntü üzərindən dərk etdiyi həyat budur və buna uyğun formalaşır. Bu isə cəmiyyətin gələcəyi üçün təhlükəli siqnaldır. .
aqressiya sonradan yaranan bir duyğudur və uşaqlarda aqressiyanın yaranmasının əsas səbəbi ya valideynlərin onlara qarşı çoxlu qadağalar qoyması, onları daim cəzalandırması, ya da cəmiyyətdə görülən aqressiyanın uşaqlar tərəfindən normativ qəbul edilərək təqlid edilməsidir: “Onlar da eyni davranışı nümayiş etdirirlər: bağıraraq, çığıraraq danışmaq və bu cür davranışları nümunə olaraq götürürlər. Əgər evdə valideynlərdə belə bir mühit yaşanırsa, uşaq bunu sosial şəbəkədəki insanlardan da görür və bu davranış tərzini mənimsəyir. Amma sosial platformaların bütövlükdə yalnız mənfi təsirindən danışmaq düzgün olmaz. Onların təsiri istifadəçidən asılıdır. Dünyada bu platformalardan müsbət şəkildə istifadə edənlər də var. Təəssüf ki, bizdə bu platformalar çox bərbad vəziyyətə düşüb və onların mənfi təsirləri, düşündüyümüzdən daha dərin və dağıdıcı olub. Cəmiyyətdə faciənin əsas toxumu da buradan atılıb. Övladlarımızın yanlış istiqamətdə böyüməsinin əsası belə qoyulub. Çox təəssüf edirəm, amma bu vəziyyətə "dayan" deməyin vaxtı çoxdan çatıb”.
Psixoloq qeyd edib ki, uşaqların sosial şəbəkələrdən istifadəsi qəti şəkildə qadağan olunmalıdır: “Mən deyərdim ki, bu qadağa 18 yaşa qədər tətbiq olunmalıdır. Uşaq artıq yetkinlik yaşına çatdıqdan sonra istifadəyə icazə verilməlidir ki, onda nə etdiyini dərk edə bilsin. O vaxta qədər isə verilən zərərin qarşısını almaq mümkün olmayacaq”.
 
Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR