Onlayn ictimai-siyasi qəzet
Parlamentdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı çıxış edən deputat Razi Nurullayev əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya hesabata görə təşəkkür etdi: “Bahar xanım peşəkar, dövlətçiliyə bağlı və işinin öhdəsindən gələn dəyərli komitə sədridir”.
Daha sonra deputat diqqəti boşanan ailələrə, hər iki tərəfin - qadın və kişinin hüquqlarının qorunmasına və aliment məsələsinə yönəltdi: “Onlarla insan bu tip problemlərlə İnsan hüquqları komitəsinin üzvü kimi mənə və təmsil etdiyim Milli Cəbhə Partiyasına müraciət edir. Onları analiz edib görürəm ki, bizim qanunlar çox gözəldir və universal insan hüquqlarını özündə əks etdirir. Amma, adət-ənənələrimiz, milli mentalitet dediyimiz bır sıra məsələlər onların həyata keçirilməsinə imkan vermir.
Qarşı tərəflərdən biri milli-mənəvi, mental, adət-ənənə, namus-qeyrət məsələlərinə istinad edərək alimenti ödəməmək üçün hər vasitəyə əl atır. Digər tərəf isə alimentin məbləğinin artırılması üçün hər vasitəyə əl atır. Son zamanlar müraciət edənlərin sırasında kişilərin sayı çoxalıb. Bu məni çox təəccübləndirir”. R.Nurullayev dedi ki, müraciət edənlər içərisində bir nəfər məhz alimenti ödəyə bilmədiyinə və qarşı tərəfin də onun məbləğinin artırılması üçün daim məhkəməyə müraciət etməsini əsas gətirib özünə sui-qəsd etmişdi: “Mən şəxsi əlaqələr vasitəsilə onu rayondan Bakıya tez bir zamanda çatdıraraq həyatını xilas etdik. Bütün zamanlar bu tip məsələlərdə qadınları müdafiə etmişəm və bu belə də olacaq. Uşaq varsa, boşanıb-boşanmamasından asılı olmayaraq, kişi ailə başçısı hesab olunur, ailəni kişi dolandırmalıdır və vəzifəsini yerinə yetirməlidir. Əslində, bu da tərəfimdən mentalitetə, adət və ənənələrə söykənən bəyanatdır. Belə də, ümumi olaraq, kişinin qazancının böyük hissəsi ailə və uşaqlarının qayğılarına xərclənir. Orta hesabla kişi maksimum 20% qazancını özü xərcləyə bilir. Bununla bərabər, gender bərabərliyi, qadın hüquq və azadlıqları deyəndə, feminizm ideyaları ortaya atılanda bu birtərəfli ola bilməz. Hüquq və azadlıqlar birtərəfli olmur, hüquq və azadlıqlar anarxiya demək deyil, bir nəfərin hüququ başlayanda o biri tərəfin hüququ məhdudlaşır. Azadlıq da anarxiya və özbaşınalıq deyil. Azadlığın da çərçivələri var və məhdudiyyətlərlə bərabər başlayır. Ailə quran insanlar nigah anından bir çox azadlıqlarını qurban vermiş olur və gərək bu hal ilə barışsınlar. Biz dünyəvi və demokratik ölkəyik.
Adət-ənənəyə, dini qaydalara və mentalitetə söykənən qanunlar qəbul edə bilmərik. Amma, bəlkə də problemin az da olsa səngiməsi üçün müəyyən addımlar atmaq olar. Məhz, elə bu acıdan təkliflər vermək istəyirəm. Birinci, Aliment Fondunun yaradılması vacibdir, amma proses həddindən çox uzanır. İkinci, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin nəzdində Mediasiya Şurası tipində bir qurum formalaşdırmaq olar ki, onlar məhkəmədən öncə ailələrə qanunlarla bərabər, həm də yaşadığımız cəmiyyətin ata-babalarımızdan gələn ənənələrini də başa salmağa çalışsınlar. Çünki, məhkəmə yazılmış qanunlar əsasında qərar çıxarır və demək olar ki, əksər hallarda ən azından ya qadın, ya da kişi tərəfindən birmənalı olaraq rədd edilir. Üçüncü, xüsusən rayon və kəndlərdə hüquqi savadsızlıq tüğyan edir. Az qala 90 faiz əhali heç ərizə yaza bilmir, nəinki adi hüquqi prosedurları bilsin. Onun üçün də Komitəyə bu vəzifəni həyata keçirmək üçün əlavə vəsait nəzərdə tutulsun. Sonda, hər zaman dediyim bir fikri yenə də vurğulayıram. Qız uşaqlarının tamının ali təhsil almasına, peşə sahibi olmasına nail olmaq üçün onların pulsus ali təhsilə və peşə məktəblərinə cəlb olunmasına çağırış edirəm”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ