Onlayn ictimai-siyasi qəzet
“İlk prezidentliyi dövründə Donald Trampın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə “isti” yanaşmadığı göz önündə idi. Xüsusilə, aydın görünürdü ki, Tramp USAID proqramlarının əhəmiyyətli hissəsinin ABŞ-ın əsas maraqlarına cavab vermədiyindən narazıdır. Lakin o dövrdə Donald Tramp qətiyyətli addımlar atmadı, müxtəlif ölkələrdə rəngli inqilabların tətikçisi rolunda çıxış edən bu təşkilatın fəaliyyətinin məhdudlaşdırılması yönündə hərəkətlilik müşahidə olunmadı. İndi isə vəziyyət fərqlidir, Trampın daha qətiyyətli addımlarını görürük”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
O xatırladıb ki, Azərbaycan rəhbərliyi hələ illər öncə USAID-in fəaliyyətindəki neqativləri ABŞ rəhbərliyinin diqqətinə çatdırmışdı:
“Çox təəssüf ki, o zaman bu narahatlıqlara ciddi yanaşılmadı. Azərbaycanın xəbərdarlıqlarına məhəl qoyulmadı. Elə bu səbəbdən də 2024-cü ilin fevralında hökumət USAID ilə müqavilə müddətini uzatmadı. Donald Trampın USAID-lə bağlı qərarı həm də Azərbaycanın haqlı olduğunu göstərdi. Bir daha təsdiqləndi ki, Azərbaycan dövlətinin USAID ilə bağlı qərarı olduqca düzgün və ədalətli olub. Ölkəmizdən sonra Gürcüstan və digər ölkələrin də USAID ilə bağlı oxşar addımlar atması Azərbaycanın uzaqgörənliyini və güclü siyasi iradəsini təsdiq edir”.
Deputat Arzu Nağıyev bildirib ki, ABŞ-da hakimiyyətə gələn Tramp komandası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb:
“USAID Azərbaycanda 34 il fəaliyyət göstərib. O zamanlarda Azərbaycan torpaqları işğal altında idi və USAID dədə-baba torpaqlarından qaçqın düşən azərbaycanlıların üzləşdiyi problemlərinin həllinə “soyuq” yanaşırdı. Hələ 2-ci Qarabağ müharibəsi zamanı USAID-in dövlətimizə qarşı kampaniya aparması da yaddaşlardan silinməyib. Azərbaycanda oturub işğalçıların müdafiəsinə qalxırdılar. COP29 sammiti ərəfəsində insan hüquqları məsələlərini qabartmaqla ölkəmizə qarşı təzyiq kampaniyası aparmağa çalışırdılar.
Ötən 34 ildə bu təşkilat Azərbaycanda 450 milyon dollardan çox vəsait xərclədiyini açıqlayıb. Bu vəsaitlər hansı layihələrə yönəldilib?”
Deputat qeyd edib ki, Ağ Evin açıqladığı USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr haqqında məlumatlara diqqət etdikdə təşkilatın bəyan etdiyi fəaliyyətdən çox-çox kənarlaşdığı açıq-aydın görünür:
“Bu bir faktdır ki, ABŞ hərbi kontingenti Əfqanıstanda olduğu dövrdə bu ölkədə narkotik istehsalı ən yüksək səviyyəyə çatdırılıb. USAID Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrənin alınmasına milyonlar xərcləyib. Bu maliyyələşmənin arxasında dayanan niyyət də gizli olmayıb. Qurulan sistemlər üzərindən narkotik istehsalının artırılması hədəflənib.
USAID ABŞ tərəfindən terror təşkilatı olaraq tanınmış “Əl-Qaidə” üçün 10 min porsiya yemək alıb. Yəni ABŞ-ın hesabına bu dövlətin terrorçu kimi tanıdığı terrorçuları yedirib-içirib!
Hələ dünyada “yarım kişi”, “yarım qadın”ların təbliğinə ayırdığı vəsaitlər də var. Məsələn, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuziklinə milyonlar sərf olunub. Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığa 2 milyon dollar xərcləyiblər.
ABŞ vergi ödəyicilərinin hesabına Vyetnam üçün elektromobillərə 2 milyon 500 min dollar, Misirdə turizmin maliyyələşməsinə 6 milyon dollar silinib. Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsinə milyon yarım dollar, inkişaf edən ölkələrdə personallaşdırılmış kontraseptivlərin maliyyələşdirilməsi və s. xərclər də USAID-in səmərəsiz fəaliyyətinin göstəricisidir.
ABŞ-ın dövlət israfçılığı və korrupsiya ilə mübarizə aparan DOGE qrupuna rəhbərlik edən İlon Maskın USAID-i “məhvə məhkum qurum” və “cinayətkar yuva” adlandırması da bu baxımdan təsadüfi deyil. Mask bu təşkilatın müxtəlif qeyri-şəffaf fəaliyyətlərdə iştirak etdiyini də gizlətmir. Bioloji silahların hazırlanmasından tutmuş narkotik məhsulların istehsalına qədər maliyyələşdirdiyini açıq deyir.
Azərbaycan isə USAID-in pozucu və səmərəsiz fəaliyyətini illər öncədən tənqid edirdi. ABŞ-da bu təşkilatla əlaqəli verilən son qərar haqlı olduğumuzu təsdiq edir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ