İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ulusal kanal tv” də Qərbi Azərbaycan həqiqətlərinə dair sənədli filmi nümayiş etdiriləcək - VİDEO

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri Azərbaycan həqiqətlərinin yayılması, milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımızın təbliği məqsədi ilə bir sıra layihələr həyata keçirirlər.

Musavat.com xəbər verir ki, Türkiyədə media sahəsində tanınan, vətənpərvərlik, tarix, mədəniyyət mövzularına daha çox önəm verən və bu istiqamətdə layihələr həyata keçirən Ulusal Kanal TV-si ilə Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq çərçivəsində cari il 7 fevral tarixində Qərbi Azərbaycan həqiqətlərinə dair “Nəsil ağacı” sənədli filmi nümayiş etdiriləcək.

Film Qərbi Azərbaycandan öz yurd yerlərindən deportasiya olunmuş soydaşlarımız, tanınmış ailələr və ziyalılardan bəhs edir. Sənədli ekran əsərində  Azərbaycan xalqının min illər böyu böyük mədəniyyət yaratdığı Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası, məşhur şəxsiyyətləri, zəngin mətbəxi, hadisələrdən böyük əziyyət çəkən insanların taleyi  və  bir neçə ailənin həyat hekayəsi əks olunub. Filmdə vurğulanır ki, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) azərbaycanlı əhali XX əsrdə dörd dəfə kütləvi deportasiyaya məruz qalıb və bu deportasiyalar zamanı 1 milyondan çox azərbaycanlı öz vətənlərini tərk edərək qaçqın həyatı yaşamağa məcbur olublar. Buna baxmayaraq, qərbi azərbaycanlılar öz adət-ənənələrini qoruyub, gələcək nəsillərə çatdırırlar.

Filmdə əsas ideya budur ki, “Nəsil ağac”-larının budaqları Azərbaycan Respublikasında olsa da, onun kökləri tarixi Qərbi Azərbaycan torpaqlarındadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.

Ssenari müəllifi Ayaz Mirzəyev olan filmin prodüseri Elnur Niftəliyevdir və film filmi Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türk dilinə çevrilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR