İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən müharibəsi - ilin sonunadək Rusiya ordusu məhv ediləcək?

Hərbi ekspert: “Ukraynaya verilən keyfiyyətli silahlar öz işini görür...”

Xerson vilayətində Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatına başlaması və ilk uğurları haqda məlumatlar gəlməkdədir. Bu, müharibənin 6-cı ayından sonra ilk genişmiqyaslı əks hücum hesab edilir.

Ukraynanın hərbi-strateji hədəfləri bəlli. Bu hədəflərə nə qədər zaman ərzində çatmaq mümkün olacaq, nəzərə alsaq ki, qarşıdan payız, ardınca da qış gəlir?

“Ukrayna Silahlı Qüvvələrinin hazırda ən çox reaktiv yaylım atəş sistemləri və texnikaya ehtiyacı var. Bu, ABŞ-dan istədiyimiz ən vacib şeydir”.

Bu barədə Axar.az-a açıqlamasında tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib. “İndi bizə tanklar, zirehli maşınlar, güclü artilleriya lazımdır - həm lüləli, həm reaktiv. Əgər bu üç milyardlıq paketdə məhz belə yardım olacaqsa, onda müharibənin əsas fazası ilin sonuna qədər başa çatacaq. Biz bu ilin sonuna qədər Rusiya ordusuna ağır zərbələr vuraraq, 1991-ci ilin ümumi qəbul edilmiş sərhədlərinə çıxa biləcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Co Bayden Ukraynaya təxminən 3 milyard dollar həcmində hərbi yardım paketinin ayrıldığını bəyan edib.

Azərbaycanlı hərbi ekspertlərin proqnozu necədir? Rus ordusunun Ukraynada ömrünə doğrudanmı 4 ay qalıb?

Orduda TÜRKİYƏ MODELİ: “Bir generalı eyni vəzifədə bir neçə ildən çox  görməyəcəyik” – Rövşən Məhərrəmov

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, NATO dövlətləri, əsasən də ABŞ Ukrayna ordusunu silahlandırır: “Yəni Ukrayna hələ NATO üzvü olmadan NATO silahı ilə silahlanır. Bu silahlar isə bəllidir ki, xüsusi təyyarələrlə daşınır. Bu isə çətinliklər yaradır. Ukrayna ordusunda tam şəkildə briqadalar üzrə komplektləşdirilmə aparılmır və hücumlarda, döyüşlərdə həm uğurlu nəticələr alınır, həm də uğursuzluqlar olur. Ukrayna ordusunda ağır texnikalar, ağır artilleriya silahları çatışmazlığı həll edilir. Ukrayna ordusunun problemlərindən biri ştata uyğun komplektləşdirilmənin zəif aparılmasıdır. Rus ordusu bu məsələdə öndədir.

Qış aylarında müharibə aparmaq şübhəsiz ki, çətinləşəcək. Daha çox çətinliyi Rusiya ordusunun yaşayacağına şübhə yoxdur. Başqa dövlətin ərazisində müharibə aparan ordunun qarşısına sərt iqlim də bir yandan əlavə problemlər, çətinliklər çıxarır. Rus ordusuna qarşı Ukraynada partizan dəstələri də fəaliyyət göstərir. Rusların durumunu bu faktor bir qədər qəlizləşdirməkdədir. Ukraynaya silahların gəmilərlə daşınmasına qərar verilməsi isə rus ordusunun yaxın aylarda vəziyyətini bir qədər də ağırlaşdıracaq, Ukrayna Silahlı Qüvvələri yeni əldə etdiyi silahların hesabına əks hücumlarını, hərbi əməliyyatlarını genişləndirəcək və sərtləşdirəcək".

Ekspertin sözlərinə görə, yaxın həftələrdə döyüşən briqadalar ştata uyğun komplektləşdikdən sonra iki ay müddətində rusların işğal etdiyi ərazilərin bir hissəsi azad ediləcək: “Xerson vilayəti tam şəkildə azad olunmalıdır. Xarkovun və Zaporojyenin işğal altındakı bəzi rayonları da tam şəkildə azad ediləcək. Artıq Ukrayna Silahlı Qüvvələri bu istiqamətlərdə hücuma keçib. Bütün bunlar öz bəhrəsini verməlidir. Ona görə də iki aya ruslar 2014-cü ildəki mövqelərinə qədər geri oturdulacaqlar. Bu mənim proqnozumdur. Lakin deyilənlərin yüz faiz reallaşması üçün qərara NATO dövlətləri, xüsusilə də ABŞ Ukrayna Silahlı Qüvvələrini tam şəkildə ştata uyğun silahlandırsınlar. Bu gün görünən odur ki, müharibə getdikcə genişlənir və rus ordusunun zərərinə proses dərinləşir. Ukraynaya verilən keyfiyyətli uzaqvuran artilleriya qurğuları öz işini görür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR