İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən müharibəsi -101-ci gün: Rusiya başladı, ABŞ durduracaq!

Baydenin yeni raketləri müharibədə növbəti fazadan xəbər verir, Kreml bərk narahatdır - Təhlil

Rusiyanın Ukrayna ərazilərində törətdiyi hərbi təcavüzün 100 günü geridə qaldı. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, artıq müharibənin 101-ci gününə daxil olunub və Putinin “Z” ordusu domino daşı kimi dağıdılmaqdadır. Bununla belə hesab etmək olmaz ki, 100 gün rus ordusu üçün nəticəsiz olub: Mariupol, Xerson, Melitopol ərazilərinin işğalı, bütövlükdə Ukrayna ərazilərinin 20 faizi Rusiyanın nəzarətindədir.

Prezident Zelenski bunu belə müqayisə etmişdi: Avropada üç ölkənin - Belçika, Lüksemburq və Niderland əraziləri qədər torpaq itirilib. Faktiki 125 min kvadratmetr ərazi işğalçı qoşunların tapdağı altındadır. Lakin müharibə davam edir və Ukrayna ordusu Xerson istiqamətində əks-hücum əməliyyatlarını davam etdirir. Əgər bu şəhəri azad edə bilsələr, Krımın inzibati sərhədlərinə çatmış olacaqlar. Həmçinin ciddi şəkildə stimul kimi qiymətləndirmək mümkündür.

Bundan əlavə, Birləşmiş Ştatların yeni reaktiv yaylım atəşi sistemlərini Ukraynaya verməsi Kiyevin üzünü güldürüb, Moskvanın qanını qaraldıb. Ard-arda Kremldən gələn açıqlamalar, Lavrov və Peskovun təşviş dolu çıxışları göstərir ki, Rusiya həm öz ərazilərinin vurulacağından narahatdır, həm də işğal edilən Ukrayna bölgələrində ordunun ciddi zərbə almasına görə həyəcanlıdır.

Hazırda rus ordusu 100 gün içində 30 mindən çox canlı qüvvəsini itirib, eyni zamanda, Zelenski də ilk dəfə rəqəm açıqlayıb və onun sözlərinə görə, ölkənin şərqində gedən döyüşlərdə hər gün 60-100 ukraynalı hərbçi həlak olur. Beləliklə, cəbhənin bir üzündə lokal nəticələrə nail olan və hələlik Krıma quru yolu təmin etmiş, Qara və Azov dənizini blokadaya almış Rusiya qoşunlarıdır, əks tərəfdə isə Xarkovu azad etmiş, Xerson və ümumilikdə 2000-dən çox məntəqə uğrunda döyüşən Ukrayna ordusudur. Paralel olaraq isə bu 100 gün içində Ukrayna ordusuna bir an belə hərbi və maliyyə yardımları səngiməyib.

Ukrayna bölünə bilər, Kiyevin solu Qərbin, sağı Rusiyanın - Azərbaycan Xalq  Hərəkatı

Ancaq Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların 6-cı paketini elan etməsi, neft məhsullarından ilin sonunadək 90 faiz imtina edilməsi də Putinin işğalçı addımlarını durdura bilmir. Habelə NATO, Vaşinqton və bütün anti-Rusiya koalisiyası atəşkəs üçün heç bir təşəbbüs göstərmir, əksinə, yeni silah-sursatlar, raketlər, haubitsalar verilməsi ilə müharibənin ömrünün uzadılmasında maraqlı olduqlarını nümayiş etdirirlər.

O baxımdan 100 günlük müharibənin yekun nəticələrini konkret olaraq tərəflərdən birinin qalib kimi görünməsi şəklində dəyərləndirmək mümkün deyil, yalnız cənub və şərq istiqamətində rus ordusu və onlara dəstək verən separatçı güclərin müəyyən üstünlüyündən danışmaq olar ki, 24 fevraladək cəmi 7 faiz ərazilərini itirmiş Ukrayna üçün indi bu rəqəm 20 faiz təşkil edir.

“Yeni Müsavat” onu da qeyd edir ki, Rusiya-Ukrayna savaşı özünün 101-ci günündə həlledici aya, hətta həftələrə girib. Sözsüz ki, nəticədən asılı olaraq tərəflər arasında sülh danışıqlarının və ya siyasi dialoqun səmərəli olub-olmayacağından danışmaq mümkün olacaq. Sadəcə, ABŞ başda olmaqla, Qərb dövlətləri isə Ukraynaya hərbi yardımları davam etdirir. Onların arasında artıq hücum silahları və sistemləri üstünlük təşkil etməyə başlayıb.

Bu da Rusiyada ciddi təlaş yaradıb. ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ukraynada müharibə aylarla çəkə bilər. ABŞ prezidenti Co Bayden isə “The New York Times”dakı iki gün öncəki məqaləsində yazıb: “Amerikanın məqsədi sadədir: biz özünü gələcək təcavüzdən çəkindirmək və müdafiə eləmək üçün zəruri vasitələrə malik demokratik, müstəqil, suveren və firavan Ukrayna istəyirik. Prezident Vladimir Zelenskinin dediyi kimi, sonda bu müharibə nəhayət, yalnız diplomatiya yolu ilə başa çatacaq. Hər bir danışıqlar yerdəki vəziyyəti əks etdirir. Biz operativ şəkildə Ukraynaya xeyli miqdarda silah və sursat göndərdik ki, o, döyüş meydanında vuruşa bilsin və danışıqlar masası arxasında mümkün qədər güclü mövqeyə malik olsun. Buna görə də mən qərara gəldim ki, biz ukraynalıları döyüş meydanında əsas hədəfləri daha dəqiq vurmağa imkan verəcək daha yaxşı raket sistemləri və döyüş sursatları ilə təmin edək”.

Bu sözləri Ağ Evin Ukrayna ilə bağlı yaxın və uzaq hədəfi də saymaq olar. Yəni burada Rusiya üçün hər hansı qələbə perspektivi saxlanılmır.

Bəs ABŞ nə dərəcədə hədəfinə nail ola biləcək? “Vaşinqton heç vaxt Ukraynanı sülh naminə ərazi güzəştinə getməyə məcbur etməyəcək”. Bunu da Bayden bəyan edib. Həqiqətən ABŞ Kiyevə sülh üçün təzyiq göstərməyəcək, yoxsa pərdəarxasında başqa ssenarilər işlənir?

Paralel platforma isə Ankara-Moskva danışıqlarıdır. Lavrovla Çavuşoğlu görüşü Putini ərzaq şantajına son qoymağa, Qara dəniz limanlarından taxılın daşınmasına razılıq verməsinə hesablanıb. Türkiyə çalışır ki, Rusiyanı yola gətirsin, lakin Putin ərzaq təhdidinə bir şərtlə son qoymağa hazırdır - ölkəsinə sanksiyalar dayandırılsın. Amma bu tələbinin reallaşması nonsens görünür, yalnız müəyyən güzəştlər istisna deyil.

Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, ABŞ Ukraynaya daha 700 milyon dollarlıq hərbi yardım paketi açıqlayıb. Onun fikrincə, paketin ən önəmli tərkib hissəsi M142 HİMARS reaktiv yaylım atəş sistemidir. Ş.Cəfərli bildirir ki, bu, Ukraynanın silahlandırılmasında yeni mərhələnin başlanması deməkdir.

German army MARS II MLRS-E improved Multiple Launch Rocket System artillery  sniper weapon

“ABŞ-dan siqnal alan müttəfiqlər də artıq bu istiqamətdə qərarlar qəbul etməyə başlayıblar. Britaniya M-270 MLRS, Almaniya isə Mars II / MLRS-E sistemləri ilə prosesə öz töhfələrini verəcəklər. Almaniya IRIS-T hava və raket hücumundan müdafiə sistemi göndərəcəyinə də söz verib, lakin vaxtı məlum deyil. Adları çəkilən reaktiv yaylım atəş sistemləri Ukrayna ordusunun atəş gücünü xeyli artıracaq və 70-84 km dərinlikdəki düşmən mövqelərinə - qoşunların və hərbi texnikanın toplanma yerləri, komanda məntəqələri, sursat, yanacaq anbarları və s. dəqiqliklə zərbələr endirməyə imkan verəcək. M142 və M270 unikal silahlardır və 160-300 km məsafəyə zərbə endirən taktiki raketlər (ATACMS) də atır. Bu raketlər hələ ki Ukraynaya göndərilməyəcək. Amma əsas məsələ qurğuların özüdür, müharibənin gedişindən və Rusiyanın davranışlarından asılı olaraq ATACMS da növbəti mərhələlərdə savaş meydanında görünə bilər. Ukrayna ərazisi daxilində Rusiya ordusunun məğlubiyyəti niyə mümkün olmasın? Buna misal kimi tarixə baş vurmaq lazım deyil, elə hazırkı savaşda baş verənlərə nəzər yetirmək kifayətdir”.

Ukrayna müharibəsinə Qərbin birbaşa müdaxiləsi artır – Mümkün Ssenarilər

Şərhçi bildirir ki, Ukrayna ordusu Qərbin çox minimal yardımı ilə şimal cəbhəsində qələbə qazandı, Kiyevi tutmaq və ya mühasirəyə almaq planını icra edə bilməyəcəyini görən Rusiya komandanlığı salamat qalmış qüvvələrini geri çəkib, onları şərq cəbhəsinə yönəltdi: “Sonra Ukrayna ordusu Xarkov vilayətindəki lokal əməliyyatları ilə rus ordusunu Xarkov şəhəri ətrafından bir qədər uzaqlaşdırdı. Həmin istiqamətdə hazırda yavaş da olsa, irəliləyiş davam edir. Son günlər isə cənub cəbhəsində Ukraynanın irəliləyişləri var, Xerson vilayətində bəzi yaşayış məntəqələrinin azad edildiyi haqda xəbərlər gəlir. Hələ ki bu əməliyyatlar lokal-taktiki xarakterlidir. Genişmiqyaslı hücum əməliyyatları üçün NATO silahları ilə təchizatı davam edən yeni briqadaların təlimləri davam edir. Xersonu geri qaytarmaq belə bu müharibədə Ukrayna lehinə strateji dönüş olacaq, çünki  Rusiyanın hələlik bir strateji uğuru var: Krıma quru yolu açmaq. Hələ ki bu marşrut tam güvənli deyil və MLRS-lər gəldikdən sonra daha da güvənsiz olacaq. Ukraynanın Xerson vilayətini azad edib, Krımın inzibati sərhədlərinə qayıtması Rusiyanın bu uğurunu aradan qaldıracaq və belə olan təqdirdə, rus ordusunun Donbas cəbhəsindəki torpaq qazanclarının da önəmi azalmış olacaq. Xersondan sonra Zaporojyenin işğal olunmuş hissəsinin geri alınması da asanlaşacaq, çünki rusiyalılar ciddi logistik problemlərlə üzləşəcək, bəlkə də özləri oranı tərk edəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR