Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı artıq həlledici mərhələ keçmək üzrədir. Hələlik nisbi sakitliyin yarandığı müşahidə olunsa da, yaxın vaxtlarda bu savaş poliqonunda ağır döyüşlərin başlayacağı gözlənilir. Və savaşın yekun qalibinin də məhz bu ağır döyüşlərdən sonra məlum olmağa başlayacağı ehtimal olunur.
Onu da qeyd edək ki, Ukrayna savaşının başlanmasından sonra ötən müddət artıq 150 gün aşıb. Bu müddət ərzində dəfələrlə atəşkəsə və sülh danışıqlarına cəhd göstərilib. Ancaq həmin cəhdlərin hamısı birmənalı şəkildə uğursuz olub. Və bu, Ukrayna savaşının sülh danışıqları masası arxasında dayandırılmasının olduqca çətin məsələ olduğunu göstərir.
Bununla belə, Türkiyənin diplomatik cəhdləri sayəsində Ukrayna və Rusiyanın eyni anlaşmaya imza atmasına da nail olunub. Bir neçə gün öncə rəsmi Ankara "taxıl dəhlizi"nin açılmasına dair İstanbul anlaşmasının imzalanmasını təmin edə bilib. Ancaq bu anlaşmanın icrasının mümkün olub-olmayacağı hələlik kifayət qədər ciddi suallar doğurur.
Məsələ ondadır ki, İstanbul anlaşmasının imzalanmasından heç bir sutka keçməmiş Rusiya həmin sənədin icrasına problem yarada biləcək addımlar atıb. Hər halda, Rusiya ordusunun məhz "taxıl dəhlizi"nə aid edilən Odessa limanına raket zərbələri endirməsi Kremlin İstanbul anlaşmasını hər an poza biləcəyini göstərir. Və bu baxımdan, Ukrayna savaşı ətrafında diplomatik nizamlanma imkanlarına böyük ümidlər bəsləmək hələlik çox tezdir.
Ona görə də, hazırda savaşın davam edəcəyinə və hansı nəticələrə yol aça biləcəyinə yönəlik ehtimallar daha ön plana çıxmış kimi görünür. Hətta Böyük Britaniyanın xarici işlər naziri və baş nazir postuna əsas namizədlərdən biri Liz Trass Rusiyanın Odessa limanına raket zərbələri endirməsini sərt şəkildə qınayıb. O, bildirib ki, Rusiyanın Ukrayna şəhərlərinə hər raket zərbəsindən sonra Böyük Britaniya rəsmi Kiyevə hərbi yardımını daha da artıracaq.
ABŞ-ın rəsmi mövqeyi də Böyük Britaniyanın qərarı ilə üst-üstə düşür. Ağ Evdə Ukraynaya hərbi yardımları daha da artırmaq barədə düşünürlər. Hətta prezident Volodimir Zelenski ilə ABŞ konqresmenləri arasında keçirilən son görüşdən sonra məlum olub ki, Ağ Ev Ukraynaya daha 30 ədəd HİMARS və MLRS raket sistemləri verməyə hazırlaşır.
Əslində, son vaxtlara qədər ABŞ və Qərbin hərbi dəstəyinin ləngiməsindən hər imkanda şikayətlənən rəsmi Kiyev də artıq nisbətən məmnun görünür. Belə anlaşılır ki, Ukrayna ordusu nəhayət, ABŞ və Qərbin vəd etdiyi hərbi yardımları almağa başlayıb. Hər halda, Ukrayna prezidenti Volodimir Zelenski artıq yaxınlaşan qələbə barədə daha inamla danışmaqdan qətiyyən çəkinmir.
“Qələbəmizə doğru irəliləyirik” deyən prezident Volodimir Zelenski Ukrayna ordusunun Xerson vilayətini addım-addım işğalçılardan azad etməyə başladığını vurğulayıb. Onun sözlərinə görə, Donbasda və Xarkov vilayətində şiddətli döyüşlər gedir. Və Ukraynanın tarixi hərbi qələbəsi o qədər də uzaqda deyil.
Təbii ki, prezident Volodimir Zelenskinin belə optimist açıqlamalar verməsi müəyyən mənada, bəzi Qərb siyasi dairələrinin Ukrayna savaşının hələ uzun müddət, hətta illərlə davam edə biləcəyi barədə iddiaları ilə ziddiyyət təşkil edir. Xüsusilə də, NATO baş katibi Yens Stoltenberqin Ukrayna savaşının tezliklə sona çata biləcəyinə ümid bəsləməyin tamamilə yersiz olduğunu bəyanlaması hələ unudulmayıb. Hətta NATO baş katibi savaşın Rusiyanın tam zəifləməsinə qədər bir neçə il davam edəcəyini də vurğulamışdı.
Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri, Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko isə tamamilə fərqli fikirdədir. Onun fikrincə, Ukrayna savaşı tezliklə sona çatacaq və Rusiyanın ağır məğlubiyyəti ilə yekunlaşacaq. Keçmiş diplomat onu da vurğulayıb ki, Rusiya ilə müharibədə Ukraynanın məğlubiyyət ehtimalından danışmaq mümkün deyil: "Çünki ukraynalılar kölə xalq deyillər. Onlar heç vaxt bir daha Rusiyanın boyunduruğu altında qalmağa razı olmayacaqlar. Ona görə də, məğlubiyyət variantını müzakirə etməyə belə, dəyməz".
Vladimir Oqrızko hesab edir ki, hazırda yalnız Ukraynanın nə vaxt qələbə qazanacağı barədə danışmaq mümkündür. O, əmindir ki, Ukrayna ordusu ABŞ və Qərbin vəd etdiyi silahları nə qədər tez silah alarsa, eləcə də Rusiya iqtisadiyyatı nə qədər tez Putin rejimini maliyyə qaynağı təmin etmək imkanlarını itirərsə, qələbə də bir o qədər tez baş verə bilər: "Yəni, NATO baş katibi Y.Stoltenberqin ehtimallarından fərqli olaraq, Ukraynada müharibə illərlə uzanmayacaq".
Maraqlıdır ki, ukraynalı keçmiş diplomat NATO baş katibi Yens Stoltenberqin fəaliyyətindən məmnun olmadığını da qətiyyən göstərməyib. Onun fikrincə, NATO-ya Boris Conson kimi, qətiyyətli, irəliyə baxan və dünənki səhvləri bir daha təkrarlamayan bir adam rəhbərlik etməlidir: "Ona görə də indi Yens Stoltenberqi rahat buraxmaq daha yaxşıdır olar, qoy nə istəyir desin".
Keçmiş diplomat Rusiyanın müharibə üçün kifayət qədər resurslara malik olmamasını isə bir neçə önəmli səbəblə izah etməyə çalışıb. Vladimir Oqrızko hesab edir ki, əgər, gələn ilin əvvəllərində Qərb Rusiya neftindən tamamilə imtina etsə, sanksiyaların tətbiqinə davam etsə, Rusiyanın öz ordusunu təchiz etməsi üçün heç bir maliyyə qaynağı qalmayacaq. Rusiya iqtisadiyyatı artıq durğunluq dövrünə yaxınlaşır. Hərbi Sənaye Kompleksinin bir çox müəssisələri artıq fəaliyyət göstərmir, tank zavodu, avtomobil və təyyarə istehsal edən müəssisələr dayanıb.
Əgər, bütün bunlar doğrudursa, deməli, Rusiya bu ilin sonuna qədər, ən uzağı isə təxminən yaxın altı ay ərzində savaş meydanında indiki balansı qoruyub, saxlaya bilər. Ondan sonra isə Rusiya savaş poliqonunda Ukrayna ordusunun tədricən təşəbbüsü ələ alması ilə barışmalı olacaq. Bu baxımdan, Rusiyanın son davranışları o qədər də təəccüb doğurmamalıdır.
Kremldə də anlayırlar ki, Rusiyanın məğlubiyyət ehtimalı tamamilə realdır. Üstəlik, bu məğlubiyyətin baş verəcəyi zaman o qədər də uzaqda deyil. Hər halda, Ukraynaya qoşun yeridilməsinin ilk ildönümündə Rusiya artıq savaş meydanında məğlub dövlət durumuna düşmək təhlükəsi ilə üz-üzə qalmış kimi görünür. Ona görə də, Kreml həm Ukraynanı, həm də onu dəstəkləyən ABŞ və Qərbi tez-tələsik sülh danışıqlarına məcbur etməyə can atır. Buna nail olmaq üçün isə Rusiyanın əlində cəmisi iki təsirli beynəlxalq şantaj faktoru qalıb. Yəni, Kreml bir tərəfdən nüvə savaşı təhdidi, digər tərəfdən isə İstanbulda "taxıl dəhlizi"nə dair anlaşmanı imzalasa da, ərzaq böhranıyla beynəlxalq rəqiblərini Rusiyanın şərtlərini qəbul etmək məcburiyyətində buraxmağa can atır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ