İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Türkiyəyə şok ittiham - yaxşılığa cavab beləmi olur?

“Rusiya ilə əməkdaşlığı Türkiyəni təhdid edə bilər”. Bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Aleksey Arestoviç deyib. Ukrayna rəsmisinin iddiasına görə, Qərb hazırda Türkiyənin siyasətindən ciddi narazıdır.

“Əsas ittiham ondan ibarətdir ki, Türkiyə alyansın strateji düşməni adlandırılan Rusiya ilə xüsusi münasibətləri ilə NATO-nun birliyini pozur. NATO üzvü strateji düşmən olan dövlətlə bağlı konsensusu məhv edir. Bu, son dərəcə sədaqətsiz davranışdır”, - Arestoviç bildirib.

Ukrayna rəsmisi qeyd edib ki, Türkiyə hakimiyyəti NATO-ya münasibətdə “ülgüc kənarında yeriyir” və artıq bir çox ölkələr tədbir görülməsinin zəruriliyindən danışır: “Burada sual ondan ibarətdir ki, NATO bunu cavabsız qoya bilərmi? Ola bilsin ki, bəzi pərdəarxası hadisələr baş verə bilər. Amma onlar NATO-nun birliyinə və nüfuzuna dəyər verirlərsə, bunu cavabsız qoya bilməzlər”.

İndi bu nədir? Ukrayna nə üçün Türkiyədən narazı olsun ki, minnətdar olmaq əvəzinə? Ankara hansı suçun yiyəsidir?

Əvvəla, Türkiyə də Rusiya ilə diplomatiya qapılarını bağlasa, sülh necə əldə ediləcək? Ukrayna taxılı məhz Türkiyə neytral qaldığı üçün dünya bazarına çıxarılmadımı? Hansı ki, Ukraynaya milyardlarla dollar gəlir gətirəcək. Üstəlik, dünya ərzaq qıtlığı ilə bağlı qismən rahat nəfəs aldı.

Maraqlıdır ki, elə avqustun 10-da bəlli olub ki, Türkiyə Ukraynaya 200 zirehli transportyorun ilk partiyasını (50) təhvil verib. Bu barədə çərşənbə axşamı hakim “Xalqın xidmətçisi” Partiyasının deputatı Yuri Misyagin məlumat verib.

“Türkiyənin ”Kirpi" zirehli transportyorları artıq Ukrayna Silahlı Qüvvələrinin arsenalındadır", - o, öz “Telegram” kanalında yazıb.

“Dəniz Piyadaları Korpusunun iki briqadası artıq 50 belə maşından istifadə edir. Biz daha 150 maşını gözləyirik”, - millət vəkili qeyd edib.

Misyagin bildirib ki, zirehli transportyorlar əllə idarə olunan və 360 dərəcə fırlanan pulemyotla təchiz olunub. Bundan əlavə, onların yanğınsöndürmə sistemi və yaxşı mina mühafizəsi var. Avtomobil 12 döyüşçü və ekipaj üçün nəzərdə tutulub.

Az öncə isə Ukraynada “Bayraktar” istehsal edəcək zavodun işə düşməkdə olması haqda məlumat getmişdi. Hansı ki, Rusiyada qıcıq doğurmuş, Putinin sözçüsü Peskov həmin zavodun da hərbi hədəflər sırasında olacağını söyləmişdi.

Başqa sözlə, qardaş ölkə Ukraynaya bacardığı qədər hərbi dəstək də verir. O zaman Türkiyənin yaxşılığına cavab bumu? Ankara-Kiyev münasibətlərində sərinlik yarana bilərmi?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev: “Heç kimin heç kimdən inciməyə haqqı yoxdur”

Deputat Arzu Nağıyev Türkiyəyə ən ciddi tərəfdaş kimi Rusiyanı görür: “Ümumiyyətlə, Ukrayna-Rusiya savaşında hər bir dövlətin öz iqtisadi, siyasi və hərbi maraqları var. Bu şərtdir. Baxmayaraq ki, müharibə qlobal şəkildə NATO və Rusiya arasında gedir. Rusiyaya tətbiq etdikləri sanksiyalarla onu iqtisadi cəhətdən tənəzzülə uğratmağa çalışan ölkələr qarşılarındakı dövlətin bir supergüc olduğunu da unutmamalıdırlar. Rusiya tərəfi çalışacaq ki, Qərb tərəfindən gələn sanksiyaların əleyhinə olaraq müəyyən addımlar atsın, özünə yeni-yeni tərəfdaşlar əldə etsin.

Son hadisələr bir daha göstərir ki, Türkiyəyə ən ciddi tərəfdaş kimi bu gün həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən Rusiya daha məqsədəuyğundur. Əsas məsələ ondan ibarətdir ki, NATO-nun təkidlərinə baxmayaraq, Türkiyə humanitar məsələlərdə birmənalı şəkildə Amerika ilə razılığa gələrək, dünyanı aclığa, səfalətə gətirə biləcək buğda məsələsini həll edir, burada operatorlıq edir. İndi NATO hansı addımları ata bilər ki? Türkiyənin etdikləri təqdirəlayiq addım kimi dəyərləndirilməlidir. Qərb dünyası çalışırdı ki, Türkiyəni tənəzzülə uğratsınlar, qardaş ölkənin iqtisadiyyatını dağıtsınlar. Lakin buna da nail ola bilmədilər. Məhz bu gün buna görə Rusiyanın ən ciddi oliqarxları demək olar ki, öz bizneslərini Türkiyədə qurmağa çalışırlar. Son görüşdə də bir daha bunun şahidi olduq ki, maddi cəhətdən ciddi zərərlərlə üzləşən Roman Abramoviç və bəzi iş adamları Türkiyə ərazisinə yığışırlar. Digər tərəfdən, Türkiyə və Rusiya arasında olan “Bayraktar” məsələsində rəsmi Ankara Ukraynanın tərəfini saxladı. Yəni “Bayraktar”ları şimal qonşumuza satmadı.

Hər bir dövlət öz maraqlarından çıxış edir. Bu gün Azərbaycan həm Rusiya, həm Qazaxıstan, həm də Ukraynadan taxıl alır. İndi biz bu gün necə vətəndaşımızın rifahını fikirləşməməliyik? Düşünürəm ki, Azərbaycan Prezidenti həm Rusiya və Ukrayna, həm də Türkiyə və İranla bağlı çox ciddi bir siyasət aparır. Unutmaq olmaz ki, bizim Qarabağ problemimiz də var. Burada bütün regional dövlətlər maraqlıdır".

Deputat Türkiyə-Rusiya yaxınlaşmasının Ukraynanın əleyhinə olmadığını da söylədi: “Bu gün Türkiyə Ukraynaya yardım edir, onun yanındadır. Söhbət ondan getmir ki, NATO ölkəsi kimi onlarla birlikdə vuruşmalıdır. Gələcək üçün bir sıra layihələr nəzərdə tutulub ki, Türkiyə bunlardan niyə kənarda qalmalıdır? Əgər bu gün Kreml Ankaranı öz nicat yolu kimi seçibsə, öz yaxın dövləti kimi görürsə, niyə Türkiyə kənarda durmalıdır? Regionda hər bir dövlət öz maraqlarından çıxış edir. Bu gün Çinin Tayvan problemi yaranırsa, ABŞ da onu dəstəkləmirsə, o zaman Pekin hansı addımları atmalıdır? Beynəlxalq siyasətdə dostluq məfhumu ümumi maraqlardan sonra başlayır. Təbii ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı ümumi maraqlarla bağlı deyil. Bu da dünyada istisnadır. Qərb hazırda öz oyunlarını oynayır. Bu baxımdan düşünürəm ki, heç kimin heç kimdən inciməyə haqqı yoxdur. Hər bir dövlət öz mənafeyinə uyğun olaraq, daxili və xarici siyasətini qurur”.

Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"

Əhəd Məmmədli: “Ukrayna rəsmiləri sözlərində diqqətli olmalıdırlar”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bir sıra suallar ünvanladı: “Arestoviç durub Türkiyəni sədaqətsizlikdə ittiham edir. O zaman bu şəxsə sual vermək olar ki, bəs ABŞ illərdir PKK-ya minlərlə silah göndərib. Bunu videokadrlar da təsdiq edib. Öz müttəfiqi Türkiyəyə qarşı Amerika bu cür davrananda Arestoviç niyə onu sədaqətsizlikdə ittiham etmirdi? Fransa, Almaniyanı götürək. Bir tərəfdən sanksiyalara qoşulurlar, digər tərəfdən Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirirlər. Ukraynanın istədiyi tankları, raketləri vermirlər, başda Amerika olmaqla. Hava məkanını belə açmırlar. Bütün bunlar niyə yaddan çıxıb? Artıq yarım ilə yaxındır ki, müharibə gedir, müqayisə edək. Ukraynaya Türkiyə, yoxsa Almaniya və Fransa ciddi silahlar verib? Türkiyənin ”Bayraktar"ları Rusiyaya daha çox ziyan vurub, yoxsa Fransa və Almaniyanın verdiyi silahlar? Türkiyə Avropanı taxıl böhranından qurtarıb. Ukraynaya taxıl məsələsində yeni vəsaitlər gələcək. Bununla Ukrayna bir az özünə gələcək ki, bütün bunlar Türkiyənin vasitəsilə baş tutur. Budurmu indi Ukraynanın təşəkkürü? Türkiyə xarici siyasətini Arestoviçlərin istəyi ilə yerinə yetirmir. Ukrayna Türkiyə ilə münasibətləri belə şəxslərin sözləri ilə soyutsa, ancaq və ancaq zərəri özü görəcək. Bu gün Rusiya və Ukrayna arasında ara-sıra təmaslar qurulur və Türkiyə bunun səbəbkarıdır. Əgər qardaş ölkə istəməsə, kimdir bu iki slavyan ölkəsi arasında təmaslar quran? Bunun üçün də Ukrayna rəsmiləri fikirlər səsləndirəndə diqqətli olmalıdırlar".

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Rusiya Türkiyədən savayı heç kimi eşitmir”

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə tezliklə Ukraynanın səhvini düzəldəcəyini düşünür: “Türkiyə-Rusiya əlaqələrinin inkişafı hər hansı bir ölkəyə qarşı yönəlməyib. Xüsusilə bunu Kiyevin dilə gətirməsi məyusedicidir. Rusiyanın Ukraynaya qarşı ilk işğalının önlənməsi məhz Türkiyənin ”Bayraktar"ları vasitəsilə reallaşdı. Türkiyə Krımın işğalını qəbul etmir və Rusiya ilə əlaqələr hazırda Kiyevin də maraqlarına cavab verir. Çünki vasitəçidir və Moskva da Ankaraya etimad edir. Türkiyə Ukraynanın silahlanmasında da mühüm rol oynayır. Belə olan təqdirdə Kiyevin narazılığı başadüşülən deyil. Kiyevdən verilən açıqlama, sadəcə, Qərbin istəyini və demək istədiyini açıqlayır.

Ukrayna yaxşı bilir ki, Türkiyə olmasaydı, bu gün Rusiya Kiyevi və Odessanı işğal etmişdi. Taxılı limanlarda çürümüşdü. Bu gün Rusiya Türkiyədən savayı heç kimi eşitmir. Ona görə də bu, Qərbin xoşuna gəlmir. Ukrayna vasitəsilə dilə gətirirlər. Çünki Ukrayna həssas məsələdir. Düşünürəm ki, Ukrayna Türkiyə barədə səhvini düzəldəcək. Kiyev və Moskva yenə də Ankaranın vasitəçiliyi ilə bir araya gələcək və danışıqlar aparacaq. Türkiyə Ukraynaya verdiyi silahları məhz Kiyevə görə Moskvaya satmır. Bu gün Türkiyə və Rusiya əlaqələri məhz Ukraynanın maraqlarına cavab verir və Türkiyədən kənar heç bir dövlət səmimi şəkildə Ukraynanın tam qalibiyyətini istəmir. Ukraynanın qalib gəlməsi Türkiyə üçün də vacibdir. Çünki Qara dənizdə Rusiyanın mövqeyi zəifləyəcək. Ona görə də Kiyevin bu açıqlaması Ankaranın deyil, Ukraynanın maraqları üçün təhlükəlidir. İki ölkə arasında münasibətlərin gərginləşməsinə gəldikdə isə belə bir əsas səbəb yoxdur. Ankara Kiyevi tam dəstəkləyir. Ola bilər ki, Qərbin təlimatı ilə Ukrayna buna getsin. Amma buna gedəndə üç dəfə bu məsələni düşünməlidirlər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR