Onlayn ictimai-siyasi qəzet
Bu gün Dövlət Müstəqilliyinin Bərpası Günüdür!
Gün kimi gün, bayram kimi bayramdır 18 Oktyabr!
Dörd il öncəyədək günümüz gün deyildi, bayramlarımız da bayram dadında, ovqatında keçmirdi. İndi təqvimə yeni günlər, bayramlar gəlib; dünən də Füzuli Şəhəri Günü idi! Vətən müharibəsinədək işğal günləri ilimizi, ömrümüzü işğal etmişdi və bayram günləri də, necə deyərlər, arada qalırdı. İndi bayram bayramla çiyin-çiyinədir: Şəhər Günləri də, Dövlət Müstəqilliyinin Bərpası Günü də bir-birini tamamlayır, bir-birini ifadə edir, bir-birini doğurur və Zəfər işıqlı məzmunlarla doldurur... Heç təsadüfi deyil ki, bir çox digər əlamətdar gün və bayramlarımızı yenidən ayarlayan Ümummilli liderimiz də, Prezident İlham Əliyev də, təqvimimizi məhz Xalq Cümhuriyyəti dönəminə aid ilklərə kökləyib. 1991-ci ildə baş verən prosesin əsl adı Müstəqilliyin Bərpasıdır. Zatən, Konstitusiya Aktı (Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, respublikamızın demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq), “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannaməni rəhbər tuturdu.
Bunlar öz yerində, öz üfüqündə, göyündə və Günəşində olsun; beləliklə, hər şey öz yerini alıb, göy üzündən qara buludları dağıdınca və Azərbaycan özü Dünyaya Günəş kimi doğunca, bayram-bayrama qarışdı. Günlərin, bayramların paradı yaşandı – lap planetlər paradının cazibadarlığı, onların Yer üzünə bəxş etdiyi kosmik emosionallıq və kainatın estetikası kimi...
Bir də, axı, kainatın ruhu, ərşin-gürşün nizamı vardır, kosmik qanunanuyğunluqlar vardır, illa vardır. “Bir zərrənin işığına milyonlar şərik”kən, böyükdə kiçiyi, kiçikdə böyüyü barındıraraq, maddə-maddə, molekul-molekul, atom-atom... şəkillənmələr, modelləşmələr vardır.
Ayrıca, insanlığın ekologiyası, mədəniyyətin iqlimi təbii ekologiyaya, iqlimə (və qarşılıqlı) təsirə malikdir. Bayramlarımız bayram dadını itirdiyi zamanlarda, Qarabağ, Gündoğar Zəngəzur bərəkətdən düşmüş, bulaqlar qurumuş, çaylar sozalmış, quşlar perik düşmüşdür – biz belə yaraşdırırdıq. Müharibələr torpağın bərəkətini pozur, o torpaqlardan qovulan adamlar qədər mina basdıran zehniyyətsizlər qanmırdı ki, qan-qada ilə yurd olmaz. Ola bilmədilər də. İndi Müstəqilliyin Bərpası Günü Şəhər günləri ilə və əlbəttə, şəhərlərimizin, qəsəbə və kəndlərimizin bərpası ilə süslənir. Dövləti, şəhəri, qəsəbə, kəndi bərpa etmək olur, bəs çirklənmiş, sonsuz günahlara batmış ruhu bərpa etmək olurmu? Biz (yaşıl enerjimiz daxil) bərpaolunanlarımızı bərpa etmişik, edirik və edəcəyik; qoy, haylar öz çirkli, zədəli və bərpaolunmayacaq ruh hallarına baxa-baxa qalsınlar… Ha Fransa, ha Hindistan, ha bir başqa ölkədən kəramət (bu misalda, silah) gözləməklə iş aşmaz. - Özü-özünə edənə el yığılsa, neynər?.. Ermənistan adıüstündə “baştutmamış dövlət”dir, vəssalam! Katasdr-madastr, sənəd-filan - Ermənistan üçün bunların funksionallığı olmayacaq, olsa-olsa, muzey eksponatı ola bilər…
Qarabağa, Zəngəzura (hələlik Gündoğar bölümünə) insanlıq qayıdır, mədəniyyət qayıdır, bərəkət qayıdır. O torpaqlar öz ilkin və əbədi sakinləri ilə - o torpaqlarda yaşama, yaradıb-qurma haqqı olanlarla gül-çiçək açır, yaşıllanır. Səttar Bəhlulzadənin 1963-cü ildə çəkdiyi “Torpağın arzusu” şah əsərinə baxmısınız, elə deyilmi?..
Torpağımızın da, suyumuzun, ağacımızın da, adamlarımızın da arzuları çin olsun!
Şəhidlər ölmədi, Vətən bölünmədi!
MÜSTƏQİLLİYİMİZİN BƏRPASI GÜNÜ QUTLU OLSUN!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ