İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç türk dövləti Ankara Bəyannaməsi imzaladı - yol xəritəsi

Dünyada və bölgəmizdə baş verən münaqişələr Türkiyəni, Cənubi Qafqazı, Orta Asiyanı ən etibarlı ticarət marşrutu halına gətirib

Yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib. Qeyd edilib ki, iclasın gündəliyi xarici siyasət məsələləri və regional əməkdaşlıq, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də əlaqəni inkişaf etdirməklə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsinə yönəlib.

APA-nın Türkiyə müxbiri xəbər verib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşün açılış mərasimində bildirib ki, tədarük zənciri və bölgəmizdə baş verən münaqişələr Türkiyəni, Cənubi Qafqazı, Orta dəhlizi ən etibarlı ticarət marşrutu halına gətirib.

O qeyd edib ki, enerji böhranı Cənubi Qafqaz və Mərkəzi Asiyanın geostrateji əhəmiyyətini artırıb və Türkiyəni enerji mərkəzinə çevirib.

Nazirin sözlərinə görə, üç ölkə iclasın nəticələrinə əsaslanaraq əməkdaşlığı dərinləşdirmək üçün "Yol xəritəsi" hazırlayacaq.

Hakan Fidan bu formatdakı iclasların Türküstan, Cənubi Qafqaz və Anadolunun nəqliyyat və enerji bağlılığını gücləndirəcək layihələrin ələ alınması baxımından əlverilişli platforma olduğunu da vurğulayıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə qeyd edib ki, Türkiyə Azərbaycan və Özbəkistanla birlikdə Orta dəhliz üzrə layihələrin icrası üçün səy göstərir. O bildirib ki, burada xüsusilə multimodal daşınmalar istiqamətində əməkdaşlığı artırmaq lazımdır.

Nazirin sözlərinə görə, Türkiyə adlı daxil olmaqla nəqliyyat dəhlizlərinə, o cümlədən “İnkişaf Yolu” nəqliyyat layihəsinə xüsusi önəm verir.

Türkiyənin ticarət naziri Ömər Bolat isə deyib ki, Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə yatırım və forum baş tutub. O qeyd edib ki, foruma hər üç ölkənin özəl sektorunun nümayəndələri qatılıb. Nazir onu da əlavə edib ki, 132 milyon əhaliyə sahib 3 ölkə toplam 1,5 trilyona yaxın ümumi milli məhsul göstəricisi ilə bölgə və dünya iqtisadiyyatı üçün büyük önəm kəsb edir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşündə çıxış edib. Nazir çıxışında Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakterini vurğulayıb, tərəfdaşlığın əsas istiqamətlərini, o cümlədən təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya sahələrini vurğulayıb.

C.Bayramov həmçinin əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə imkanları, xüsusilə də Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta dəhlizin inkişafı ilə bağlı əlavə imkanları qeyd edib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə səhifəsində paylaşımında bildirib: “Ankara şəhərində keçirilən Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumunda həmkarlarla birlikdə ölkələrimiz arasında iqtisadi birliyi gücləndirmək, biznes tərəfdaşlığının effektivliyini artırmaq, ticarət əlaqələrimizi genişləndirmək, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanlarını müzakirə etdik”.

Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransı keçirilib.

Musavat.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, görüş çərçivəsində Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb.

Nazir 3 ölkə arasında əməkdaşlığa dair "Yol xəritəsi"nin də müəyyənləşdiyini vurğulayıb.

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirib ki, Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş vacib əhəmiyyət kəsb edən görüşdür. Azərbaycan, Türkiyə və Özbəkistanın əlaqələrinin genişləndirilməsində bu tədbirin əhəmiyyətli rolu var: “Son illərdə geniş Avrasiya coğrafiyasında, xüsusən də ölkələrimizin yerləşdiyi regionda gedən proseslər yeni çağırışlar meydana gətirir. Türkiyə, Azərbaycan və Özbəkistan bu çağırışlardan irəli gələn addımları atır.  Müşahidə edilən geosiyasi proseslər fonunda meydana çıxan mühüm çağırışlardan biri nəqliyyat, logistika məsələləri ilə bağlıdır. Məlum səbəblərə görə Qara dənizin Ukrayna sahillərindəki limanları, həmçinin Rusiyadan keçən marşrutlar vasitəsilə daşımaların həcmi əhəmiyyətli dərəcədə məhdudlaşıb. Sonu görünməyən müharibə ölkələri və daşıma şirkətlərini alternativ marşrutlara üz tutmaq seçimi qarşısında qoyub. Belə bir şəraitdə nəzərlər iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin mühüm halqalar təşkil etdiyi Orta dəhlizə yönəlib. Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq çoxşaxəlidir. Bu əməkdaşlıq Orta dəhlizin inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Orta dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur. Orta dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, əlverişli coğrafi mövqe Orta dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Bütün marşrut boyunca vahid tarif, "bir pəncərə" prinsipi tətbiq olunur. Orta dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan mühüm rol oynayırlar".

Deputatın sözlərinə görə, qlobal miqyasda Orta dəhlizə marağın artmasında Azərbaycan müstəsna rola malikdir: “Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır. Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR