İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən “qoca qitə”yə xilas əli - Ərdoğandan xəbərdarlıq kimi çağırış

“Avropanın ayrılmaz hissəsi kimi biz Avropa Birliyinə daxil olmaq prosesini strateji prioritetimiz hesab edirik. Türkiyəyə layiq olduğu yer verilməzsə, Avropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyü getdikcə daha da aydınlaşır”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya xəbərdarlıq edərkən bildirib.

Ərdoğan qeyd edib ki, Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil.

Məlumdur ki, qardaş ölkə hərbi gücünə, döyüş qabiliyyətinə görə NATO-da ABŞ-dan sonra 2-ci dövlətdir. Amma 50 ildən çoxdur Türkiyə Avropa İttifaqının üzvlüyünə qəbul edilmir.

Heç olmasa, indi, ABŞ-ın öz himayəsini “qoca qitə”dən, Ukraynadan əsirgədiyi dönəmdə Avropa Ərdoğanın çağırış-xəbərdarlığını ciddiyə alacaqmı?

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropaya etdiyi xəbərdarlıq bir daha göstərdi ki, Türkiyə təkcə regional deyil, qlobal miqyasda da strateji əhəmiyyətə malik dövlətdir: “Uzun illərdir Avropa İttifaqına (Aİ) üzvlük prosesi ilə bağlı maneələrlə qarşılaşan Türkiyə bu gün Avropa üçün əvəzedilməz tərəfdaşa çevrilib. Avropanın təhlükəsizliyi, enerji təminatı və geosiyasi sabitliyi Türkiyənin rolu olmadan mümkünsüzdür. Bu gün Avropa çoxşaxəli problemlərlə üz-üzədir. Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik siyasətini sarsıdır, digər tərəfdən enerji asılılığı, iqtisadi tənəzzül və miqrasiya böhranı qitənin gələcəyini risk altına atır. Bütün bu proseslər fonunda Türkiyənin Avropa üçün əhəmiyyəti daha da artır. Türkiyə NATO çərçivəsində ABŞ-dan sonra ikinci ən böyük hərbi gücə malik dövlətdir. Hərbi potensialı, coğrafi mövqeyi və regional təsiri ilə Türkiyə Avropanın təhlükəsizliyinin əsas təminatçılarından biridir. Qara dənizdən Yaxın Şərqə, Balkanlardan Orta Asiyaya qədər geniş bir bölgədə Türkiyənin təsiri böyükdür. Əgər Türkiyə NATO-da olmasaydı, alyansın cənub cinahı tamamilə zəifləyərdi. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın təhlükəsizliyi Türkiyənin aktiv müdafiə siyasətindən asılıdır”.

Siyasi şərhçi deyib ki, Türkiyə NATO-nun ən güclü ordularından birinə sahib olmaqla yanaşı, həm də alyansın mühüm missiyalarında iştirak edir: “Suriya, Livan, Liviya və digər bölgələrdə Türkiyənin hərbi varlığı regional stabilliyin qorunmasına töhfə verir. Avropa ölkələri hərbi baxımdan ABŞ-dan asılıdır. ABŞ-ın Avropaya əvvəlki qədər önəm verməməsi Türkiyənin rolunu daha da artırıb. Bu baxımdan, Avropa Türkiyə ilə əməkdaşlığı gücləndirmədən öz təhlükəsizliyini təmin edə bilməz. Əgər Avropa qitəsi öz sərhədlərini qorumaq və regional münaqişələrin təsirindən yayınmaq istəyirsə, Türkiyə ilə yaxın münasibətlər qaçılmazdır. Enerji təhlükəsizliyi Türkiyənin Avropa üçün nə qədər vacib olduğunu sübut edən əsas sahələrdən biridir. Avropa uzun illər Rusiya qazından asılı olub. Ukrayna müharibəsi başlayandan sonra isə bu asılılıq daha böyük təhlükələr yaradıb. Türkiyə məhz bu məqamda əsas enerji tranzit ölkəsi kimi ön plana çıxıb. Hazırda TANAP (Trans-Anadolu Boru Kəməri) və TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə Azərbaycan təbii qazı Avropaya Türkiyə üzərindən daşınır. Bundan əlavə, Türkiyə Yaxın Şərqdən, Mərkəzi Asiyadan və hətta Şərqi Aralıq dənizindən Avropaya enerji daşıyan əsas tranzit ölkədir. Türkiyə bu gün enerji layihələrini şaxələndirərək Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verməkdədir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Orta Asiya ölkələrindən gələcək enerji resursları da məhz Türkiyə vasitəsilə Avropaya çatdırıla bilər. Bundan əlavə, Türkiyənin nüvə enerjisi sahəsində atdığı addımlar onu enerji sektorunda daha mühüm aktora çevirir. Avropa enerji asılılığını azaltmaq istəyirsə, Türkiyə ilə strateji əməkdaşlığı daha da gücləndirməlidir. Əks halda, Rusiya və digər enerji təchizatçılarından asılı qalmaq Avropanın enerji siyasətində ciddi problemlər yarada bilər.

Türkiyə uzun illərdir Avropa İttifaqına üzv olmaq istəyir və bu, onun strateji hədəflərindən biridir. Lakin Aİ bu prosesi davamlı olaraq uzadır, müxtəlif siyasi və iqtisadi maneələr yaradır. Əslində Türkiyə rəhbərliyi artıq anlayır ki, Avropa ona tam üzvlük vermək niyyətində deyil. Türkiyə üçün Avropa iqtisadi, texnoloji və ticarət baxımından əhəmiyyətlidir. Amma Türkiyə artıq öz alternativlərini də yaradır. Türk Dövlətləri Təşkilatı, Çinlə artan əməkdaşlıq, Rusiya və Afrika bazarlarına açılım kimi addımlar göstərir ki, Türkiyə təkcə Avropaya bağlı qalmır. Ərdoğanın Avropanı xəbərdar etməsi isə göstərir ki, əgər Aİ Türkiyəni qəbul etməzsə, Türkiyə alternativ yollar tapacaq və nəticədə Avropa bu fürsəti əldən vermiş olacaq".

A.Hüseynov Avropanı korafəhmlikdə ittiham edib: “Avropa Türkiyənin əhəmiyyətini indi-indi dərk etməyə başlayır. Amma bu proses çox gecikib. Əgər Avropa 20-30 il əvvəl Türkiyəni Aİ-yə üzv qəbul etsəydi, indi tamamilə fərqli bir qlobal balans olardı. Hazırda Avropa həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan zəifləməyə başlayıb. ABŞ Avropanı əvvəlki kimi dəstəkləmir, Rusiya təhdidləri artır, Çin güclənir. Bu vəziyyətdə Avropanın Türkiyə kimi güclü və etibarlı tərəfdaşa ehtiyacı var. Türkiyə olmadan Avropanın qlobal aktor kimi mövcudluğunu davam etdirməsi mümkün deyil. Ərdoğan bu həqiqəti açıq şəkildə ifadə edir. Türkiyənin strateji əhəmiyyəti, geosiyasi mövqeyi və hərbi gücü olmadan Avropa qitəsi öz təhlükəsizliyini və iqtisadi inkişafını təmin edə bilməz. Bu reallıq Avropanın siyasi liderləri tərəfindən indi-indi başa düşülməyə başlayır. Lakin əsas məsələ budur: Avropa bu reallığı dərk etsə belə, Türkiyə ilə əməkdaşlığı hansı səviyyədə inkişaf etdirəcək? Avropanın gələcəyi bu sualın cavabından asılıdır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR