İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə prezident seçkilərini payıza keçirir, Ərdoğan tələsir...” - Qərb nəşrindən iddia

“Die Welt”ə görə, erkən seçkiyə səbəb turizm gəlirləri səbəbindən payızda iqtisadi vəziyyətin yaxşılaşması gözləntisidir, qışda sosial şərait pisləşə və iyunda seçkinin nəticələrinə təsir edə bilər; İlyas Topsakal: “Seçki zamanında olacaq, müxalifətin proqramı olmadığı üçün xarici mediaya əsassız informasiyalar sızdırır...”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkiləri təşkil etməyə çalışacaq”. “Yeni Müsavat” bildirir ki, bu barədə “Die Welt” öz mənbələrinə istinadən yazıb.

Qərb nəşrinin bildirdiyinə görə, Avropa İttifaqı Türkiyədə səsvermənin 2023-cü ildə deyil, bu ilin payızında keçirilə biləcəyini istisna etmir. “Prezident Ərdoğanın bu il, yəqin ki, payızda seçkilərə üstünlük verəcəyinə dair bir neçə əlamət var. Bu, nisbətən qısa müddətdə baş verə bilər”, - deyə qəzetin Avropa İttifaqı diplomatları arasında olan mənbələri deyir.

Qeyd edilir ki, növbədənkənar seçkilərin keçirilməsinə səbəb Türkiyənin yay turizm gəlirləri sayəsində mümkün iqtisadi böhrandan çıxmasıdır. Qəzetin siyasi şərhçilərinin fikrincə, ölkə iqtisadiyyatı dalana dirənmiş vəziyyətdədir və onun yaxşılaşması əhali arasında Ərdoğana dəstəyi artıra bilər.

“Die Welt”ə görə, seçici əhval-ruhiyyəsi qışda prezident üçün mənfiyə dəyişə bilər, çünki Türkiyə sakinləri valyuta məzənnəsi ilə bağlı problemlər səbəbindən enerji qiymətlərinin artması ilə üzləşirlər.

“Ərdoğanın Qərblə Rusiya arasında vasitəçi qismində beynəlxalq fəaliyyəti, Suriyanın şimalına girməklə bağlı hədələri və Şərqi Aralıq dənizinə yenidən qaz kəşfiyyat gəmisi göndərməsi də Türkiyə liderinin seçkilər ərəfəsində güc nümayiş etdirmək və şansını artırmaq istədiyinə işarədir”, - deyə məqalədə qeyd edilir.

Nəşr ardınca yazır ki, iqtisadi vəziyyətin mümkün yaxşılaşmasının Ərdoğanın qələbə qazanmasına kömək edib-etməyəcəyi bilinmir. İddia olunur ki, son vaxtlar dövlətin artan problemləri səbəbindən ictimaiyyətin prezidentə və onun partiyasına inamı xeyli azalıb.

Az öncə Türkiyənin Ədliyyə Nazirliyi ölkədə prezident seçkilərinin 2023-cü il iyunun 18-nə keçiriləcəyini açıqlayıb.

Bəs Qərb nəşrinin iddiaları və arqumentləri nə dərəcədə əsaslıdır? Ərdoğanın gerçəkdənmi reytinq problemi var və bu səbəbdən seçki gələn yaydan qarşıdakı payıza keçirilə bilər?

Prof. Dr. İlyas Topsakal kimdir? Kaç yaşında, nereli? Prof. Dr. İlyas  Topsakal'ın biyografisi

 İlyas Topsakal

İstanbul Universitetinin prorektoru İlyas Topsakal “Yeni Müsavat”a qeyd etdi ki, dəfələrlə açıqlama verilib, cümhurbaşqanı Ərdoğan da bəyanat verib, Ədliyyə Nazirliyi zamanı göstərib, yəni hər hansı dəyişiklik, erkən seçki gözlənilmir: “İyunun 18-də seçkilər keçirilməsi nəzərdə tutulur. Seçkilər üçün bütün texniki hazırlıq gedir, bu işin bir proseduru var və onsuz da 8-9 ay qalıb, indidən hazırlığa başlansa, ancaq gələn yaya çatdırmaq olar. Ona görə payızda seçkini təşkil etmək prosedur baxımdan da mümkün deyil. Eyni zamanda, hörmətli cümhurbaşqanımız da dedi ki, seçkilər zamanında olacaq”.

İ.Topsakal o halda bu iddiaların Qərb mediasına niyə çıxmasına da aydınlıq gətirdi: “Türkiyədə müxalifətin bir proqramı yoxdur. Bilirsiniz ki, seçkidə qalib gəlmək üçün ciddi platforma olmalıdır. Xüsusən də iqtisadi proqram, o cümlədən maliyyə, sosial layihələriniz nədir, bunları ortaya qoymağınız çox vacibdir. Həmçinin işçi sinfi, sahibkarlar və digər sahələrlə bağlı proqramlarınız olmalıdır, ən əsası isə həmin platforma ilə seçicini inandırmaq lazımdır. Türkiyədə vətəndaşlardan kimsə təsadüfən səs vermir, namizədlərin təkliflərini, vədlərini, proqramını müşahidə edir, sonra qərar verir. Ona görə müxalifətin bir proqramı olmadığı üçün xarici mediaya bu sayaq əsassız informasiyalar sızdırırlar”.

Türkiyədə fəaliyyət göstərən siyasi ekspert Ramiyə Məmmədova da Qərb mediasının yazdıqlarına inanmır. Onun fikrincə, sadəcə, indidən Ərdoğan iqtidarına qarşı təzyiq kampaniyasının düyməsi basılıb.

Ramiyə Məmmədova: “İmamoğlunun daxili siyasətdə problemlər yaradacağını  düşünmürəm”

Ramiyə Məmmədova

Siyasi şərhçi hesab edir ki, hətta hakimiyyət erkən seçki niyyətində olsa belə, vaxt və texniki hazırlıq cəhətdən bunu reallaşdırmaq mümkün deyil: “Sözsüz ki, Türkiyə seçicisi dünyada gedən proseslərə, hakimiyyətin addımlarına, Ərdoğan iqtidarının artan nüfuzuna diqqət yetirir, amma səsverməyə gələndə həm də mədəsinə, soyuducusuna baxır. Təbii ki, bu da seçkiyə təsir edir. Bəli, Türkiyədə indi lirənin dəyərini itirməsi, bahalaşma, iqtisadi vəziyyətin çətinləşməsi göz qabağındadır. Bu da AKP üçün seçkidə rəqabətdə çətinliklər yaradacaq. Həmçinin, müxalifət və xaricdən təzyiqlər olacaq. Amma Ərdoğan kifayət qədər mahir siyasətçidir, böyük təcrübəyə malikdir, uzun yol keçib, dünyanın siyasi həyatında əhəmiyyətli bir şəxsiyyətdir, ona görə bu seçkidən qalib çıxmaq üçün öz təbliğat kampaniyasını yüksək səviyyədə quracaq”.

Ekspertin sözlərinə görə, AKP iqtidarı seçkidə qələbə qazanmağın texnologiyasını bilir və bu yöndə müxalifətin qarşısına ciddi proqramla çıxacaq: “Türkiyədə Mənsur Yavaş, Kılıçdaroğlu kimi namizədlərin adları çəkilir, amma türk seçicisinin də onlara etimad göstərəcəyinə bir o qədər inamım yoxdur. Açığı, Azərbaycanın maraqları nöqteyi-nəzərdən də bizə Ərdoğanın yenidən prezident seçilməsi lazımdır. Çünki onun nüfuzu, dünya siyasi arenasında ağsaqqallığı, Azərbaycana canqəlbdən verdiyi dəstək müstəsnadır və bizim bölgədə məsələləri tam başa çatdırmağımız lazımdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR