İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə müdaxilə etdi, Avropa Birliyi cəsarətləndi: Ukraynaya qoşun yeridiləcək, Rusiyanın "qaranlıq tuneli" uzanacaq

Ukrayna savaşının dayandırılması ilə bağlı proses hazırda Rusiyanın əleyhinə yönəlib, Tramp adminstrasiyası Ukraynadan istədiyini - təbii sərvətlərin istismar hüququnu almaq üzrədir... Avropa Birliyi və Türkiyə Ukrayna ilə bağlı ortaq mövqedən çıxış edir, G-7 ölkələri isə rəsmi Kiyevə ən yüksək dəstək verərək, Rusiyaya qarşı savaşı maliyyələşdirməyə hazır olduğunu sezdirir...

Ukrayna savaşı Rusiya üçün tarixi və taleyüklü problemə çevrilməyə başlayıb. Hər halda, Kremldə müharibənin başlanmasına qərar verilərkən, indiki situasiyanın yarana biləcəyinə ehtimal belə, verilmirdi. Çünki Rusiya siyasi dairələri Ukrayna savaşına başladıqdan dərhal sonra uzaqgedən açıqlamalarla diqqəti çəkirdilər. Hətta Rusiya qoşunlarının ən uzağı 3 gün ərzində Ukrayna paytaxtı Kiyevdə qələbə paradı keçirəcəyini iddia edirdilər. Və buna o qədər inanırdılar ki, əminliklə parada hazırlaşırdılar.

Ancaq Kremlin planları və inandığı qənaətlər çox qısa zamanda boşa çıxdı. Ukrayna qoşunları Rusiyanın öz döyüş qabiliyyətinə görə dünyada ikinci hesab olunan ordusu qarşısında duruş gətirməyi bacardı. Üstəlik, Kremlin qlobal imicini də ciddi şəkildə korladı. Hər halda, dünyadan təcrid olunmuş Rusiya hazırda qlobal güc mərkəzi görüntüsündən çox-çox uzaqlaşıb. Və Kremlin öz əvvəlki qlobal təsir gücünü nə vaxtsa, bərpa edə biləcəyi də hazırda ciddi şübhələr doğurur.

Ona görə də, indi ABŞ-da hakimiyyətə gəlmiş Tramp adminstrasiyası Kreml üçün yeganə "ümid mənbəyi" kimi görünür. Çünki üç gün ərzində Kiyevdə qələbə paradı keçirməyi planlaşdıran Kreml indi Rusiyanı Ukrayna savaşından ən az itkilər ilə çıxartmaq barədə düşünmək məcburiyyətində qalıb. Hər halda, Ukrayna savaşı uzanacağı təqdirdə, Rusiya dövlətçiliyinin böyük risk altında qala biləcəyini anlamağa başlayıb. Və bu səbəbdən də, Kreml təmsilçiləri indi sülh mövzuda daha çox danışmaq məcburiyyətində qalıblar.

efbb60f3a22821f018f777f0a932b50d.jpg (118 KB)

Tramp adminstrasiyası isə Ukrayna savaşı ətrafında yaranmış situasiyaya birmənalı şəkildə ABŞ-ın maliyyə-iqtisadi və qlobal strateji hədəfləri üzərindən yanaşır. Prezident Donald Tramp Ukrayna savaşını cəmisi bir gün ərzində dayandıracağını vəd etsə də, indi Ağ Ev sahibi heç müddətli atəşkəsə belə, nail ola bilməyib. Ona görə də, Tramp adminstrasiyası ABŞ-ın Ukraynanın təbii sərvətlərinə tam nəzarət hədəflərini sülh prosesindən daha ön plana keçirtmək məcburiyyətində qalıb. Və Ağ Ev sahibi Ukrayna savaşının sona çatmasını gözləməyə qətiyyən həvəsli deyil.

Tramp adminstrasiyasının ABŞ-da hakimiyyətə gəlişindən məmnun olan Rusiya siyasi dairələrinin indi ciddi məyusluq dönəmi keçirmələrinin əsas səbəbi də məhz bu reallıqdan qaynaqlanır. Çünki Ağ Ev sahibi hələ səlahiyyətlərinin icrasına başlamazdan öncə prezident Vladimir Putin ilə əldə etdiyi gizli sövdələşmədən hazırda tədricən geri çəkilməyə başlayıb. Və buna əlavə olaraq, müzakirə masasında Rusiyaya yönəlik yeni, həm də Kremlin yaxına buraxmaq istəmədiyi daha ağır şərtlər gündəmə gətirilməkdədir.

Məsələ ondadır ki, Tramp adminstrasiyasının atəşkəs təklifində israr etməsinə paralel olaraq, ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatı verməsi ilə bağlı məsələ də indi ciddi şəkildə müzakirə mövzusudur. Əgər, bu, baş verərsə, Ukrayna Rusiya üçün əlçatmaz səviyyədə toxunulmaz ölkəyə çevrilə bilər. Və gələcək strateji planları baxımından, imperialist Rusiya üçün bu, qəbuledilməz variant hesab olunur.

f1cc4a1277a00ab1dedfdb0bdcbdd15b.jpg (56 KB)

Ancaq hələlik Ağ Ev Kremlin narazılığına və müqavimət cəhdlərinə əhəmiyyət verməyə həvəsli görünmür. ABŞ Tramp-Putin sövdələşməsindən rəsmən imtina etməsə də, bunun baş verməyəcəyinə hər hansı təminat yoxdur. Çünki Ağ Ev Kremlin Ukrayna savaşı ilə bağlı müddətli atəşkəs təklifini qəbul etməsində israrlıdır. Kreml isə atəşkəsin elan edilməsində deyil, məhz Rusiyanın maraqlarına uyğun sülh sazişinin imzalanmasında maraqlıdır. Və bu səbəbdən də, atəşkəs təklifinə neqativ mövqeyini ön plana çıxarır.

Halbuki, bu, Rusiya üçün kifayət qədər riskli mövqedir. Çünki Ağ Ev Kremlin atəşkəsdən imtina edəcəyi təqdirdə, Tramp-Putin sövdələşməsinə yanaşma tərzini dəyişə biləcəyinə eyham vurur. Əgər, bu, baş versə, onda ABŞ-ın Ukraynaya hərbi dəstəyi daha da gücləndirmək qərarı verə biləcəyi qətiyyən istisna deyil. Və bu, o deməkdir ki, Ağ Ev Tramp adminstrasiyasının metodları ilə sülhə yaxın durmaq istəməyən Rusiyanı buna məcbur etmək niyyətinə düşə bilər.

Əslində, Tramp adminstrasiyasının belə bir varianta üstünlük verməsi üçün Rusiyanın "kapriz"ləri ilə yanaşı, kifayət qədər ciddi digər kənar təsir faktorları da mövcuddur. Belə ki, son vaxtlar Avropa Birliyi Tramp-Putin sövdələşməsini bloklamaq üçün daha israrlı davranmağa başlayıb. Hər halda, Avropa Birliyinin ABŞ-ın iştirakı olmadan da Ukraynaya açıq və birbaşa dəstək verməsi Ağ Evin mövqeyinə təsir göstərməkdədir. Və Tramp adminstrasiyası Ukrayna savaşı ətrafında yaranmış situasiyanın ABŞ üçün "qlobal labirintə" giriş qapısını aça biləcəyinin fərqindədir.

ef94422293feaf00a538c1035a4afe31.jpg (239 KB)

Məsələ ondadır ki, Avropa Birliyi ölkələri hazırda ABŞ və Rusiyanın mövqeyi nəzərə alınmadan Ukraynaya qoşun yeridilməsi variantını müzakirə edir. Brüsseldə hesab edirlər ki, Ukrayna suveren dövlət olduğundan, əgər, rəsmi Kiyev Avropa ordusunun ölkə ərazisinə yeridilməsi üçün müraciət edərsə, nə ABŞ, nə də Rusiya buna müqavimət göstərmək səlahiyyətində deyil. Və bu məsələ ilə bağlı yalnız birbaşa rəsmi Kiyevlə müzakirə edilərək, qərar qəbul oluna bilər.

Digər tərəfdən, Türkiyə də Avropa Birliyi ilə təxminən eyni mövqedən çıxış edir. Ukraynanın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayır. İndiki situasiyada Türkiyə və Avropa Birliyinin Ukrayna savaşına münasibətdə eyni düşərgədə yer alması Tramp-Putin sövdələşməsi üçün olduqca ciddi bloklayıcı faktor sayılır. Üstəlik, G-7 ölkələri də Ukraynaya ən yüksək səviyyədə dəstək vermək qərarı qəbul ediblər. ABŞ isə bu qərarla razılaşmaq məcburiyyətində qalıb. Və bu, o deməkdir ki, Kreml indi Tramp adminstrasiyasına olan ümidlərinə yenidən baxmaq barədə düşünməli olacaq.

Göründüyü kimi, Ukrayna savaşının dayandırılması ilə bağlı proses hazırda Rusiyanın əleyhinə yönəlməyə başlayıb. Tramp adminstrasiyası Ukraynadan istədiyini - təbii sərvətlərin istismar hüququnu almaq üzrədir. Avropa Birliyi və Türkiyə Ukraynanın dəstəklənməsində ortaq mövqedən çıxış edir. G-7 ölkələri isə Ukraynaya ən yüksək dəstək verərək, Rusiyaya qarşı savaşı maliyyələşdirməyə hazır olduğunu sezdirir. Bu, o deməkdir ki, Ukrayna savaşının uzanma variantı hətta atəşkəs ehtimalından belə, inandırıcı görünür. Və Ağ Ev də Tramp-Putin sövdələşməsindən rəsmən imtina edərsə, Rusiyanın '"qaranlıq tunelə" girməsi qaçılmaz ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR