İnsanlara hürriyət, millətlərə istiqlal!

Truskavesin Qubaya köçürülməsi - Yaxud mən necə Markes oldum

Bu yaxında sayın deputatlarımızdan birinin biznes imperiyası haqda siyahı açıqlanmışdı. Deputatın diqqət mərkəzinə çıxması isə onun xalqın səsini Milli Məclisdə qaldırması ilə bağlı idi. Zarafat edirəm, qorxmağa və ya təkrar seçki keçirməyə ehtiyac yoxdur. Parlamentarimiz həmişə olduğu kimi, bu dəfə də səydəş bir tema ilə gündəmə gəlmişdi. Rəhbərlikdən gizlin deyil, xalqdan niyə gizlin olsun: biz yaxşı bilirik ki, deputatlar adətən ya soğan əkməyin vacibliyi, ya da xadiməni sığallamaq tipli mövzularla gündəmə gəlirlər. Yeri gəlmişkən, ikinci hadisənin bənzəri təzəlikcə Özbəkistanda məmurlar arasında qeydə alındı. Necə deyərlər, “korrupsiya hər yerdə vardır”. Uğurlu təskinlikdir.

Qayıdaq mövzuya. Mövzu isə bu idi ki, sən demə deputat ustaları villasında işlədib, lakin pullarını verməyibdir. Yenə də qeyri-adi hadisə! Azərbaycanda fəhlə-kəndli sinfinin pulu həmişə, tarixən artıqlamasilə ödənmişdir və narazılıq doğurmamışdır. Hətta əksinə, xalqımız pulsuz, bir qarın yeməyə işlədildiyi kolxoz dövrünü daha böyük minnətdarlıqla yad edir.

Deputatın adını görəndə tanımadım. O üzdən heç burda yazmağıma ehtiyac yoxdur – siz də tanımayacaqsınız, çünki çıxış elədiyini görən olmayıb. Mümkündür sayın Sahibə xanımın da yadından çıxıb ki, bizdə belə parlamentari vardır.

Prinsipcə, deputatı başa düşmək olar. Ondan əvvəl həmin dairədən deputat olan Vahid müəllimdən dərs alır. Gözü çıxmış qardaş misalı. Vahid müəllim tez-tez danışırdı, xalqın içinə gedirdi, müsahibə verirdi və sairə. Lap ağını çıxarmışdı. Özünü deputat kimi, xalqın seçdiyi adam kimi aparırdı. Axırda rəhbərlikdən töhmət aldı və namizədliyini geri çəkdi.

Bu temada Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sində oxuduğum bir pritça var. Deyir, bir gün aslan, qurd və tülkü ova gedirlər, öküz, keçi və dovşan ovlayırlar. Aslan ilkin olaraq qurda deyir ki, ovları aramızda pay-pürüş elə, yeyək. Qurd deyir, ya aslan, sən hamımızdan böyüksən, öküz sənin olsun, keçini mən yeyərəm, dovşan da tülkünün. Aslan qəzəblənir, qurda bir şapalaq vurub öldürür. Söz verilir tülküyə, tülkü deyir: “Əlahəzrət, öküz sənin səhər yeməyin olsun. Keçini naharda yeyərsən, dovşanı şam yeməyində”. Aslan deyir: “Əhsən, tülkü! Sən bu cür ədalətli pay bölməyi kimdən öyrənmisən?”. Tülkü deyir: “Şah sağ olsun, qurdun halından öyrəndim”. İndi söz əlaqədar təşkilatlarındır.

Yenə qayıdaq sayın deputatımızın cah-cəlalına. Bunun obyektlərini saymışdılar, birdən baxdım ki, Osmanlı kardeşlərimiz demişkən, “dükkan”lardan birinin ismi mənə çox tanış gəlir: “Şahdağ-Quba-Truskaves sanatoriyası”. 4-5 il qabaq bir qohumu ora aparmışdıq. Astma xəstəsi idi və “sanatoriyanın” Xoşqədəm xanımın verilişindəki reklamına aldanmışdı. Guya orada “Naxçıvan duz dağı tipində otaq” vardı. Həmin “müalicəvi” otağı görəndə isə mədəni şok keçirmişdik. Bir otaqda döşəməyə, yalan olmasın, bir vedrə duzu səpmişdilər və iddia edilirdi ki, burda duzlu hava ilə bronxial astma yaxşılaşır. Sanatoriyanın hər guşəsindən isə istirahətə aid olmayan müxtəlif iy-qoxular gəlirdi.

Xəstə özü dərhal orda qalmaqdan qəti imtina elədi. Bakıdan gedərkən bizdən köçürmə ilə 100 manat avans almışdılar və bunu geri istəyəndə məlum oldu ki, avans qaytarılmır. “İt aparan olsun” məntiqiylə, dilxor çıxıb getmişdik.

Maraqlıdır ki, obyektin guya öz həkim personalı adıyla reklam etdiyi, sayta qoyduğu fotoları internetdə axtarışa verəndə... Avstriyanın hansısa klinikasının foyesinin şəkli çıxırdı.

Ümumiyyətlə, obyekt başdan-ayağa tam saxtakarlıq örnəyi, etalonu sayıla bilərdi. İlk növbədə adı! Sanatoriyanın adındakı “Şahdağ” sözünün nəinki Şahdağ zirvəsinə, heç onun ətəyinin ətəyinə dəxli yox idi, Quba şəhərinin içində, tünlük, basırıq, bürkü bir yerdə yerləşirdi (dağla sanatoriyanın arası 50 kilometrdir). Müqayisə üçün, elə bil Bakıda, Hökumət evinin qabağındakı hovuza “Buzovna çimərliyi” lövhəsi asırsan.

Adda istifadə edilən ikinci söz – Truskaves isə Ukraynada hələ SSRİ vaxtından qalma populyar kurort-sanatoriya şəhəridir. Lvov vilayətində, Karpat dağlarında yerləşir, müalicəvi suları, təmiz havası və sairə ilə tanınır. Bəlkə Putin Ukraynanı bombalayandan sonra camaat şəhəri dalına alıb, Qubaya köçürüb, xəbərimiz yoxdur? Bu nə dələduzluqdur? Mən uyğun dövlət idarələrimizdən, məsələn, Səhiyyə və Turizm Nazirliklərindən də soruşmaq istəyirəm: Qubada “dükkana” saxta “Truskaves” adı yamamaqla, Çindən “adibas” qaloşu gətirib “Adidas” adıyla sırımaq arasında hansı fərqlər var? Niyə bunun qarşısını almırsınız?

Bəlkə mən də özümü niZamin Gəncəvi Hacı Qabriel Markes Məmmədquluzadə elan edim?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR