İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın "qlobal hədəfləri" bumeranq effekti verir: Ağ Evin zorakılıq gücü indi ABŞ-ın özünü "vurur"

Ağ Evin "Ukrayna siyasəti"nin doğurduöu nəticələrin indi bumeranq effekti verməkdə və beynəlxalq məkanda ABŞ-a qarşı çevrilməkdə olduğu inkaredilməz reallıqdır... Tramp adminstrasiyası belə davam edərsə, ABŞ-ın yanında Rusiyadan başqa heç bir tərəfdaş dövlətin qalmayacağı artıq qətiyyən şübhə doğurmur...

Ukrayna savaşı ABŞ-ın Tramp adminstrasiyası üçün əsl "qlobal labirintə" çevrilməyə başlayıb. Belə ki, prezident Donald Tramp və onun siyasi komandası bu savaşın ətrafında birmənalı şəkildə "qlobal biznes layihəsi" qurmağa çalışırlar. Tramp adminstrasiyası "qlobal biznes layihələri" reallaşdırmaq üçün tamamilə uyğun hakimiyyət komandasıdır. Çünki onun tərkibi əsasən biznes dünyasının nəhəng təmsilçilərindən ibarətdir. Və bu, önəmli məqam Tramp adminstrasiyasını Ukrayna savaşından ABŞ-a fantastik məbləğdə qazanc qaynağı açmağa həvəsləndirir.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının dayandırılması prosesinə yalnız maliyyə və iqtisadiyyat faktorları üzərindən hesablamalarla yanaşılması da məhz Tramp adminstrasiyasının öz hədəflərinə çata biləcəyinə əmin olmasından qaynaqlanır. Ancaq bu hədəflərin qarşısında olduqca ciddi bloklayıcı faktorlar da mövcuddur. Xüsusilə də, para qazanma ustalarından ibarət Tramp adminstrasiyası siyasi və diplomatik sahədə təcrübəsiz qruplaşmadır. Və həm siyasətin, həm də diplomatiyanın dəstəkləmədiyi təqdirdə, biznes, yaxud da iqtisadi layihələrin uğur qazanma şansının olmadığını qəbul etməkdə çətinlik çəkirlər.

Əslində, Tramp adminstrasiyasının siyasətin və diplomatiyanın zorakı gücün əvəzləyə biləcəyinə əmin olduğu da nəzərə çarpır. Üstəlik, ABŞ-ın qlobal məkanda hegemonluq mexanizmləri Tramp adminstrasiyasını müəyyən mənada, haqlı çıxartmaq üçün yetərli görünür. Ancaq əsas problem ondan ibarətdir ki, Ağ Ev onilliklər boyu ABŞ-ın qlobal hegemonluq mexanizmlərini yalnız zorakı güclə deyil, həm də ona arxalanan siyasi-diplomatik oyunlarla formalaşdırıb. İndi Ağ Ev bir-birini tamamlayan bu iki önəmli faktordan birindən böyük ölçüdə imtina etməyə üstünlük verir. Və əslində, bununla həm də ABŞ-ın qlobal güc mexanizmlərini ciddi şəkildə zəifləmiş olur.

efbb60f3a22821f018f777f0a932b50d.jpg (118 KB)

Maraqlıdır ki, Tramp adminstrasiyası Ukrayna savaşının dayandırılması ilə bağlı prosesə start verdiyini iddia edir. Ancaq bu problemlə bağlı yalnız Rusiya ilə sövdələşməyə üstünlük verir. ABŞ-Rusiya sövdələşməsinin məzmunundan hələ də məlumatslz olan rəsmi Kiyevin qarşısına isə yalnız Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı ABŞ-a xüsusi səlahiyyətlər nəzərdə tutulan sənəd qoyulur.

Üstəlik, rəsmi Kiyevdən Ukrayna savaşının dayandırılması üçün məhz həmin talançılıq sazişini imzalanması tələb edilir. Rəsmi Kiyev həm ABŞ-Rusiya sövdələşməsini tanımadığını bəyanladığı, həm də talançılıq sazişini imzalamadığı üçün Ukrayna sülhə hazır olmayan tərəf elan edilir. Və bununla da Tramp adminstrasiyasının "qlobal biznes layihəsi" böyük risk altında qalmış olur.

Ona görə də, indi Ağ Ev təmsilçiləri Ukraynaya qarşı olduqca ciddi hücuma keçmiş kimi görünürlər. Hər halda, Zelenski hakimiyyəti hazırda ABŞ-ın sərt təzyiqləri altında qalıb. Prezident Donald Trampın yaxın ətrafında yer alan İlon Mask hər imkanda prezident Volodimir Zelenskinin qeyri-legitim dövlət başçısı olduğunu vurğulayır. Ondan ən qısa zamanda prezident seçkiləri keçirməyi tələb edir. Və bu, Tramp adminstrasiyasının Ukraynanın daxili işlərinə kobud müdaxilə etməyə çalışdığını göstərir.

Digər tərəfdən, İlon Mask rəsmi Kiyevi təhdid etməyə çalışır. Belə ki, İlon Mask ona məxsus Starlink sisteminin Ukrayna ordusunun onurğa sütunu olduğunu xatırladıb. Ağ Ev təmsilçisi bildirib ki, əgər, o, Starlinki söndürsə, Ukrayna ordusunun bütün ön cəbhəsi çökəcək. Yəni, İlon Mask rəsmi Kiyevdən Ukraynanın təbii sərvətlərini dərhal ABŞ-a təhvil verilməsini tələb edir. Və bu, Ağ Evin Ukrayna savaşının gələcək taleyinə birmənalı şəkildə ABŞ-ın imperialist maraqları üzərindən yanaşdığını təsdiqləyir.

_methode_times_prod_web_bin_de2ccc15-d196-4610-a901-6c8ebd0303f6.jpg (24 KB)

Halbuki, Bayden adminstrasiyası dönəmində məhz həmin İlon Mask Ukraynanın ən qatı dəstəkçisi kimi çıxış edirdi və Rusiyaya qarşı olduqca sərt ittihamlar, təhdidlər irəli sürürdü. Tramp adminstrasiyasının fərqli biznes hədəfləri indi onu Rusiyanın "dost"una, Ukraynanın isə ən qatı "düşmən"inə çevirib. Yəni, Tramp adminstrasiyası onun hakimiyyətə gəlişinə qədər qlobal məkanda dəyişməz xarakter daşıyan bütün "qırmızı cizgiləri" açmağa başlayıb. Və bu, Ukrayna üçün olduqca çətin dövrün hələ qabaqda olduğunu göstərir.

Çünki Ağ Evin Rusiya siyasəti artıq tamamilə əks istiqamətə doğru dəyişib. ABŞ hətta G7 dövlətləri xarici işlər nazirlərinin görüşünün yekun bəyanatında Rusiyaya qarşı sərt ifadələrin yumşaldılmasını israrla tələb edir. Bunun əksinə olaraq, rəsmi Kiyev o qədər ağır təzyiqlərin altına salınıb ki, prezident Volodimir Zelenski hazırda Ağ Ev ilə əlaqələri bərpa etməyə can atmaq məcburiyyətində qalıb.

Məsələ ondadır ki, Zelenski hakimiyyəti hazırda siyasi baxımdan ən təhlükəli mərhələ ilə üz-üzədir. "Oval kabinet qalmaqalı"ndan sonra ABŞ və Ukrayna arasında mədən hasilatı ilə bağlı müqavilənin imzalanması təxirə salınıb, Ağ Ev hərbi dəstəyi dayandırıb və kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdırıb. Halbuki, bütün bunlar Ukrayna ilə yanaşı, ABŞ-a da müəyyən problemlər yaratmağa başlayıb. Və indi ABŞ-ın ətrafında mərkəzdən qaçma prosesinin ilkin əlamətləri müşahidə olunur.

Təbii ki, ABŞ-ın zorakı gücü ilə çox şeyə nail olunmayacağını artıq Ağ Evdə anlamağa başlayıblar. Hər halda, Ukraynaya münasibətdə sərtliyin ört-basdır edilməsinə ehtiyac duyulur. Ona görə də, Tramp adminstrasiyası nisbətən geri çəkilərək, ABŞ-ın Ukraynaya müdafiə əməliyyatlarını həyata keçirməsi üçün lazım olan kəşfiyyat məlumatlarını verməyə davam etməsi barədə qərar verib. Və bu manevrin Tramp adminstrasiyasının Ukraynaya qarşı qərəzli mövqeyini hansı səviyyədə pərdələyə biləcəyi də hazırda müəyyən suallar doğurur.

tramp-putin-imza.JPG (69 KB)

Məsələ ondadır ki, Tramp adminstrasiyası artıq qlobal etimadı böyük ölçüdə itirmiş kimi görünür. Qlobal "biznes ustaları" siyasət və diplomatiya məkanında o qədər təcrübəsizdirlər ki, onların "pərdələyici manevrləri" hətta ABŞ-da belə, sərt tədbirlərə məruz qalır. Belə ki, ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Ağ Ev sahibi Donald Trampın Rusiyaya qarşı sanksiya təhdidlərinin mənasız olduğunu bildirib. Onun fikrincə, bu, sadəcə olaraq, Ukraynaya münasibətdə "balanslı" görünməyə cəhd etməkdən başqa bir şey deyil.

Göründüyü kimi, təcrübəli təhlükəsizlik strateqi Con Bolton Tramp adminstrasiyasının məntiqsiz oyunlarını çox sadə şəkildə izah edib. Hər halda, anlaşılan odur ki, Tramp adminstrasiyası da ABŞ-ın qlobal hegemonluq gücü ilə bütün hədəflərə çatmağın mümkün olmayacağını artıq anlamağa başlayıb.

Ağ Evin Ukrayna siyasətinin indi beynəlxalq məkanda ABŞ-a qarşı çevrilməkdə olduğu inkaredilməz reallıqdır. Tramp adminstrasiyası belə davam edərsə, ABŞ-ın yanında Rusiyadan başqa heç bir tərəfdaşın qalmayacağı qətiyyən şübhə doğurmur. Və bu halda, ABŞ-ın qlobal zorakılıq gücünün Tramp adminstrasiyasının indi üzərinə götürməyə çalışdığı "biznes yükü"nü çəkməyə yetərli olacağına yalnız sadəlövhlər inana bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR