İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp "yeni il torbası"nda savaş və silahlı münaqişələr gətirir: Dünyanı sarsıdıcı qlobal iqtisadi böhran gözləyir

Yaxın gələcəkdə indi prioritet hesab olunan qlobal siyasi hədəflərdən imtina və mövcud situasiyanın tamamilə əks istiqamətə yönəlmə ehtimalı kifayət qədər yüksəkdir... Dünyanın münaqişə bölgələrindəki gərginliklərin, nəhəng dövlətlər arasında kəskin qarşıdurmaların qlobal iqtisadiyyata dağıdıcı zərbələr vura biləcəyi qətiyyən istisna deyil...

Dünya daha bir təqvim ilini arxada buraxır. Bu il dünya tarixinə seçkilər dövr kimi düşmüş oldu. Çünki Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkələrində həlledici xarakterli seçkilər keçirildi. Xüsusilə də, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq, ölkəmizin bütün regionlarında prezident və parlament seçkiləri baş tutdu. Və bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prosesi tamamilə və uğurla sona çatdırılmış oldu.

Onu da qeyd etmək lazımdır ki, ABŞ, Rusiya, Böyük Britaniya, Avstriya, Hindistan, Pakistan, İndoneziya, Banqladeş, Yaponiya, Türkiyə, İran, Venesuela, Argentina, Gürcüstan və bir çox başqa ölkələr də son bir ildə seçkilərin keçirildiyi dövlətlərin sırasına daxildir. Dünyanın böyük maraqla izlədiyi ABŞ-da keçirilən son prezident seçkilərində sağçıların nümayəndəsi Donald Tramp qalib gəldi. Böyük Britaniyada isə solçuların seçki qələbəsi 14 illik mühafizəkar hakimiyyətin başa çatması ilə nəticələndi.

568438Image1.jpg (218 KB)

Eyni zamanda, Gürcüstanda parlament seçkiləri kütləvi etiraz dalğasına səbəb oldu. Belə ki, Gürcüstanda 26 oktyabrdan üzü bəri Qərbyönümlü müxalifət seçkilərin nəticələrini tanımaqdan imtina edərək, kütləvi aksiyalar keçirir. ABŞ və Qərbin kobud kənar müdaxiləsinin açıq-aşkar müşahidə olunduğu bu prosesin Gürcüstanda hakimiyyət çevrilişinə yol açma ehtimalı hələ də aktual olaraq, qalmaqdadır.

Maraqlıdır ki, bu il həm də dağıdıcı müharibələr və silahlı münaqişələrlə yadda qaldı. 2023-cü il oktyabrın 7-də HƏMAS döyüşçülərinin İsrailə hücumu ilə başlayan hərbi əməliyyatlar bu il də davam etdi. Qəzzada ölənlərin sayı 45 mini keçdi, yaralıların sayı isə 100 minə çatdı. Sentyabrda "Hizbullah" üzvlərinin istifadə etdiyi peycerlər və rabitə vasitələri partladıldı. Oktyabrın 1-də İsrail ordusu Livana hücum etdi. Lakin İsrail ordusu Litani çayı istiqamətində quru əməliyyatları həyata keçirə bilmədi. Ardınca İsrail ABŞ və Fransanın vasitəçiliyi ilə Livanda "Hizbullah"la atəşkəs sazişi imzaladı.

2024-cü il İran və İsrailin bir-birinə raket zərbələri endirdiyi il kimi tarixə düşdü. May ayında İranda prezident və xarici işlər nazirinin olduğu helikopter qəzası baş verdi. Nəticədə helikopterdə olanların hamısı həlak oldu.Noyabrın 27-də Suriyada silahlı müxalif qruplaşmalar Hələbə, daha sonra isə Hama və Homs şəhərlərinə hücum etdilər. Dekabrın 8-də Əsəd rejimi hökuməti devrildi və 13 illik vətəndaş müharibəsi silahlı müxalifətin tam qələbəsi ilə başa çatdı.

trampp-cchina.JPG (43 KB)

Qeyd etmək lazımdır ki, bu ilin son günlərində Əfqanıstanla Pakistan arasında silahlı münaqişəyə start verildi. Hazırda bu iki qonşu ölkənin sərhəd bölgəsində davam edən silahlı toqquşmalar genişmiqyaslı müharibəyə çevrilmə riskini artırmış kimi görünür. Və bu, o deməkdir ki, dünyada daha bir dağıdıcı savaşın baş vermə ehtimalı hər halda, mövcuddur.

Təbii ki, qlobal proseslərin gələcək inkişaf perspektivləri baxımdan, Ağ Evin keçmiş sahibi Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi böyük önəm daşıyır. Donald Trampın ABŞ prezidenti postunda əvvəlki hakimiyyəti dövründəki siyasətini davam etdirmə ehtimalı kifayət qədər yüksəkdir. Bu, ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklərə və beynəlxalq münasibətlərdə yeni qüvvələr balansının yaranmasına səbəb ola bilər. Və bu, baxımından, dünyanı əvvəlkindən daha təhlükəli bir dövrün gözləyə biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Tramp adminstrasiyasl ABŞ-ın xarici siyasət kursunu Çinlə "ticarət müharibəsi" və texnoloji rəqabət üzərində indeksləşdirmək niyyətini biruzə verir. Ağ Evin yeni sahibi Çinə qarşı iqtisadi təzyiqləri yenidən artıraraq, ABŞ-ın texnoloji və iqtisadi üstünlüyünü qorumaq planlarını qabardır. Və belə anlaşılır ki, yaxın perspektivdə ABŞ-Cin qarşıdurması kəskinləşmə ehtimalı aktualdır.

Digər tərəfdən, Tramp administrasiyası Rusiya ilə qlobal qarşıdurmada daha praqmatik yanaşma niyyətini gizlətmir. Ağ Evin yeni sahibi Ukrayna savaşını hətta Rusiyanın maraqlarına daha uyğun şərtlərdə dayandırmaq planları qurduğunu biruzə verir. Və ABŞ-ın Ukraynaya hərbi və maliyyə yardımlarının azaldılması ilə rəsmi Kiyevə təzyiq göstərəcəyi və Rusiyaya daha sərfəli sülh şərtlərini qəbul etdirməyə cəhd göstərəcəyi ehtimal olunur.

tramp-avropa.JPG (84 KB)

Maraqlıdır ki, Tramp adminstrasiyası dönəmində ABŞ-ın Avropa Birliyi ilə münasibətlərində ziddiyyətlərin dərinləşə biləcəyi ehtimal olunur. Donald Tramp NATO ölkələrindən isə müdafiə xərclərini artırmağı tələb edir. Bu, Avropa ölkələrinin sosial-iqtisadi məkanını təzyiq altına sala biləcək faktordur. Və buna paralel olaraq, ABŞ-ın Avropa Birliyi ilə ticarət balansında üstünlük əldə etməsi üçün Ağ Evin yeni proteksionist siyasətə başlayacağı da gözlənilir.

Belə anlaşılır ki, yaxın gələcəkdə indi prioritet hesab olunan qlobal siyasi hədəflərdən imtina və mövcud situasiyanın tamamilə əks istiqamətə yönəlmə ehtimalı kifayət qədər yüksəkdir. Üstəlik, bütün bu dəyişikliklərin qlobal iqtisadi proseslərə də təsir göstərəcəyi qətiyyən şübhə doğurmur. Çünki dünyanın münaqişə bölgələrindəki gərginliklər, dünya nəhəngləri arasında qarşıdurmalar istənilən halda, enerji və xammal təchizatına mənfi təsir göstərə bilər.

Qlobal enerji qiymətlərinin artması isə öz növbəsində inflyasiya təzyiqlərini gücləndirəcək, bu isə iqtisadi artımı zəiflədə bilər. Yaxın Şərq, Cənubi Asiya və digər münaqişə bölgələrində hərbi-siyasi qeyri-sabitlik investorların qaçmasına və iqtisadi inkişafın dayanmasına səbəb olacaq. Belə situasiyada dünyanın İnkişaf etməkdə olan ölkələri üçün borclanmanın və ticarət xərclərin artması qaçılmazdır. Və bu, inkişaf etməkdə olan ölkələr arasında kənar iqtisadi asılılığın dərinləşmə təhlükəsi anlamı daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR