Onlayn ictimai-siyasi qəzet
Ukrayna ilə ABŞ arasında gərginlik Co Bayden administrasiyası dövründən miras qalıb. Donald Tramp və komandası isə həmin mirasın üstünə yanacaq tökərək onu alovlandırır. Donald Tramp Volodimir Zelenskidən özünə yox, bütövlükdə dövlət olaraq ABŞ-yə təşəkkür etməsini istəyir.
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib. O, əlavə edib ki, Ukraynanın müharibə apara bilmək qabiliyyətini, daha dəqiq desək, əməliyyat planlaşdırması, kəşfiyyat dəstəyini ABŞ formalaşdırıb:"Rəqəmlərə də baxın, görün ABŞ Ukraynaya nə yardımlar edir, hansı ABŞ silahları Kiyev üçün dönüş nöqtəsi yaradıb. Yəni prinsipcə baş qaxıncı və diplomatik nəzakətsizlik olsa da, Tramp yalan danışmır. Ortada 500 milyard dolların aqibəti daha çox maraqlı sual kimi səslənir. Məncə ən böyük problem buradan qaynaqlanır, hərçənd açıq rəsmi rəqəmlərdə bu məbləğ göstərilmir. Onda ya Tramp məbləğlə bağlı manipulyasiya edir, ya həqiqəti deyir. Həqiqəti deyirsə, onda sual olunur, 500 milyard dollar hara xərclənib və onun açıqlanmayan təyinatı nədir?
Nəticə olaraq Trampın "500 milyard dollarlıq" məqsədi Ukraynanın zəngin sərvətləri üzərində geoiqtisadi mülkiyyət əldə etmək və onu leqallaşdırmaq yönündə qurulub.
Zelenskinin ittihamları isə əslində yeni deyil sadəcə bu dəfə publik olaraq ikitərəfli qaydada mübahisə şəklində partladı".
Analitik əlavə edib ki, ABŞ-də isə Donald Tramp yox, hətta Bayden də hakimiyyətdə olsaydı, onun komandası Zelenskinin publik ittihamlarına qarşı bıçaqlarını itiləyəcəkdi. Amma Trampdan fərqli olaraq daha diplomatik və siyasi leksikonla".
Analitik Donald Tramp müqavilənin bağlanması ərəfəsində Rusiya ilə Ukrayna arasında atəşkəsə eyhamlar vurdu:"Cənab Tramp Rusiya Prezidenti Vladimir Putinin bunun baş verməsi üçün “güzəştlərə” getməli olacağını təklif etdi. Hərçənd ki, Rusiyanın güzəşt arenası müəyyən ərazilərdən geri çəkilməyi əhatə etsə belə, bu, Moskvanın Ukrayna qarşısındakı tələblərini yumşaltmayacaq. Bu fonda Trampın “Ukrayna NATO-nu unutsun” deməsi Ağ Evin Kremlin maraqlarını nəzərə aldığını aydın şəkildə göstərir. Minerallar sövdələşməsi Tramp administrasiyasının böyük təzyiqi altında baş tutur. ABŞ əslində Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır, lakin bu, Trampın Transatlantik norma və institutları hədəf alması fonunda baş tutur. ABŞ-nin xarici siyasət doktrinasında təbii sərvətlərlə zəngin ərazilərə nəzarət mexanizmi daha çox prioritetdir (Suriya nümunəsi), nəinki Ukraynanın suverenliyini qorumaq. Bu baxımdan Tramp Ukraynanın “təhlükəsizliyini” aşağıdakı kimi şərh edir. Minerallar sövdələşməsi Ukrayna üçün böyük bir hadisədir. Çünki ABŞ şirkətlərinin sərvətlər olan ərazilərdəki fəaliyyəti Ukraynanı avtomatik olaraq təhlükəsizlik qarantiyası altına alır. Rusiya Ukrayna ərazilərində yaratdığı təsir zonasında ABŞ ilə işləməyi zəruri hesab edir, bu, indiki şəraitdə Rusiya iqtisadiyyatının canlanmasına və Kremlin geosiyasi vektorunu genişləndirməsinə fürsətlər tanıyır. Amma Rusiya indi üçün ABŞ qarşısında güclü bənd sayıla bilməz. Tramp administrasiyası ilə Kreml arasındakı danışıqlar sadəcə olaraq ABŞ ilə Rusiyanın rəqabət zonasını “qarşılıqlı hörmət əsasında” cilovlamağa hesablanmış taktikadır. Bu isə, Rusiyanın Ukraynaya qarşı maksimalist tələblərini yenidən paketləməyə imkan verir. Rusiyanın rəsmi şəkildə Ukraynada mövcud cəbhə xətlərinin dondurulması ilə nəticələnən danışıqların qeyri-mümkünküyü dilə gətirməsi Putinin ideallarından əl çəkmədiyini göstərir.
Rusiyanın ritorikası Rusiya qoşunlarının güc yolu ilə əldə edə bilmədiyi əraziləri ABŞ ilə danışıqların nəticəsi olaraq əldə etmək nail olmaq cəhdidir.
Afaq Mirayiq,
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ