İnsanlara hürriyət, millətlərə istiqlal!

"TikTok"u ziyansız etmək olar? - kütləni necə nizamlamalı...

Ekspert: “Hüquqa və əxlaqa zidd fəaliyyətlər bu şəkildə genişlənərsə, artıq bununla bağlı ayrıca qanuna ehtiyac yaranacaq”

Sosial şəbəkələr həyatımızın önəmli bir parçasına çevrilib. İnsanlar daha çox buradan xəbərlər alır, burada reklamlar aparır və s. Eyni zamanda cəmiyyət üçün zərərli proseslər də sosial şəbəkələr üzərindən həyata keçirilir. Son vaxtlar "Facebook", "İnstagram"la bağlı elə də çox şikayətlər olmasa da, "TikTok" platformasının insan münasibətlərinə, dəyərlərə ciddi zərər vuran tendensiyalar yaratmasından çox bəhs edilir.

Bu problem təkcə Azərbaycanda deyil, əksər ölkələrdə yaşanır. Bir sıra ölkələr artıq sosial şəbəkələrə qanunla nizamlanan qaydada məhdudiyyətlər tətbiq ediblər, cəzalar müəyyənləşdiriblər.

Deputat Hikmət Babaoğlu hesab edir ki, xüsusilə də “Tik-Tok” kimi vasitələrlə insanların beyni və şüuru manipulyasiya edilir: “Bu kimi şəbəkələrin əsas hədəfi, idraki keyfiyyəti tam formalaşmamış gənclərdir. Bu şəbəkədə yayılan videoların əksəriyyəti bizə subliminal mesaj göndərir. Belə ki, hər bir insan bir saniyədə 24 kadr görə bilirik.

Amma “Tik-Tok”da yayımlanan 25-ci kadrla emosional yaddaşımıza müraciət olunur. Bu yaddaşa hansı informasiyalar ötürülürsə, beynimizə adi yaddaşdan daha tez həkk olunur və beləliklə, oradan gələn direktivlərin icraçısına çevrilirik". (Bizimmedia)

Deputat Türkiyədə bununla bağlı müzakirələrin başlanmasının səbəbsiz olmadığını vurğulayıb: “Rəsmi şəxslərin də müzakirələrə qoşulması göstərir ki, artıq ciddi təhlillər aparılır və bağlanması ilə bağlı qənaət formalaşdırılıb. Bu baxımdan da düşünürəm ki, sosial-ictimai həyatımızda bu şəbəkə olmasa, heç nə yerindən oynamayacaq və dünənə qədər də həyatımızda yox idi. Bu gün sevindiricidir ki, Azərbaycanda milli mənəviyyat və milli dayanıqlılıq baxımından ailə institutu çox möhkəmdir. Düşünürəm ki, elmi-kütləvi immunitet vasitəsilə də bunun öhdəsindən gəlmək olar”.

“Tik-Tok”un qlobal informasiya imperializminin beyin məhsulu olduğunu söyləyən deputat bildirib ki, onların şəbəkə vasitəsilə ötürdükləri mesajlar da ailə və milli-mənəvi dəyərlərə yönəlib: “Əsas qorxu da bundan ibarətdir. Bu kimi vasitələr də dediyim imperializmin cəbhəxanasıdır və dəyərlərimizi hədəfə alaraq atəş açır. Müasir cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda bu məsələ aktualdır və belə resurslarla bağlı tənzimləyici qanunların qəbul olunmasının vaxtı gəlib çatıb”.

Qeyd edək ki, Azərbaycanda ayrı-ayrı vaxtlarda “TikTok”un bağlanması ilə bağlı çağırışlar olub, onun tənzimlənməsi barədə fikirlər səsləndirilib. Buna səbəb kimi platformada gənclərin və uşaqların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması, cəbhə bölgəsində qoşunların hərəkəti ilə bağlı görüntülərin yayılması kimi paylaşımlar göstərilir.

Azərbaycanda belə çağırışlar əsasən lokal səbəblərdən olsa da, dünyanın bir çox ölkəsində, hətta ABŞ və Britaniyada yüksək səviyyəli dövlət rəsmiləri “TikTok”un bağlanılmasını və ya qanunlarla tənzimlənməli olduğunu bildiriblər.

Qeyd edək ki, bir neçə il öncə “Facebook”un qurucusu Mark Zukerberqdən bir yaş böyük olan çinli sahibkar Yanq Yiminq “ByteDance” adlı proqram təminatı şirkətini yaradıb. Bundan 5 il sonra şirkət “TikTok” tətbiqini təqdim edib. Bu gün artıq bu sosial media artıq 1 milyarddan artıq istifadəçiyə sahibdir. Platforma istehlakçıları və reklamçıları sevindirsə də, ABŞ-ın Pentaqon və Konqres kimi qurumlarında dövlət rəsmilərinin, Silikon Vadisinin sosial media şirkətlərinin narahatlığına səbəb olub. Sosial şəbəkənin sahibi olan “ByteDance” şirkətinin mərkəzi ofisinin Çində yerləşməsi narahatlığı bir qədər də artırıb. Amerikada Konqresə seçkilər yaxınlaşdıqca, platformanın seçkilərə müdaxilə edilməsi üçün istifadə olunacağı iddiaları daha yüksək səslə ifadə edilməyə başlanılıb.

“TikTok” gəlirlərinin 2024-cü ildə isə 23 milyard dollara çatacağı gözlənilir ki, bu da “YouTube” şirkəti ilə demək olar eyni səviyyədədir. Azərbaycanda bu platformadan istifadə edənlərin sayı dəqiq bilinməsə də, 1 milyondan çox olduğu təxmin edilir. İstifadəçilərin əksəriyyəti 24 yaşa qədər olan uşaq və gənclərdir. Yaşlı şəxslərin da tətbiqə maraq göstərdiyi müşahidə edilir.

“TikTok” artıq bəzi istifadəçilər üçün aylıq qazanc yerinə çevrilib. İstifadəçilər reklamlar götürür və ya yarışlara çıxır. Yarışlarda digər istifadəçilər iştirakçılara müxtəlif pullu hədiyyələr göndərir. Axırda yığılan vəsaitin 70%-i şirkətə, qalanı istifadəçiyə qalır.

Qərb ölkələrində “TikTok”un Çinə məxsus olması ilə bağlı narahatlıq uzun müddətdir davam edir. Donald Tramp prezidentliyinin sonuna yaxın “ByteDance” şirkətini “TikTok”un Amerikadakı ofisini yerli şəxslərə satmağa məcbur etsə də, bacarmadı. Bu gün “TikTok”un Tramp dövründəkindən iki dəfə böyük ölçüyə sahib olması, eləcə də Qərb və Çin arasında münasibətlərin kritik mərhələyə çatması səbəbindən vəziyyət daha da qəlizləşib.

ABŞ-da və digər Qərb ölkələrində “TikTok”la bağlı əsas narahatlıq platformanın məxfilik siyasətinin uyğunsuz olmasıdır. Artıq qeyd etdik ki, şirkətin mərkəzi ofisi Çində yerləşir. Çin hökuməri isə özünə ölkədə yerləşən şirkətlərdən istədiyi məlumatı almaq hüququ verib. Qərbdə rəsmilər Çinin istifadəçilərin üz, səs və hərəkət məlumatlarını oğurlaya biləcəyindən narahatdır. Ancaq bu narahatlıqların bəziləri şişirdilib.

Platformanın əsas narahatedici xüsusiyyəti dezinformasiyanın yayılmasını asanlaşdırmasıdır. İstifadəçiyə oxşar kontent təqdim edildiyi üçün yalan məlumatla bağlı videolar daha sürətlə yayılır. Eyni zamanda “TikTok”dan xəbər mənbəyi kimi istifadə edən şəxslərin sayı da artıb. ABŞ-da aparılan bir sorğuda respondentlərin dörddə biri xəbər mənbəyi olaraq “TikTok”dan istifadə etdiyini bildirib. Medianın zəif olduğu ölkələrdə bu rəqəm 50 faizdən dən çoxdur. Ölkəmizdə bu qəbildən olan araşdırma aparılmayıb. Ancaq Azərbaycanda da xəbər mənbəyi olaraq “TikTok”dan istifadə edənlərin sayı sürətlə artır.

Bəs tənzimləyici qanunlar, qaydalar dedikdə nələr nəzərdə tutulur? Azərbaycanda “TikTok”la bağlı hansı qadağalar tətbiq oluna bilər? Ümumiyyətlə, “TikTok”u necə ziyansız etmək olar? Bu, inzibati qaydada mümkündürmü? Yoxsa maarifləndirmə işləri aparılması daha effektiv ola bilər?

Azərbaycanda nikahlar azalır, boşanmalar artır - ölkəyə demoqrafik təhdid  varmı?

Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, "TikTok" sosial şəbəkəsi Çin tərəfindən yaradılıb. Lakin Çin tərəfindən yaradılsa da onun hazırda 2 variantı var - Çinin özünə məxsus və digər ölkələrdə olan. Digər ölkələrdə olan variantı Çində qadağandır. Bunu da bir çox səbəbləri var. Belə ki, bu gün “TikTok” istifadəçiləri çoxdur və onun əksər istifadəçilərində yanlış bir düşüncə var ki, bu platformada istədiyi kimi davranmaq, təhqir işlətmək, kimisə alçaltmaq, aşağılamaq olar. Yəni bu sosial şəbəkəyə bir nəzarətsiz məkan kimi baxırlar. Amma çox yanılırlar. Məlum olduğu kimi, bu cür davranışlar təkcə Azərbaycanda deyil, qlobal dünyada narahatlığa səbəb olub. Hətta bir sıra Avropa ölkələri məmurlara, dövlət qulluqçularına bu sosial şəbəkədən istifadəni kəskin qadağan etdilər və nəzarət mexanizmini gücləndirdilər. Çində “TikTok” sosial şəbəkəsi uşaqlar üçün, hətta böyüklər üçün məhdudlaşdırılıb. Belə ki, böyüklər üçün gecə saat 22:00-dan səhər saat 08:00-dək qadağandır, uşaqlar üçün isə müəyyən vaxt limiti qoyulub. Bunu da onunla izah edirlər ki, insanlar enerjisini tükədirlər və onlarda əmək məhsuldarlığı aşağı düşür, uşaqlarda isə bir çox psixoloji fəsadlar yaradır.

Amerikanın özündə “TikTok”a qarşı başqa bir ittiham var, belə ki, bildirirlər ki, bu, informasiya təhlükəsizliyini təhdid edir. Ona görə də Amerikada, Avropa ölkələrində “TikTok”a qarşı mövqe birmənalı deyil və hətta  Türkiyədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qəbul edilib.

Azərbaycanda da bununla bağlı müvafiq tənzimləmə qanunları var. Məsələn, uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı Prezident əhəmiyyətli bir sərəncam imzalayıb, bununla bağlı müvafiq qanunlar, qərarlar var. Əlbəttə ki, “TikTok” istifadəçilərinin hüquqa və əxlaqa zidd fəaliyyətləri bu şəkildə genişlənərsə, artıq bununla bağlı ayrıca qanuna ehtiyac yaranacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR