Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının qələbəsi ilə nəticələnən 26 oktyabr parlament seçkilərdən sonra siyasi böhran yaranıb: prezident Salome Zurabişvili seçkilərin nəticələrini tanımadığını bildirib, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib.
Seçkilərin nəticələrini tanımayan S.Zurabişvili vətəndaşları bazar ertəsi saat 19:00-da parlament binası qarşısında mitinq keçirməyə çağırıb. O, hazırkı hökuməti qeyri-legitim adlandırıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bildirib ki, heç kim Gürcüstanda keçirilən parlament seçkilərinin qeyri-legitim olduğunu göstərən faktlar təqdim edə bilməyəcək. O, həmçinin bildirib ki, Zurabişvili seçkilərdən sonra yeni parlamentin ilk iclasına mane ola bilməyəcək.
Rəsmi məlumata görə, Gürcüstanda hakim “Gürcü arzusu” partiyası səslərin 54 fazini əldə edib. Bu isə parlamentdəki 150 mandatdan 89-u deməkdir. Parlamentə daxil olan dörd müxalifət qüvvəsinin hamısı mandatlarından imtina etdiyini bildirib.
ABŞ Dövlət Katibi Entoni Blinken seçkilərlə bağlı bəyanat yayıb. Bəyanatda Gürcüstan rəhbərliyinə seçki prosesindəki çatışmazlıqları aradan qaldırmaq, “fundamental azadlıqları baltalayan” qanunları ləğv etmək çağırışları edilib.
“2024-cü ildə beynəlxalq və yerli müşahidəçilər hakim partiyanın ictimai resurslardan sui-istifadə etməsi, səslərin satın alınması və seçiciləri hədələməsi ilə müşahidə olunan seçkiqabağı mühiti qeyd ediblər ki, bütün bunlar qeyri-bərabər rəqabətə töhfə verib, ədalətli nəticənin mümkünlüyünə ictimai və beynəlxalq inamı sarsıdıb. Beynəlxalq və yerli müşahidəçilər səsvermə gününün ümumilikdə yaxşı idarə olunduğunda razılaşsalar da, biz pozuntular və bəzi hallarda zorakılıq halları barədə xəbərləri qeyd edirik.
Beynəlxalq müşahidəçilər nəticələrin azad və ədalətli olduğunu bəyan etməyiblər. Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik, beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı bütün pozuntular barədə məlumatların tam araşdırılması çağırışlarına qoşuluruq.
Daha irəli gedərək, biz Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, fundamental azadlıqları baltalayan qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları birlikdə aradan qaldırmağa təşviq edirik. Gürcüstanın konstitusiyasında təsbit olunmuş Avropa və Avro-Atlantik inteqrasiya məqsədləri hökumətdən vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyi tələb edir”, - Blinkenin bəyanatında qeyd olunub.
Polşa Xarici İşlər Nazirliyi bəyan edib ki, seçkilərin gedişatı, nəticələri onun Aİ və NATO-ya üzv olmaq perspektivlərini ləngidir. Habelə, Norveç, Latviya, İsveç və Almaniya kimi ölkələr də nəticələri tənqid edib, ATƏT/DTİHB-nin Gürcüstandakı seçkilərlə bağlı hesabatını dəstəkləyib.
Gürcüstanda hakim partiya 2025-ci ilin əvvəlindən Aİ ilə münasibətlərin yenilənəcəyini gözləyir. Bu barədə baş nazir İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, 2030-cu ilə qədər Avropaya inteqrasiya hədəfinə çatılması üçün ölkəni bütün sahələrdə inkişaf etdirmək vacibdir, bu məqsədə çatmaq üçün hər şey ediləcək. Baş nazir bu kontekstdə iqtisadi artıma diqqət çəkərək bildirib ki, “əgər iqtisadi göstəricilər müvafiq olmazsa, heç kim ölkəni Avropa İttifaqına qəbul etməyəcək”.
Mixail Sakaşvilinin “Vahid Milli Hərəkat” müxalifət partiyasının liderlərindən olan Georgi Vaşadze oktyabrın 28-nə təyin edilən mitinqdə maksimum sayda etirazçının iştirak etməsinin son dərəcə vacib olduğunu deyib:
“Düşünürəm ki, biz 40-45 gün mübarizə aparmalı olacağıq. Bu, Tiflisin mərkəzində müddətsiz etiraz olacaq”. Parlamentinin spikeri Şalva Papuaşvili isə brifinqdə bildirib ki, Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətlə birlikdə ölkədə iğtişaşların təşkilində iştirak edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zurabişvilinin parlament seçkilərinin nəticələrini tanınmaması ilə bağlı bəyanatını şərh edib. Diplomat çıxışında Gürcüstan Prezidentinə sual ünvanlayıb: “Gürcüstanın gələcəyi Avropadan niyə pisdir? İcazə verin, Fransa vətəndaşına xatırladım ki, Gürcüstan Fransadan daha qədimdir”.
"Moskva Gürcüstanın daxili işlərinə qarışmır". Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə Gürcüstanda keçirilən parlament seçkiləri barədə danışarkən deyib. Onun sözlərinə görə, Rusiya Gürcüstanın daxili işlərinə qarışmır və qarışmaq niyyətində də deyil: “Üçüncü ölkələrin seçkilərin nəticələrinə müdaxilə etməməsi vacibdir. Bu, gürcü xalqının seçimidir".
"Bilirsiz, bu cür ittihamlar artıq bir çox ölkələr üçün standart xarakter daşıyır. Nəsə olan kimi, dərhal Rusiyanı müdaxilə etməkdə ittiham edirlər. Xeyr, bu doğru deyil. Heç bir müdaxilə olmayıb. İttihamlar tamamilə əsassızdır. Biz bu ittihamları qətiyyətlə rədd edirik", - deyə Peskov bildirib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Zaur İbrahimli ilə Gürcüstanı müzakirə edir.
https://www.facebook.com/tvmusavat
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ