Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya tərəfi Səudiyyə Ərəbistanında Amerika nümayəndə heyəti ilə danışıqlardan əvvəl Ukrayna rəsmilərinə məsləhətlər verib.
“Report” xəbər verir ki, bu barədə Times qəzeti məlumat yayıb.
Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ötən həftə sonu Ukraynaya səfər edib və Volodimir Zelenskiyə Kiyev nümayəndələrinin amerikalılarla danışıqlarda özlərini necə aparması barədə tövsiyələr verib.
Qeyd olunub ki, Pauell ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols ilə də telefon danışığı aparıb və bu zaman o, Vaşinqtonla Kiyev arasında kəşfiyyat mübadiləsinin bərpasının lehinə danışıb.
Nəşrin yazdığına görə, London hesab edir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarının geri qaytarılmasına nail olmaq, Amerikanın Ukraynaya silah tədarükünün bərpasına nail olmaqdan daha asan olacaq.
Qəzet bu mövzunun yaxın günlərdə Vaşinqtona səfər edəcək Böyük Britaniyanın baş naziri Kir Starmer ilə NATO-nun baş katibi Mark Rütte arasında söhbət zamanı da qaldırıldığını vurğulayıb.
“The Times”ın qeyd etdiyi kimi, Pauell Zelenskiyə Rusiyanın sülhə maneə olduğu təəssüratı yaradaraq ABŞ-la danışıqlar aparmağı tövsiyə edib.
Martın 4-də Zelenski dənizdə atəşkəsin yaradılmasını, enerji obyektlərinə zərbələrin dayandırılmasını və əsir mübadiləsinin aparılmasını təklif edib. Sky News-un məlumatına görə, Zelenski bu təşəbbüsü açıqlamazdan əvvəl Starmerlə məsləhətləşib.
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ