Onlayn ictimai-siyasi qəzet
Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində “İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış” adlı strateji dəyirmi masa keçirilib.
Musavat.com xəbər verir ki, dəyirmi masada Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır: “Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir”.
Nazirin sözlərinə görə, qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır: “İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir”.
Nümayəndə heyətinin rəhbəri təəssüf hissi ilə qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə səhiyyə işçilərinin məlumatlılığı qənaətbəxş səviyyədə deyil: “Tədris proqramlarına “İqlim dəyişikliyi və səhiyyə” fənninin daxil edilməsi təklif olunur. Bundan əlavə, ÜST Akademiyası iqlim dəyişikliyi və sağlamlıq mövzusunda davamlı təhsilin təmin edilməsi üçün onlayn platformanın yaradılmasında əsas rol oynaya bilər”.
İctimai səhiyyə mütəxəssisləri tərəfindən iqlim dəyişikliyinin fiziki və psixiki sağlamlığa təsirinin icmalar arasında yayılmasının vacibliyi vurğulanıb.
Dəyirmi masada çıxış edən nazir səhiyyə sistemlərinin karbon dioksid emissiyalarına əhəmiyyətli dərəcədə töhfə verdiyini də qeyd edib: “Yeni iqlim problemlərini yumşaltmaq üçün səhiyyə sisteminin hərtərəfli transformasiyası tələb olunur. Bununla belə, normativlərə uyğunluq, maliyyə məhdudiyyətləri, mədəni müqavimət kimi bir sıra məsələlər “Yaşıl xəstəxanalar və sağlam şəhərlər” konsepsiyasının həyata keçirilməsində əsas problemlər kimi qalır”.
Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayan Teymur Musayev, cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə olunduğunu bildirib: “Azərbaycan neftlə zəngin ölkə olmasına baxmayaraq, hər zaman “yaşıl” gündəliyə sadiq olub. Cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi etməsi bunun əyani sübutudur”.
Öz çıxışında Teymur Musayev inkişaf etməkdə olan, xüsusən də az inkişaf edən və kiçik ada ölkələrinin maliyyə cəhətdən dəstəklənməsinin vacibliyini vurğulayıb: “İnanırıq ki, Qoşulmama Hərəkatına 4 illik sədrlik Azərbaycana körpü qurucusu rolunu oynamağa və Bakıda təşkil olunacaq COP29 Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması üçün həm inkişaf edən, həm də inkişaf etməkdə olan ölkələrin mövqelərini uyğunlaşdırmağa imkan verəcək”.
“Sonda dünya ictimaiyyətini iqlimin sağlamlığa xoşagəlməz təsirləri ilə üzləşməmək üçün tez və qətiyyətli hərəkət etməyə çağırıram”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ