İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tərtər işi”ndə zərərçəkənlərin yaxınları niyə narazıdır?

Hərbi ekspert: “Müdafiə Nazirliyinin rəhbərliyində olmuş şəxslərin məsuliyyətə cəlb olunması mütləqdir”

“Tərtər işi” ilə bağlı həbs olunan şəxslərin yaxınları Hərbi Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar məsələnin ədalətli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, həmin iş üzrə həbsdə olan hərbçilər günahsız ola-ola işgəncələrə məruz qalıblar. Onlar müttəhimlərin azadlığa buraxılmasını tələb ediblər. “6 aydır istintaq gedir, mənim oğlum günahsızdır, niyə hələ də həbsdədir”, deyə aksiya iştirakçılarından biri qeyd edib. Etirazçılar həmçinin hərbi prokuror Xanlar Vəliyevin istefasını tələb ediblər. Aksiya iştirakçıları bunun yenilənmiş istintaqın obyektiv aparılması üçün zəruri olduğu ilə izah ediblər.

“Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”. Bunu isə gununsesi.info-ya açıqlamasında hərbi prokuror Xanlar Vəliyev “Tərtər işi” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb: “Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var. Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb”.

Hərbi prokurorun “Mən olmasam, Allah bilir nələr olacaqdı” fikri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bununla hərbi prokuror nə demək istəyir? O olmasaydı, nələr baş verərdi? Xanlar Vəliyev kimə və ya kimlərə mane olub? Həmin şəxslər Azərbaycan ordusuna qarşı planladıqları, şərti olaraq “Tərtər işi” adlanan cinayətin sərhədləri nə qədər genişlənə bilərdi?

Digər tərəfdən Xanlar Vəliyev bu açıqlamanı verməklə, cinayətin onun üzərinə yönləndirilməsi mesajını vermiş olub. Yəni bu cinayəti törədənlər başqalarıdır, mənim üzərimə gəlməyin?!

Hərbi prokuror Xanlar Vəliyevin "Tərtər işi" açıqlaması niyə qəzəb yaradıb?  - BBC News Azərbaycanca

 Xanlar Vəliyev

Hərbi analitik, “M5 Müdafiə və Strategiya jurnalı”nın Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu “Yeni Müsavat”a deyib ki, “Tərtər işi”nin araşdırmasının uzun illər davam etməsi və çözülməməsi məyusedicidir: “Bu işdə bir çox ziddiyyətli məqamlar var. Bir çox hallarda yüksək vəzifəli şəxslərin sorğulanması gərəkdiyi halda, onların yerinə kiçik rütbəli çavuş və zabitlərin dindirilməsi, cavabdeh tutulması doğru yanaşma deyil. Tərtər işi” sadəcə Müdafiə Nazirliyindən başqa bir çox digər qurumlarda cavabdehdir. Bu iş ən ali səviyyədə detallı olaraq incələnməlidir və mütləqdir ki, baxılmaqdadır. İş üzrə sadəcə birlik və ya birləşmə komandirlərini cavabdeh tutmaqla, istintaqa cəlb etməklə sonuca varmaq mümkün olmayacaq. Çünki onlar sadəcə daha üst yuxarılardan verilmiş əmrləri icra ediblər. Amma bununla yanaşı, səlahiyyətləri aşma halları olubsa da bu bir daha hüquqi müstəvidə səbəblər araşdırılaraq qiymətləndirilməlidir. Nəticə etibarı ilə haqqı yeyilmiş, haqqı tapdanmış Azərbaycan vətəndaşları ortadadır və bu işlərə şərait yaradan kimlər olub araşdırılıb gərəkli addımlar atılmalıdır".

Hərbi ekspert deyib ki, hazırda bu işin Müdafiə Nazirliyi çərçivəsində araşdırılması aparılır: “Nəzərə almaq lazımdır ki, Müdafiə Nazirliyi sistemində qulluq edən hərbçilərin hər biri əmrə tabedir. Hər hansı birlik və ya birləşmə komandiri və daha aşağı rütbəli hərbi qulluqçular müəyyən fəaliyyətlər icra edirlərsə, deməli, belə bir əmr yuxarı komandanlıqdan verilib. Həmin əmr və təlimatları ən üst səviyyədə verənlərin əsas məqsəd və hədəfləri nə olub? İşgəncələrin, haqsızlıqların olduğu dövrdə bu məsələlərdən xəbərdar olan qurumlar zamanında nədən bu qanunsuzluqların qarşısını almayıblar? Nəticə etibarı ilə Azərbaycan vətəndaşları olan hərbi qulluqçuların təhqirlərə, işgəncələrə və haqsızlıqlara məruz qalmasına niyə laqeyd yanaşılıb? Bu, Azərbaycan dövlətinə və xalqına qarşı edilmiş ən ağır təhqirlərdəndir. Bu səbəblə işdə qəsdən və ya səhlənkarlıq ucbatından iştirak edənlər bir daha təkrarlanmaması üçün ən ağır şəkildə cəzalandırılmalıdır. Mənəvi və maddi olaraq zərər çəkmişlərə isə kompensasiya verilməlidir”.

Nəcməddin Sadıkovun tör-töküntüləri MN-də...” - ehtiyatda olan polkovnikdən  ŞOK AÇIQLAMA

Hərbi ekspert “sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovla bacısı oğlu Ramil Əsgərovu istintaq prosesinə cəlb etmədən ”Tərtər işi"nin araşdırılması nə dərəcədə doğrudur" sualına belə cavab verib: “Mütləqdir ki, Müdafiə Nazirliyinin rəhbərliyində olmuş şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Ən azından ”Tərtər işi"nin baş vermə səbəblərinin araşdırılması birbaşa onlardan soruşulmalıdır. Burada təkcə keçmiş baş qərargah rəisi və ya onun bacısı oğlu deyil, Müdafiə Nazirliyində bu işə cavabdeh olan digər vəzifəli şəxslərə də səlahiyyətləri çərçivəsində niyə tədbir görüb-görmədikləri sualı verilməlidir".

Xatırladaq ki, 2017-ci ilin yazında bir qrup hərbçi və mülki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinə qarşı təxribat hazırlamaq ittihamı ilə həbs edilib. Bu iş üzrə istintaq və məhkəmə prosesləri qapalı keçirilib. İstintaq zamanı 8 nəfərə ölüncəyədək işgəncə verilib, 5 nəfər ölümündən sonra bəraət alıb. Bu işgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara şərti olaraq “Tərtər işi” adı verilib. 2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən “Tərtər işi” üzrə istintaq yenidən başlayıb.  2022-ci ilin aprelinə kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb. Əsassız mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib. Bundan başqa 10 nəfər Azərbaycan Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaltma), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2. 3 və 128-ci  (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunaraq həbs edilib.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR