İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tərtər işi”ndə müharibə iştirakçısı olan polkovnik-leytenant son söz dedi - bu gün hökm oxunacaq

Dekabrın 28-də Bakı Hərbi Məhkəməsinin icraatında olan və Sumqayıt Məhkəmə Kompleksində keçirilən “Tərtər işi” üzrə məhkəmə proseslərindən biri də başa çatıb. Söhbət “Bəkir Orucovgilin işi” kimi tanınan məhkəmə prosesindən gedir.

Musavat.com xəbər verir ki, bu iş üzrə 5 nəfər - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin keçmiş rəisi, general-mayor Bəkir Orucov, Korpusun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov, Ülvi Rəşidov və snayper bölüyünün keçmiş komandiri, polkovnik-leytenant Ziya Kazımov mühakimə olunurdu.

bekir.jpg (32 KB)

Məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxslərdən biri Ziya Kazımov “son söz” çıxışı edib. (Ötən məhkəmə iclasında “son söz” demək növbəsi ona çatanda halı pisləşdiyi və təcili yardım briqadası çağırıldığı üçün məhkəmə təxirə salınmışdı). Ziya Kazımov özünü təqsirli bilməyib və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib. Sonra hakim heyəti müşavirə otağına yollanıb. Proses günortadan sonra davam etdiriləcək. Məhkəmənin hökmü elan ediləcəyi gözlənilir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurdular.

Beyləqan korpusundakı işgəncələr üzrə məhkəmə ötən aylar ərzində 62 zərərçəkmişi, 21 şahidi dindirib. Bəkir Orucov və digər təqsirləndirilən şəxslər mart ayından davam edən məhkəmə proseslərində təqsirsiz olduqlarını bildirirdilər.

Bəkir Orucov hələ ötən həftə “son söz” çıxışında 2-ci korpus komandiri Mais Bərxudarovu, müdafiə naziri Zakir Həsənovu, Müdafiə Nazirliyinin keçmiş qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırmışdı.

“İndi kimin adamı, pulu var, vəzifədədir. Bizi isə qurban seçiblər. Xainlər siyahısını kim tərtib eləyib nazirliyə göndərmişdi? O adamları ora yığdırıb işgəncə verdirən kim olmuşdu? Bərxudarov belə zəif idi ki, mən onu idarə edirdim? Korpus komandirinin xəbəri və icazəsi olmasaydı, təhqiqatçı gəlib nəinki kiməsə işgəncə vermək, heç içəri girə bilməzdi. Heç Rauf Kişiyev (Müdafiə Nazirliyinin Hüquq İdarəsinin o vaxtkı rəisi) gəlib orada kimisə həbs elətdirə bilməzdi”, - general ötən məhkəmə iclasındakı çıxışında deyib. O, məhkəməyə bildirib ki, baş verənlərdən narahatlığını Bərxudarova məruzə edib, ancaq bu, heç nəyi dəyişməyib.

General baş verənlərə görə müdafiə naziri Zakir Həsənovu da günahlandırıb:

“Müdafiə Nazirliyində 140 milyonluq yeyinti aşkarlanır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalardakı korrupsiya üzə çıxır, deyir, xəbərim yoxdur. Bu boyda Tərtər hadisələri baş verir, yenə deyir, xəbəri yoxdur. Bəs bu nazirin nədən xəbəri var”?

2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində “Tərtər hadisələri” ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb. Əslində bu işi “Beyləqan işi” adlandırmaq olar. Çünki proseslər təkcə Tərtərdə yox, Beyləqanda da baş verib. Beyləqandakı hərbi hissələrdən birində işgəncə yeri düzəldilib və hərbçilərə işgəncələr verilib. İşgəncələr nəticəsində bir hərbi qulluqçu Adil Sabirli dünyasını dəyişib. Beyləqan işgəncələri də “Tərtər işi” çərçivəsində araşdırılıb. Çünki 1-ci Ordu Korpusunda (Tərtər) və 2-ci Ordu Korpusunda (Beyləqan) baş vermiş hadisələr eyni vaxta təsadüf edir. Bu səbəbdən də hər iki Korpusdakı hadisələr “Tərtər işi” kodu altında birləşir. Bu işləri eyni istintaq qrupu ayrı-ayrı icraatlarda araşdırıb. Məhkəməyə də beş nəfərdən ibarət qrup şəklində göndərilib. “Tərtər işi” kodu altında Tərtər ərazisindəki hərbi hissələrdə və köhnə qərargah binalarındakı işgəncələrlə bağlı digər tutulanların da işləri ayrı-ayrı icraatlara bölünüb və daha üç qrupun işi məhkəməyə göndərilib. Bunlardan “Vüsal Ələsgərovgilin işi” üzrə qrupa (dörd hərbçi) artıq hökm oxunub. “Maşıyevgilin işi” və “Fuad Ağayevgilin işi” isə hələ davam edir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR