İnsanlara hürriyət, millətlərə istiqlal!

Ter-Petrosyan "qaranlıq planları" ifşa etdi: Paşinyan revanşistlərə qarşı qəddarlaşır

"Aravot" nəşrinin baş redaktoru Aram Abramyanın iddiasına görə, indi ermənilərin böyük əksəriyyəti hesab edir ki, "Qarabağ Azərbaycandır"; Paşinyan hakimiyyəti də daxil olmaqla, Ermənistan cəmiyyətinin mütləq əksəriyyəti "artsaxı" yeni savaşa yaxınlaşdıra biləcək problem hesab edir...

Ermənistan keçid dövrünü yaşayır. Ancaq erməni toplumu hansı tərəfə keçəcəyinə tam qərar verə bilməyib. Çünki seçim imkanları o qədər də geniş deyil. Yəni, erməni toplumu ya Paşinyan hakimiyyətinin sülh danışıqları siyasətini dəstəkləyəcək və sabitlik və əmin-amanlıq içərisində yaşamaq şansı qazanacaq. Ya da buna qarşı çıxıb, Paşinyan hakimiyyətini devirəcək və yenidən revanşistləri iqtidara gətirəcək. Və bu halda, keçmişə qayitmiş olacaq, üstəlik, Ermənistanın gələcək taleyini böyük risk altına atacaq.

Maraqlıdır ki, hazırda bu reallığı erməni toplumunda o qədər də çox adam anlamaq və qəbul etmək istəmir. Halbuki, bu barədə açıq şəkildə danışanlar da artıq kifayət qədərdir. Həm də onların sırası Paşinyan hakimiyyətinin təmsilçiləri ilə də məhdudlaşmır.

Məsələn, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan revanşistlərin Paşinyan hakimiyyətini devirmək cəhdlərini ölkə üçün böyük təhlükə hesab edir. Onun fikrincə, revanşist müxalifətin əsas məqsədinin nə olduğu aydın deyil. Və kompromisləri rədd etmək və status-kvonu saxlamaq siyasəti milli fəlakətə gətirib, çıxara bilər.

Maraqlıdır ki, keçmiş prezident Paşinyan hakimiyyətini 44 günlük savaşda biabırçı məğlubiyyətin əsas günahkarı hesab etmir. O, hesab edir ki, məğlub olan yalnız Paşinyan hakimiyyəti deyil, ümumilikdə Ermənistan dövlətidir: "Baş nazir Nikol Paşinyan sadəcə, Ermənistan adından kapitulyasiya aktını imzalayıb".

7ff049656426601f98065c04b0f658a6.jpg (177 KB)

L.Ter-Petrosyan əmindir ki, baş nazir Nikol Paşinyanın yerində başqaları da olsa, nə əvvəl, nə də indi heç dəyişə bilməz. Onun fikrincə, mövcud problemlər Ermənistan rəhbərinin şəxsiyyəti ilə birbaşa bağlı deyil. Və N.Paşinyanın yerində Robert Köçəryan, yaxud Serj Sarkisyan da olsa, Ermənistana diqtə edilən şərtləri qəbul etməli olacaq.

L.Ter-Petrosyan vurğulayıb ki, əgər, müxalifət liderləri bu reallığı anlamırlarsa, deməli, siyasəti başa düşmürlər: "Ancaq onlar bütün bunları anladıqları halda, ölkə daxilində gərginlik yaradırlarsa, deməli, bu adamların milli maraqlara heç bir aidiyyatı olmayan tamamilə fərqli məqsədləri var. Mən hələ də onların öz davranışları ilə ölkəyə hansı təhlükələri törədə biləcəklərini nəhayət, anlayacaqlarına ümid bəsləyirəm".

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti daxili etiraz dalğasına və Kremlin səhnəarxası təzyiqlərinə baxmayaraq, Azərbaycan ilə sülh sazişinin imzalanması üzrə prosesi davam etdirməyə meyilli görünür. Ancaq rəsmi İrəvanın daxili ictimai müqavimətdən Azərbaycanla danışıqlar prosesində faydalanmağa cəhd göstərdiyi də diqqətdən yayınmır. Hər halda, rəsmi İrəvan son vaxtlara qədər Azərbaycanın sülh sazişi üzrə irəli sürdüyü beş şərti qəbul etdiyini vurğulayırdı. Revanşistlərin aksiyalarından sonra isə rəsmi İrəvan alternativ şərtlər barədə danışmağa başlayıb.

Məsələ ondadır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq, 6 bəndlik təkliflər paketi hazırladıqlarını vurğulayıb. Onun fikrincə, indi bu iki təkliflər paketini birləşdirib, müzakirələrə başlamaq lazımdır: "Bu məsələdə həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən anlaşma var. Azərbaycanın şərtlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Sülh müqaviləsi ətrafında danışıqlara başlamaq lazımdır”.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

A.Qriqoryan növbəti dəfə vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Onun sözlərinə görə, "Dağlıq Qarabağ" Ermənistan üçün ərazi problemi deyil: "Bu məsələ bizim üçün Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı problemdir. Bu məsələnin həlli üçün müəyyən status və eyni zamanda beynəlxalq təminat da lazımdır".

Təbii ki, bu mövzunun yenidən gündəmə gətirilməsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesini ləngidə biləcək məsələdir. Çünki, rəsmi Bakının konkret mövqeyi mövcuddur. "Dağlıq Qarabağ problemi" artıq həll olunub. Heç bir "status" da olmayacaq. Yəni, bu məsələ Azərbaycanın daxili işidir və rəsmi Bakı bu mövzuda hər hansı müzakirəyə də ehtiyac duymur. Deməli, Azərbaycanın daxili işi olan bir   məsələ ilə bağlı beynəlxalq təminat barədə danışmaq da tamamilə yersizdir. Azərbaycanın bütün ərazisində vətəndaşların təhlükəsizliyinin və hüquqlarının təminatçısı Azərbaycan Konstitusiyası və rəsmi Bakının siyasi iradəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə danışarkən, rəsmi Bakının mövqeyini dəqiq və konkret ifadə edib: "Onlar bizim vətəndaşlarımızdır. Fikrincə, onlar Azərbaycanın vətəndaşı kimi yaşamaqla, çoxmillətli ölkəmizdə tam şəkildə müdafiə olunacaqlarını anlayacaqlar. Artıq bizə erməni sakinlərimizdən müsbət siqnallar gəlməyə də başlayıb".

Göründüyü kimi, rəsmi Bakı tam şəkildə təhlükəsizlik və bütün hüquqların təmin olunacağı ilə bağlı qarantiya verir. Rəsmi İrəvanın bu mövzunu yenidən Azərbaycan ilə müzakirələrin predmetinə çevirmək cəhdləri isə sülh prosesini uzada bilər. Halbuki, rəsmi Bakı Ermənistana bu prosesi uzatmaq şansı vermək niyyətində olmadığını da qətiyyən gizlətmir. Yəni, sülh sazişinin imzalanması istiqamətində itirilən hər gün Ermənistanı yeni savaşa daha da yaxınlaşdıra bilər.

11d91a7b869e5347bda3e2f09c2a9daf.jpg (39 KB)

Onu da qeyd etmək lazımdır ki, hazırda əslində, Paşinyan hakimiyyəti də daxil olmaqla, Ermənistan cəmiyyətinin mütləq əksəriyyətinə "artsax" artıq lazım deyil. İndi L.Ter-Petrosyanın "qaranlıq məqsədlər"də suçladığı revanşist erməni müxalifəti "artsax" mövzusunda şüarlar icad etməkdə israrlı davranır.

Buna əmin olmaq üçün "Aravot" nəşrinin baş redaktoru Aram Abramyanın yazdıqlarına diqqət etmək kifayətdir. Onun iddiasına görə, indi ermənilərin böyük əksəriyyəti hesab edir ki, "Qarabağ Azərbaycandır". Erməni baş redaktor öz dediklərinə sübut kimi sadə insanların revanşistlərin etiraz aksiyalarından narazılığını misal göstərib: "Dünən müxalifətin Paşinyan hakimiyyətinə qarşı aksiyasına etiraz edən bir çox erməniyə rast gəldim. Hətta bir qadının dedikləri məni heyrətə gətirdi. Qadın deyirdi ki, "Öz Qarabağınız ilə bizi artıq bezdirmisiniz. İrəvanın mərkəzində "Qarabağ" qışqırmaqla, rahatlıq vermirlər. Qoyun, rahat yaşayaq. Deyirlər, Qarabağ getsə, siz də türk olacaqsınız. Nə fərqi var, türk yaxud etmənin... Əsas odur ki, insan olasan, normal yaşayasan".

Aram Abramyan hesab edir ki, Ermənistan əhalisi arasında güclənən bu əhval-ruhiyyə Paşinyan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Bu siyasət erməni toplumunu öz tarixi hədəflərindən böyük sürətlə uzaqlaşdırır. Və tarixi hədəfi olmayan millətlərin gələcək taleyi də böyük təhlükə qarşısında qalır.

Təbii ki, erməni baş redaktor məsələyə revanşist mövqedən yanaşır. Onun erməni toplumuna ən böyük təhlükənin hansı istiqamətdən gəldiyini anlaması üçün ilk növbədə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın açıqlamaları daha diqqətlə oxuması vacibdir. Əks halda, reallıqlar qarşısında heyrətlənmək vərdişlərindən heç vaxt uzaqlaşa bilməyəcək. Halbuki keçmiş prezidentin son açıqlamasında dedikləri Ermənistan cəmiyyətində daha geniş yayıldığı üçün revanşistlərə qarşı qəddarlaşan Paşinyan hakimiyyətini devirməyə cəhd göstərən Kremlin planları da artıq tədricən iflasa uğramaqdadır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR