Onlayn ictimai-siyasi qəzet
Millət vəkili: “Fərdin şəxsiyyətə çevrilməsini təyin edən əsas faktor geniş sosial mühitdir”
“Milli mövcudluğu təyin edən ən mühüm komponentlərdən biri milli özünüdərk, milli mənlik, milli kimlik şüuru, eyni zamanda mənəviyyat və dildir. Bu komponentlərin məcmusu bir millətin mövcudluğunu şərtləndirən əsas amillərdən hesab olunur. Çünki bütün bu komponentlərin cəmi nəticə etibarilə milli yaddaşı təyin edir. Sosiologiya bunu milli identiklik kimi izah edir. Əlbəttə, digər mənəvi komponentlər - milli ədəbiyyat, milli musiqi, milli adət-ənənə, milli bayramlar və s. də var. Bütün bu komponentlər cəmiyyətin hər bir fərdi arasında ortaq bənzərliyi yaratmaqla öz millətinə mənsubiyyət hissini gücləndirir. Nəticədə bu birlikdən doğan siyasi institutlaşma prosesi baş verir, yəni dövlət yaranır. Buna görə də sadaladıqlarım strateji elementlərdir. Müxtəlif tarixi mərhələlərdə bəzən hər bir cəmiyyətdə milli identikliyin pozulması ilə bağlı həyəcan təbili çalınır. Bu da tarixi inkişafın müəyyən keçid mərhələlərində baş verir. Biz belə mərhələlərdən birini geridə qoyduq. İmtahanı layiqincə verə bildik”.
Hikmət Babaoğlu
Bu fikirləri “Yeni Müsavat”a millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili vurğulayıb ki, müstəqillik tariximizdən daha çox yaşı olan müharibə milli düşüncədə yorğunluq yaradırdı: “Azərbaycan xalqının qalib xalqa çevrilə bilməsinin səbəbini axtararkən Prezidentin səsləndirdiyi fikirlərə istinad etməliyik. Azərbaycan Prezidenti demişdi ki, bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu. Tarixi yaddaş əslində milli yaddaşın əsas komponentidir. Ən əsası biz özümüzün kim olduğumuzu yenidən dərk etdik. Bu baxımdan Azərbaycan xalqı mənəvi cəhətdən dünyanın ən güclü xalqlarından biridir. Çünki qalibiyyət də, məğlubiyyət də, milli kimlik də mənəvi müqavimətlə mümkündür. Əgər hər hansı yan təsirlərlə xalqın milli mənəviyyatı qırılma nöqtəsinə gəlirsə, əsl məğlubiyyət bu zaman baş verir. Sosioloq kimi baxdıqda Azərbaycan xalqının bu keyfiyyətini yüksək dəyərləndirirəm. İkincisi, əlbəttə, bu prosesdə milli vətənpərvərlik hislərinin tərbiyə olunmasıdır. Yenə də Prezidentin fikirlərinə istinad edərək xatırlatmaq olar ki, torpaqlarımızın işğaldan azad edilməsində məhz ən yeni nəsil mühüm rol oynadı. Vətənpərvərlik hisslərinin tərbiyə olunmasında Azərbaycanın bütün institutlarının dolğun, düzgün və strateji baxımdan fəaliyyət göstərdiyini qəbul etməliyik. Nəticə etibarilə fərdlər, vətənpərvərlik təkcə ailədə deyil, məhəlli sosial mühitdə tərbiyə olunur. Hər bir insan sosial varlıq kimi ata-anasından daha çox ətraf mühitin övladıdır. Fərdin şəxsiyyətə çevrilməsini təyin edən əsas faktor geniş sosial mühitdir. Ailə mühiti, genetik kodlar mühüm təsir göstərir, amma kütləvi sosial mühit bunu dəstəkləməsə, müxtəlif fəsadlar yarana bilər. Biz artıq yeni mərhələyə qədəm qoymaqdayıq. Əslində təkcə biz yox, əksər dünya xalqları. Bu, yeni informasiya cəmiyyətinin formalaşması ilə əlaqədardır. Çünki şəxsiyyətin formalaşmasında təkcə sosial mühit deyil, informasiya mühiti də ciddi təsir göstərir. Mən müəllifi olduğum monoqrafiyada şəxsiyyətin formalaşmasını təyin edən faktorlara yenisini əlavə etmişəm - infogen. Homo sapiensə qarşılıq olaraq mən yeni insan tipini homo informatikus kimi səciyyələndirmişəm. Bu kitabı mən 2014-cü ildə yazmışam. İddia etmişdim ki, növbəti mərhələdə homo hibritikus, yəni hibrid insan olacaq. Biz bu gün buna əyani surətdə şahidlik edirik. Artıq dünyada hibrid insanlar yaradırlar. İnsanların bədəninə xüsusi mikrocihazlar yerləşdirirlər, onun düşünmə qabiliyyətinə təsir edəcək sinir uclarını həmin cihazlarla əlaqələndirirlər. Bu isə milli kimlik üçün təhdid yaradır”.
H.Babaoğlu hesab edir ki, milli mövcudluğun immuniteti vətənpərvərlik, milli mənəviyyat və dil olmalıdır: “Bütün bunlar Azərbaycanda məqsədyönlü dövlət siyasəti olaraq təbliğ olunur. Azərbaycan cəmiyyəti bu prosesdə fəal iştirak edir. Azərbaycan Prezidenti andiçmə prosesində vurğuladı ki, bizim təhlükəsizliyimizi təhdid edən ideoloji risklər var. Düşünürəm ki, bu gün biz hamımız bu riskləri nəzərə almalıyıq. Azərbaycan cəmiyyətində məzhəb, sosial təbəqələr müstəvisində, universal dəyərlərə münasibətdə, insan hüquqları, azadlıq kimi məsələlərlə bağlı manipulyasiya etməklə təbəqələşmə yaratmağa çalışırlar. Azərbaycanda çox sayda cərəyan var. Ərəbistandan gələn məzhəb, İrandan gələn radikal məzhəbçilik Azərbaycan cəmiyyətinin bərabərliyini, həmrəyliyini təhdid edə bilər. Qərbdən gələn yalançı demokratiya xüsusilə gənclərin birliyi üçün risk yarada bilər. İnformasiya manipulyasiyası insanı idrak keyfiyyətlərindən məhrum edə bilər. Artıq fərdi onun əqli deyil, informasiya bazası yönləndirir. Bu isə çox təhlükəlidir. Buna görə də hesab edirəm ki, bu istiqamətdə işləməliyik”.
Millət vəkilinin fikrincə, Azərbaycan gəncləri gələcəyin peşələrinə diqqət yetirməlidirlər: “Bu gün gənclərin qarşısında duran ən mühüm vəzifələrdən biri, əlbəttə, peşə seçimi ilə bağlıdır. Lakin hansı peşəni seçməsindən, nə qədər yüksək keyfiyyətlərə malik olmasından asılı olmayaraq peşənin daşıyıcısı vətənpərvər deyilsə, nə peşəsinin, nə də nailiyyətlərinin heç bir əhəmiyyəti qalmır, çünki milli maraqlara xidmət etməyəcək. Buna görə də hesab edirəm ki, Azərbaycan gəncləri üçün trend gələcəyin peşələrinə sahiblənmək olmalıdır. 2050-ci ilə qədər bu gün mövcud olan peşələrin təxminən 50 faizindən çoxu artıq mövcud olmayacaq. Gələcəkdə milli inkişafımızı təmin etmək üçün bütün vətəndaş cəmiyyəti institutları, elmi institutlar prosesə qoşulmalı, əlindən gələni etməlidir”.
Yazını hazırladı: Nigar HƏSƏNLİ
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ